Radar cərimələri ləğv edilə bilərmi? – Radar olmasa qırğın baş verəcək
Milli Məclisin deputatı Tahir Kərimli radarlarla bağlı cərimələrin ləğv edilməsini təklif edib. T.Kərimli qeyd edib ki, qanunvericilikdəki bu cəzalar əhəmiyyətini itirib: “Telefonlara yüklənilə bilən müxtəlif proqramlar vasitəsilə sürücü yolun hansı hissəsində radarın olduğunu müəyyən edə bilir. Sürücü radarın harada olduğunu bildikdən sonra sürət həddini aşağı salır. Belə olan halda, qanunvericilikdəki həmin cəzaların nə əhəmiyyəti var ki?! Təklif edirəm ki, İnzibati Xətalar Məcəlləsindən həmin müddəalar çıxarılsın”.
Deputat bununla yanaşı qeyd edib ki, digər məsələlərlə bağlı cəzalar sərtləşdirilməlidir: “Siqnallara, dayan-durma qaydalarının pozulmasına, piyadaların yolda telefonla danışmasına görə isə cəzalar sərtləşdirilməlidir. Piyada bir dəfə 50 manat cərimə edilərsə, daha qaydanı pozmaz. Piyadalar telefonla danışa-danışa yolu keçirlər, baxmırlar ki, maşın gəlir...
Şəhərdə sürücülər yersiz siqnal verirlər, bunun qarşısını almaq lazımdır, cəzalar sərtləşdirilməlidir. Yaşayış binaların yaxınlığında tıxac olanda orada yaşayanlar yata bilmirlər”.
Maraqlıdır, radarlarla bağlı cərimələrin ləğv olunmasının nə kimi müsbət və mənfi tərəfləri ola bilər? Ekspertlər bu təklifi necə qiymətləndirir?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, yolda hərəkət edən zaman mövcud sürət həddini aşan avtomobil radara düşür: “İnzibati Xətalar Məcəlləsində bu cəzaların əhəmiyyətini itirdiyimi düşünmürəm. Çünki il ərzində Dövlət Yol Polisinin (DYP) verdiyi statistik rəqəmlərə nəzər salsaq görərik ki, yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistikada qayda pozan sürücülərin təxminən yarısı məhz sürət həddini aşanlarla bağlıdır. Bu onu göstərir ki, hətta radarların olduğu belə bir şəraitdə bu gün yenə də sürət həddini aşan və aşmağa meylli olan on minlərlə sürücümüz var”.
Ekspertin sözlərinə görə, profilaktik nöqteyi-nəzərdən çıxış etdikdə, bu addıma getmək lazım deyil: “Radarlarla bağlı olan cərimələr o deməkdir ki, şəxs müəyyən olunmuş sürət həddini aşıb, radara düşüb və buna görə də ona cərimə yazılıb. Yəni həmin sürücü davranışına fikir verməyərək müəyyən olunmuş qaydaları pozub, bununla da inzibati xəta törədib. Sürət həddini aşmaq yollarda təhlükəli hərəkət davranışını sərgiləmək deməkdir. Ona görə də bu kimi hərəkətlərə yol vermiş şəxs inzibati məsuliyyət daşımalı və kəsilmiş cəriməni ödəməlidir ki, gələcəkdə bu kimi davranışlara yol verməsin. Və nəticədə öz hərəkəti ilə yollarda müəyyən təhlükəli anların yaşanmasına gətirib çıxaracaq qəza şəraitinə səbəb olmasın və profilaktik nöqteyi-nəzərdən inzibati məsuliyyəti daşısın və cəriməni ödəsin”.
A.Allahverənov bildirdi ki, radarlarla bağlı proqramlar sürücülərin əksəriyyətinin telefonunda var: “Radarlarla bağlı cərimələr götürülsə, o zaman belə bir sual ortaya çıxacaq, radar olmadığı təqdirdə mobil cihazlardakı tətbiqlər sürücü sürəti aşdığı halda hər hansı bir formada sürəti aşmasının qarşısını alacaqmı? Təbii ki yox. Yəni, bu sistemin təyinatı tamamilə fərqlidir, radarlardan yayınmaq üçündür. Amma o demək deyil ki, radarlar olmasın. Sürücü sürət həddini aşırsa ona radar olduğunu göstərib xəbərdarlıq edir, bu nöqteyi-nəzərdən lazımlıdır. Çünki bəzən sürücü bilməyərəkdən sürət həddini aşa bilər. Əgər bu proqramı yükləyib, radar olmadığı halda sürəti artırıb, radar olan zaman isə sürəti aşağı salırsa düzgün deyil”.
Ekspert düşünür ki, daha çox sırf profilaktik tədbirlərin görülməsi baxımından, eyni zamanda bu kimi məsələlərdə maarifləndirmə işləri həyata keçirmək lazımdır: “Və konkret şəkildə bizim sürücülərə şüuraltı olaraq primitiv addım kimi sürət həddini aşmaması təlqin olunmalıdır, nəinki inzibati xətalar məcəlləsindən hansısa cəzanın çıxarılması, yaxud hər hansı cihazın ləğv olunması”.
Təklifin mahiyyətcə o qədər də pis olmadığını nəzərə çatdıran nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, radarın yerini bilirik, ona görə “cərimə lazım deyil” yanaşması isə doğru deyil: “Bizdə onsuz da anti-radar qurğusuna icazə yoxdur. Sadəcə olaraq proqram radarın yeri barədə müəyyən siqnal verir. Bunun özü də sürücü üçün bir məlumatdır. Belə ki, sürücü yol hərəkəti qaydalarını pozmur, sürət həddini aşağı salır, radara çatana qədər bu qaydalara əməl edir. Bu özü də bir növ təbliğat və sürücüyə təsir vasitəsidir. Bir sürücü ki, radar-deterktorun siqnallari ilə hərəkət edir, harada radar varsa sürəti aşağı salır, sonra artırır, belə sürücünün məsuliyyətə cəlb olunması, qəzaya düşməsi, yaralanması onun üçün əhəmiyyətli deyil. Elə sürücülərin cəmiyyətə çıxmaması daha faydalıdır. Bir adam ki, ölümlə çilingağac oynayır, gec-tez onun başına bir iş gələcək. Ona görə də qanundan bunu çıxarmaq olmaz. Əgər bunu çıxarsaq gərək yollardan hər gün meyit daşıyaq”.
E.Muradlı deyir ki, bu gün o radarların qorxusundan sürücülər özlərini bir az yığışdırır: “Dünyanın müxtəlif ölkələrində radarların yerini gündəlik, yaxud həftəlik dəyişirlər. Bu, əsasən mobil radarlar olur və yeri dəyişdirilir, çünki sürücülər adət edir, radara çatanda sürəti aşağı salır, sonra yenə sürəti qaldıraraq yola davam edirlər. Bizdə də belə sürücülər var; radarların yerini əzbərləyirlər. Xüsusən də şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olanlar, mikroavtobus sürücüləri daha yaxşı əzbər bilirlər. Respublika əhəmiyyətli yollarda baş verən yol-nəqliyyat hadisələrində xəsarət alanların, ölənlərin soyadlarına baxanda görürük ki, bir maşında yaralanan şəxslərin hərəsi bir soyaddadır. Çünki bunlar müştərilərdir. Belə maşınlar bir saata İsmayıllıya, Qubaya çatırlar, yəni bu dərəcədə sürətlə hərəkət edirlər və baş verən kiçik bir səhv onları qəzaya salır, uçuruma aparır. Radarlar olmasa, yaxud radara düşməyə görə cərimələr ləğv edilsə, təsəvvür edin yollarda nə baş verər. Qabaqda yol polisi görəndə faraları yandırıb-söndürərək bir-birinə xəbər verirlər. Yol polisinə hansısa sürücü barəsində xəbər verənə “işverən” deyirlər. Bu cür çürük düşüncəyə və psixikaya malik insanların əhatəsində yaşayırıqsa, hansı cəriməni ləğv etmək olar: Tamamilə absurd bir fikirdir”.
Yol-nəqliyyat hadisələrinin baş verməsinə görə üçüncü yeri sürət həddinin aşılmasının tutduğunu xatırladan ekspert deyir ki, deputat Tahir Kərimli bir gün yollarda sürücülərin özləri ilə də söhbət etsə, yaxud Dövlət Yol Polisinə sorğu verib bu statistika ilə maraqlansa belə bir çıxış etməzdi: “Təəssüflər olsun ki, bəzi millət vəkilləri ancaq özlərini düşünür. Biri çıxır deyir ki, bizə xüsusi nömrə versin, yol polisi bizi saxlamasın, biri deyir, cərimələrimizi silsin. Qanunu qəbul edənlər də onlardır, daha sonra imtiyaz davası edən də. Bu təklif də mənə elə gəlir ki, imtiyaz düşüncəsinə bənzəyir”.
E.Muradlı həmçinin deputat Tahir Kərimlinin digər məsələlərlə bağlı səsləndirdiyi fikirləri dəstəklədiyini bildirdi: “Harada gəldi yerli-yersiz siqnallardan istifadə edən, dayanma-durma qaydasını pozan sürücülərə qarşı qaydalar sərtləşdirilməlidir. Əgər yolda sükan arxasında hərəkət edən zaman mobil telefondan istifadə edən sürücü cəzalandırılırsa, elə yolu telefonla danışa-danışa, yaxud qulaqcıq taxıb keçən piyadalar da cəzalandırılsın. Bu cür cərimələrin artırılması ilə razıyam. Deyək ki, sürücü maşınını birinci cərgədə saxlayıb, yaxud nişanın tələbini pozub, amma heç kimə mane olmur, 20 manat cərimə həmin sürücü üçün normaldır. Amma ikinci-üçüncü cərgədə dayananlar, piyada səkisini zəbt edənlər, piyada keçidinin üstündə dayananlar, səkiyə maşın dırmaşdırıb əcaib formada saxlayanlara qarşı cəzalar sərtləşdirilməlidir. Hətta birtərəfli hərəkət istiqamətində cəmi bir zolaq olur, orada dayanıb adamı hövsələdən çıxaran sürücülər də var. Soruşanda isə adam gözlədiyini deyir, yaxud müxtəlif bəhanələr səsləndirir. Bu cür sürücülərə qarşı cərimələr artırılmalıdır, bunun tərəfdarıyam. Amma radarlarla bağlı cərimələrin ləğv olunması bizim cəmiyyət üçün real deyil. Təsəvvür edin ki, Rusiyada, Türkiyədə dronlar vasitəsilə sürücüləri cərimə edirlər. Dron qaldırırlar, müəyyən məntəqədə yol patrul xidmətinin əməkdaşları dayanır, 1-2 kilometr qabağı müşahidə edir. Yol hərəkəti qaydalarının pozulmasını müəyyən edirlər, hətta o dronlar sürət həddini ölçür. Dünyanın bəzi ölkələrində texnologiyanın müxtəlif vasitələrindən istifadə edirlər”.
Könül Oruc