Terror kimi yol qəzaları - insan faktoru, yoxsa...
1 həftə əvvəl Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verən, 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının ardından Ələt yolunda daha bir oxşar qəza baş verib. İlkin məlumatlara görə, sərnişinlə dolu mikroavtobus sürücüsünün ürək tutması nəticəsində idarəetməni itirib. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 1 nəfər sərnişinin öldüyü, bir neçəsinin xəsarət alması haqda xəbərlər var.
Bu tip qəzaların əksəriyyətinin səbəbi sürət həddinin aşılması və sürücülərin sükan arxasında yatması üzündən baş verir. Bir çox ölkələrə sərnişin daşıyan mikroavtobus və avtobuslara isə yolda müəyyən edilən sürət limiti 110-120 olsa da, onlara yalnız 80-90-la sürmək icazəsi verilir. Əks halda, radara düşür və yüksək məbləğdə cərimələnirlər. Ekspertlər bu qaydanın Azərbaycanda da tətbiqini vacib sayır.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Ekspert, avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyir ki, belə halların qarşısının alınması üçün illərdir inkişaf etmiş ölkələrdə taxoqraflardan istifadə edilir. Azərbaycanda da taxoqrafların ölkədaxili marşrut avtobuslarında tətbiqi “Yol hərəkəti haqqında” Qanuna edilən son dəyişikliklərdə nəzərdə tutulub: “Dəyişikliklərə görə, sərnişindaşıma ilə məşğul olan bütün növ avtobuslarda və yük maşınlarında taxoqrafların quraşdırılması nəzərdə tutulurdu. Taxoqrafların quraşdırılmasının məqsədi belə hadisələrin qarşısının alınması, sürət həddinin aşılması və s. məsələlərə nəzarət mexanizmini təmin etməkdir. Nəqliyyat vasitəsi nə vaxt işə salındı, neçə kilometr yürüş etdi, sürücü sükan arxasında neçə saat olub və s. qeydiyyatını aparır. Əgər nəqliyyat vasitəsi sürət həddini aşırsa, bu da qeydə alınır. Bakıda illərdir fəaliyyət göstərən ”Rent a car" şirkətləri taxoqraflardan istifadə edirlər. Vətəndaş şirkətdən avtomobili kirayəyə götürür. Həmin avtomobilin harada olduğu, saatda neçə kilometr və hansı sürətlə hərəkət etdiyi şirkətin dispetçerləri tərəfindən izlənilir. Sürücü sürət həddini aşırsa, ona zəng vurub xəbərdarlıq edirlər. Hətta sürücü xəbərdarlığa məhəl qoymasa, dispetçer nəqliyyat vasitəsinin mühərrikini öz kompüterindən söndürmək imkanına malikdir. Əvvəllər beynəlxalq sərnişin və yükdaşıma ilə məşğul olan şirkətlərə taxoqrafdan istifadə etmək qanunla tələb olunurdu. Taxoqrafsız nəqliyyat vasitələri beynəlxalq daşımalara buraxılmırdı. Son vaxtlar sərnişin avtobuslarının iştirakı ilə baş verən dəhşətli sonluqlu yol-nəqliyyat hadisələri qanunvericiliyin dəyişilməsinə səbəb oldu".
Ekspertin sözlərinə görə, “Yol hərəkəti haqqında” Qanuna görə, taxoqrafların ölkədaxili sərnişin və yükdaşıma ilə məşğul olan şirkətlərin nəqliyyat vasitələrində quraşdırılması məcburidir: “Sürücülər bu cihazı almaqda maraqlı deyillər. Pulsuzluqdan şikayət edirlər. Halbuki bir çoxunun belə cihazları almaq imkanı var. Qanuna dəyişiklik oldu, amma rayonlararası, uzaq səfərlərə çıxan avtobuslara hələ də taxoqraf quraşdırılmayıb. Quraşdırılan taxoqraflar isə hansısa aksesuar kimi avtobuslarda yer tutur, işlək vəziyyətdə deyil. Qanun yeni qəbul olunub, görünür, lazımi səviyyədə icrası bir müddət vaxt aparacaq. Qanuna görə, sükan arxasına keçən şəxs maksimum 4 saat nəqliyyatı idarə edə bilər. 4 saatın tamamında nəqliyyat vasitəsinin hərəkəti dayandırılmalı, sürücü əvəzlənməlidir. Əks halda, nəqliyyatın hərəkəti yolverilməzdir. Amma bu gün sürücülər var ki, az qala, 24 saat çalışırlar. Belə sürücülərin qəza törətməsi də təbiidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi taxoqrafların quraşdırılmasına nəzarət etməlidir. Sərnişindaşıma ilə məşğul olan şirkətlər qanunun tələbini yerinə yetirmək üçün hərəkətə keçməlidirlər. Ələt yolunda qəzaya düşən mikroavtobusun sürücüsünün danışıqlarından aydın olur ki, adam yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməyi hobbiyə çevirib. Belə hallar yolverilməzdir. Azərbaycanda sərnişin daşıyan avtobusların icazə verilən maksimal sürət həddi 90 kilometr saatdır. Mikroavtobuslarla bağlı isə belə bir tələb yoxdur. Ona görə də sürücülər az qala 150-160-la mikroavtobus idarə edirlər. Uzaq yola çıxan sürücülər tez bir zamanda mənzil başına çatmaq üçün sürət həddini aşırlar və nəticədə Ələt yolunda baş verən dəhşətli qəza kimi olaylar meydana çıxır. Qanunlar qəbul olunur, amma icra mexanizmi illərlə işlənməmiş qalır. Qanuna dəyişikliklər ediləndə icrası ilə bağlı da qeydlər olur. Qanuna dəyişiklik ediləndə icra mexanizminin işlənib hazırlanması üçün 3 ay müddət nəzərdə tutulub. Həmin müddət çoxdan ötüb. Müvafiq dövlət qurumları işlərinə səhlənkar yanaşırlar. Düşünürlər ki, taxoqrafların tətbiqi ilə bağlı daşımaçı şirkətlərin üstünə düşəcəklər, şirkət gedib alacaq, quraşdıracaq. Buna kim nəzarət edəcək kimi suallar da ortaya çıxacaq. Ona görə də qanunu qəbul etməzdən əvvəl icra mexanizmi də düşünülüb işlənməlidir”.
Elməddin Muradlı deyir ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməzdən bir neçə il öncə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb: “Mərkəzi yaratdılar, amma nəqliyyatı intellektual idarə edə bilmədilər. İndi-indi bu problemin aradan qaldırılması üçün addımlar atılır. Mərkəz nəqliyyatın intellektlə idarə edilməsinə cəhdlər edir. Ziya Məmmədov dövlətin milyonlarını bu mərkəzin yaradılması üçün xərclədi, amma ortaya yollarda əlavə kameralar və ekranlardan başqa bir şey çıxara bilmədilər. Lazım olan anda düyməni basıb nəqliyyatı intellektlə idarə edə bilmirlər. Azərbaycan kosmosa peykini çıxarıb. Ölkəmizdə GPS sistemi daha mükəmməl və işlək olmalıdır. Qanunlara dəyişikliklər texnologiyaların tətbiqini nəzərdə tutduqda bu məsələyə bir qədər ləng, həvəssiz yanaşırlar. Qeyri-ciddi münasibət son nəticədə qəzaların qarşısının alınmasında problemlərin həll olunmamasına gətirib çıxarır. Qanuna dəyişikliklər vaxtında edilir, amma icrası təmin edilmir ki, insanlar qəzalarda dünyalarını dəyişməsinlər. Məsələn, şəhərlərarası və rayonlararası marşrutlarda hərəkətdə olan avtobusda taxoqraf quraşdırılsa və sürücünün sükan arxasında neçə saat keçirməsi, avtobusu neçə kilometr saatla hərəkət etdirməsini real onlayn rejimdə izləmək olar. Əlbəttə ki, bunun üçün ilk növbədə yeni texnologiyaların tətbiqinin süngü ilə qarşılanmasını kənara qoymaq vacib şərtdir”.
Taxoqraf nədir?
Taxoqraf - avtomatik rejimdə nəqliyyat vasitəsinin sürətinin, yürüşünün və hərəkət vaxtının ölçülməsi, qeyd edilməsi və göstərilməsi üçün lazım olan texniki bort qurğusudur. Taxoqraf həmçinin sürücünün əməyə və ya istirahətə sərf etdiyi vaxtın təsbit edilməsi üçün nəzərdə tutulub. O, demək olar ki, avtomobilin, qeydiyyat proseslərinin avtomatlaşdırılması zamanı yardımçı olan, müxtəlif məlumatları yaddaşda saxlayan və ötürən “qara qutudur”.
“Beynəlxalq avtomobil daşımaları həyata keçirən nəqliyyat vasitələri ekipajının işinə aid Avropa razılaşmasının” 3821/85 saylı direktivində deyilir:
- Taxoqraf - NVAR-nın NVAR razılaşmasının NVAR sənədlərində razılaşdırılmış parametrlərinin daimi, müstəqil və obyektiv, NVAR razılaşmasının tələblərinin pozulmasına görə cəzadan yayınmağın qarşısının alınmasını və NVAR razılaşmasında iştirak edən bütün tərəflərin bərabər hüquqlara sahib olmasını təmin edəcək şəkildə həyata keçirilməsi üzrə tələblərinin yerinə yetirilməsini təmin edən nəzarət qurğusudur. Taxoqraf anlayışında təyinedici amil nəzarət prinsipləridir: daimi, müstəqil, obyektiv və cəzadan yayınmağın qarşısını alan. Böyük əhəmiyyət kəsb edən prinsiplə məhz son iki prinsipdir - obyektivlik və cəzadan yayınmağın qarşısının alınması. Taxoqraflar beynəlxalq daşımalarda istifadə olunduqları və müxtəlif ölkələrin ərazisində nəzarətdən keçirildikləri, istismarı isə müxtəlif milliyyətdən olan sürücülər tərəfindən həyata keçirildiyi üçün cihazın ünsiyyət interfeysi milli interfeys deyil - yəni taxoqrafda bu və ya digər dövlətin dili deyil, piktoqramlar istifadə olunur. Piktoqram - iş, hadisə və komanda rejimlərinin, istifadəçiyə bu cihazda bundan öncə quraşdırılmış ünsiyyət dilini bilmədən də, cihazı idarə etməyə imkan verən qrafik təsvirləridir.