Banner

Daşlarla çiliklənən zaman, ürəyə bağlı saat, “yuxu qutusu”: Qatarla səfərin o biri üzü - REPORTAJ - FOTO

Yazarlar 12 İyun 2023 23:42 Oxunub 658
Daşlarla çiliklənən zaman, ürəyə bağlı saat, “yuxu qutusu”: Qatarla səfərin o biri üzü - REPORTAJ   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar dəmiryol xətlərində baş verən oğurluq hallarının sayı artıb. Bununla yanaşı, zaman-zaman gecikmələr də gündəmə gəlir. Belə ki, mətbuatda qatarın piyadanı, ya da maşını vurması ilə bağlı xəbərlərlə tez-tez rastlaşırıq. Bəs avtomobil yolundan kənar, öz xətti ilə hərəkət edən qatarlarla toqquşma hallarının başvermə səbəbi nədir? Qatar gecikir, yoxsa baş verən oğurluq, qəza hadisələri qatarı gecikdirir? Bəs əhali dəmiryol xətlərində təhlükəsizliyə riayət edirmi?

Oxu.az-ın əməkdaşları suallarına cavab tapmaq üçün bu dəfə “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmiryol Vağzalına üz tutublar.

Dəmiryol Vağzalı paytaxtın əsas giriş qapılarındandır. Vağzala daxil olanda ən son 14 il əvvəl köhnə bir qatarla rayonların birinə getdiyim yadıma düşür. Bakıdan axşamüstü çıxdıq ki, səhər saatlarına rayona çata bilək. İndi isə yeni, sürətli qatarlarla bu məsafə iki-üç dəfə qısadır. Vağzalın əsas binasının üzlüyü memarlıq üslubu saxlanılmaq şərti ilə yenidən qurulub, binada əsaslı təmir işləri aparılıb.

Vağzalın içində “sleep box” (“yuxu qutusu”)  və əşya saxlama yeri yerləşdirilib. Uzaq yola çıxanlar çox vaxt məhz Bakı Dəmiryol Vağzalında qatar gözləməli olurlar. Bu səbəbdən sərnişinlər üçün istirahət otağı təşkil edilib. Qatarın yola düşməsinə bir neçə saat qalıb və özünüzü yorğun hiss edirsinizsə, burada qala bilərsiniz.

“Yuxu qutusu”nda eyni vaxtda yalnız bir nəfər istirahət edə bilər. Bu müddət bir saatdan üç saatadəkdir.

Qiymətlər bir saat üçün 10 manat, iki və ya üç saat dincəlmək üçün isə 30 manat müəyyən olunub. Təbii ki, bu otaqda olanda ictimai qaydaları pozmaq, spirtli içki içmək və siqaret çəkmək qadağandır.

Qeyd edək ki, Azərbaycanın dəmir yollarında ilin ilk beş ayında sərnişindaşıma üzrə 57% artım müşahidə olunub. Belə ki, ilin əvvəlindən bu günə kimi qatarlarla 2,7 milyon sərnişin səfər edib. Səyahət edənlərdən 2,6 milyonu (+53%) - şəhərətrafı nəqliyyata, 114 mini (+317%) - ölkədaxili nəqliyyata üstünlük verib.

Dəmiryol xətlərinə dəyən ziyan və oğurluq hadisələri barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsinin rəisi Sənubər Nəzərova ilə söhbətləşirik. O bildirir ki, 2023-cü ilin beş ayı ərzində İnfrastruktur Departamenti sahələri üzrə 39 oğurluq hadisəsi baş verib:

“İşarəvermə və rabitə xidməti sahələri üzrə 23 oğurluq hadisəsi olub, 10 drossel transformatoru, 409 metr müxtəlif markalı kabellər oğurlanıb.

İşarəvermə və rabitə təsərrüfatında baş vermiş oğurluq halları, əsasən, işarəverici svetoforlarda uzun müddət qırmızı işığın yanması, qatarların hərəkət sürətinin 15 km/saata qədər endirilməsi və qatarların mənzilbaşına nəzərdə tutulmuş vaxtdan gec çatması ilə nəticələnir”.

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə məsafədən asılı olaraq, bir istiqamət üzrə sürətli qatarla gediş haqqı 40 qəpik-1 manat arası dəyişir. Bakı-Qəbələ standart sinif üzrə 14 AZN, Bakı-Gəncə-15 AZN, Bakı-Qazax -16 AZN və Bakı-Ağstafa 17 AZN təşkil edir.

Qatarla gediş haqqı barədə buradan tanış ola bilərsiniz. 

Sənubər Nəzərova qeyd edir ki, yol təsərrüfatında baş vermiş yeddi oğurluq halı, əsasən, işlək yolda relsləri bir-birinə bağlayan yanlıqların və boltların oğurlanması ilə bağlı olub:

“İşlək yoldan bu materialların oğurlanması qatarların relsdən çıxmasına, daşınan yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə səbəb olmaqla yanaşı, sərnişinlərin həyatı üçün böyük risk yaradır. Naqillər və troslar oğurlandığı zaman elektrik enerjisi qəfil kəsilə və qatarların hərəkəti dayana bilər”.

Burada maşinistlər iş növbəsində olan zaman həkimdən keçir, təlimat alırlar. Yanğından mühafizə və təhlükəsizlik təlimatlarını aldıqdan sonra maşinist qatarı təhvil alır. 18 ildir burada maşinist kimi fəaliyyət göstərən Asiman Mehdiyev deyir ki, Abşeron dairəvi dəmir yolunun hər iki tərəfində çəpərlənmiş mühafizə zolaqları salınıb:

“Yəni bura sırf mühafizə zolağıdır, kritik təhlükəli sahədir. İnsanların bu yerlərdən keçmələri qadağandır. Amma sakinlər buna məhəl qoymurlar. Bizim işdə əsas çətinliklərimiz baş verən qəzalarla bağlı olur. Qatarı idarə etmək məsuliyyətli işdir. Çünki sən əhalini mənzilbaşına salamat və təhlükəsiz çatdırmalısan”.

Öyrənirik ki, qəzalar ən çox Bakıxanov, Zabrat, Novxanı və Keşlədə daha çox olur. Dəmir yolunun kənarlarındakı mühafizə çəpərlərinin sakinlər tərəfindən sökülməsi və qatarların təhlükəsiz hərəkətinə maneə yaradılmasını əyani görmək üçün Keşlə qəsəbəsinə üz tuturuq. Biz oraya çatanda görürük ki, uşaqlar velosipedlə qatar yolundan keçirlər.

Təəssüf ki, valideynləri də bu mənzərəni izləyir, övladlarının qatar yoluna çıxmaması üçün heç nə etmirlər...

Maşinist deyir ki, dəmiryolunun sürət imkanları hazırda saatda 120-140 kilometr/saatdır:

“Əhali bunu nəzərə almalıdır. Stansiya xətlərinin müəyyən ərazilərində piyadalar üçün keçidlər var. İnsanlar təhlükəsizlik qaydalarına riayət etməli və məhz müəyyən edilmiş keçidlərdən keçməlidirlər. Amma vətəndaşlar yaxınlıqdakı çəpərləri aşırır və təhlükə olan əraziyə daxil olaraq yolu qısaltmaq xatirinə həyatlarını ciddi risk altında qoyurlar. Nəticədə qəza baş verir. Biz maşinistlər bacardığımız qədər qəzaların qarşısını almağa çalışırıq. Mən təhlükəli hadisələrlə çox qarşılaşmışam. Abşeron dairəvi dəmir yolu xətti üzrə gündəlik 26 minə yaxın sərnişin daşınır”.

“Bir dəfə Bakı-Sumqayıt istiqamətində saatda 135 km sürətlə hərəkət edərkən bir yaşlı adamın relslər arasında hərəkət etdiyini gördüm və təcili tormozlama etdim. Xoşbəxtlikdən, qəzadan qaçmaq mümkün oldu. Təsəvvür edin ki, qatarda 364 sərnişin səfər edir və istər-istəməz təcili tormozlama onlar üçün də təhlükəli anlar yaşada bilər.

Qatarda təcili tormozlama edilsə də, dayanma məsafəsi çox olur. Məsələn, qatarın sürəti 135 km/saat olduqda təcili tormozlanma aparılsa da, qatar tam dayanana kimi xeyli yol qət edir. Bu məsafə 350, 400, bəzən 600 metr olur. Əhali bilməlidir ki, maşinist təcili tormozlama aparsa belə, yaxın məsafədə qəza qaçılmazdır”, - deyə A.Mehdiyev bildirir.

Hər bir maşinist xüsusi qol saatı ilə təchiz olunub. Belə ki, bu saat nəbzlə tənzimlənir. Əgər maşinist yuxulayarsa, ya da səhhətində qəfil problem yaranarsa, avtomatik olaraq kabinədə sarı işıq yanır. Həmsöhbətim deyir ki, əgər maşinist kabinədəki düyməyə reaksiya verməzsə, 11 saniyə ərzində proses işə düşür və qatar təcili tormozlanmaya gedir.

A.Mehdiyev deyir ki, Bakı-Sumqayıt yolunda qatarlara tez-tez daş atılır:

“Ağstafaya gedib-gələrkən belə hallar ayda iki dəfə baş verirsə, Bakı-Sumqayıt yolunda bu, demək olar ki, hər gün olur”.

Mütəxəssislər xüsusi qeyd edirlər ki, “Ştadler” qatarlarının istismarı müddətində hər hansı texniki problem baş verməyib, qatarların gecikməsinin başlıca səbəbi isə infrastruktura vurulan ziyanla bağlı olub.

Yəni sürət qatarı ilə mənzilbaşına vaxtında və salamat çatmaq üçün əsas şərtlərdən biri hər kəsin təhlükəsizlik qaydalarına riayət etməsidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh