Avtomobil sığortasında yenik: Yaşıl Kart Sistemi

Yeniliklər 28 Noyabr 2014 17:32 Oxunub 3454
Avtomobil sığortasında yenik: Yaşıl Kart Sistemi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərhədi keçərkən sığorta almağa ehtiyac qalmayacaq

Milli Məclisin bugünkü iclasında “İcbari sığortalar haqqında” Qanuna maraqlı dəyişikliklər edilib. Dəyişikliklər sığorta sahəsində yeniliklə bağlıdır. Belə ki, qanunda avtomobillə xaricə gedən sürücülərimizin sığortalanması, xaricdə hər hansı qəza törədərsə, və ya ölüm halı baş verərsə, kompensasiya ödənişi əksini tapır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycandan xaricə gedən sürücülərin sayı artdığı üçün bu qanunun qəbulu vacibdir. Komitə sədri deyib ki, qanun həm də xaricdən Azərbaycana maşınla gələnlərə şamil olunur: «Yeni qanunda avtomobillə xaricdə qəzaya düşənlərin sığortalanması və kompensasiya ödənilməsi də nəzərdə tutulur».

Hüquqşünas Ərşad Hüseynov həmin yeniliklərin mahiyyətini Avtosfer.az saytı üçün belə şərh edib: «Həmin dəyişikliklər daha çox avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlıdır. Bügünkü dəyişikliklər başlıca olaraq ölkəmizdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında Yaşıl Kart Sisteminin  tətbiqinə yönəlib.

Yaşıl Kart Sistemi Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının (BMT AİK) Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən beynəlxalq avtonəqliyyat vasitələri sığortası sistemidir. Yaşıl Kart BMT AİK və avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyası, eyni zamanda Yaşıl Kart Sisteminin idarəedici təşkilatı olan Bürolar Şurası tərəfindən qəbul edilmiş formada bağlanan, Bürolar Şurasının üzvü olan istənilən ölkədə aid olduğu avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari sığortasının mövcudluğunu təsdiq edən beynəlxalq sığorta müqaviləsidir. 

Yaşıl Kart Sisteminin tətbiqindən sonra ölkəmizdə avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortasının yeni bir növü meydana çıxmış olacaq. Yeni dəyişikliklərdə Azərbaycan Yaşıl Kartı adlanan bu icbari sığorta müqaviləsi beynəlxalq icbari sığorta müqaviləsidir.

Dəyişikliklər qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasında dövlət qeydiyyatında olan bütün nəqliyyat vasitələri müvəqqəti olaraq Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkə ərazisinə aparılarkən onun sahibinin  mülki məsuliyyəti mütləq Yaşıl Kart Sistemi üzrə sığortalanmış (Azərbaycan Yaşıl Kartını əldə etmiş) olmalıdırlar. Bu, xaricə öz avtomobili ilə gedənlərin işini xeyli sadələşdirəcək, çünki onlar Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkəyə gedərkən indiki kimi sərhədi keçərkən sığorta almalı olmayacaqlar.

Yaşıl Kart Sisteminin tətbiqi bu sistemin tətbiq olunduğu ölkələrdən Azərbaycana gələnlərin də işini asanlaşdıracaq, çünki onlar da öz ölkələrinin Yaşıl Kartı ilə burada hərəkət edə biləcəklər.

Azərbaycan Yaşıl Kartı bir, üç, altı və ya on iki ay müddətinə bağlanacaq. Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqları (yəni Yaşıl Kartın qiyməti ) sığorta nəzarəti orqanı (yəni Maliyyə Nazirliyi) tərəfindən müəyyən ediləcək.

Yenikiklərdən biri odur ki, bu qanun qüvvəyə minəndən sonra sığortaçı (yəni sığorta şirkəti) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərməsi üçün Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilməlidir. Yalnız İcbari Sığorta Bürosunun iştirakçısı olan sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərməsinə yol veriləcək. İcbari Sığorta Bürosu Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrini aparacaq.

Azərbaycan Respublikasında Yaşıl Kart Sistemi üzrə əlaqələndirici ixtisaslaşdırılmış təşkilat kimi Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını İcbari Sığorta Bürosu həyata keçirəcək».

Bu gün müzakirə edilərək qəbul olunmuş layihədə bu yeni sığorta növünə aid başqa məsələlər də tənzimlənir.

Qeyd edək ki, Yaşıl Kart Sisteminin tətbiqinə dair müddəaların 2016-cı il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. 

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh