Azərbaycanda Günəş enerjisi ilə işləyən yol nişanları olacaq - FOTOSESSİYA

Yeniliklər 23 May 2014 00:56 Oxunub 3931
Azərbaycanda Günəş enerjisi ilə işləyən yol nişanları olacaq - FOTOSESSİYA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nişan problemi olmayan bir dənə də yolumuz və küçəmiz yoxdur

Kütləvi informasiya vasitələrində məlumat yayılıb ki, ölkəmizdə Günəş enerjisi ilə işləyən yol nişanları qoyulacaq. İlk baxışdan müasir, kreativ və gözəl ideyadır. Amma xeyli suallar da çıxır. Günəş enerjisi ilə işləyən yol nişanı o deməkdir ki, həmin nişan Günəş enerjisini elektrik enerjisinə çevirən panellərlə təchiz olunub və bunun hesabına gündüz vaxtı həmin nişanın batareyalarına yığılan enerji qaranlıq vaxtı bu nişanı içəridən işıqlandırır. Dünyanın bəzi dövlətlərində belə nişanlardan istifadə olunur. Özü də belə nişanları daha çox piyada keçidlərində, velosiped yollarının avtomobil yolları ilə kəsişmələrində tətbiq edirlər. Məsələ burasındadır ki, yalnız sürücülər üçün nəzərdə tutulan nişanların ənənəvi qaydada olması heç bir problem yaratmır. Çünki həmin ənənəvi nişanlar işıqqaytarıcı səthə malik olduğundan işıq mənbəyindən, o cümlədən avtomobilin farasından azacıq da olsa işıq düşdükdə zəruri məsafədən aydınca görünür. Piyada keçidlərində və velosiped yollarının kəsişmələrində isə işıqlanan nişanlar daha faydalıdır. Çünki onu özündə hər hansı işıq mənbəyi olmayan piyadalar və velosipedçilər də yaxşı görə bilirlər. Digər tərəfdən, normal və təhlükəsiz hərəkət şəraiti yaradılması üçün piyada keçidi və velosiped yollarının kəsişmələri qaranlıq vaxtı mütləq işıqlandırılmalıdır. Ona görə də məhz piyada keçidlərinə və velosiped yolları ilə kəsişmələrə Günəş enerjisi ilə işləyən nişanların qoyulmasını təqdirəlayiq saymaq olar. 

Ölkəmizdə indiki vəziyyətdə Günəş enerjisi ilə işləyən nişanların qoyulmasını məqbul saymaq çətindir. Bu ideya o halda gözəl olardı ki, yollarımız hazırkı texniki və maddi imkanlara uyğun bütün nişanlarla təmin edilmiş olaydı. Əslində isə belə deyil. İnanmıram ki, kimsə ölkəmizdə nişanlarla bağlı problem olmadığını desin. Mən isə tam əminliklə deyirəm ki, nişan problemi olmayan bir dənə də yolumuz və küçəmiz yoxdur. Hətta ehtimallarla ölkəmizdə çatışmayan nişanların sayı onminlərlədir.

Xırda bir araşdırma apardım. Məlum oldu ki, Günəş enerjisi ilə işləyən yol nişanlarının bir komplektinin qiyməti ən azı 1000 manatdır. Adi nişanı isə ən yüksək keyfiyyətlə sadə bir sexdə də istehsal etmək mümkündür və bu halda onun qiyməti 50 manatı aşmaz. Özü də yol hərəkəti təhlükəsizliyi üçün Günəş enerjisi ilə işləyən yol nişanının adi nişandan heç bir üstünlüyü yoxdur. Hətta bəzi məqamlarda adi nişan daha etibarlıdır, çünki Günəş enerjisi ilə işləyən yol nişanları istismar vaxtı müxtəlif səbəblərdən "işləməyə" bilər. Nəticədə belə bahalı nişan görünməz ola bilər və ya pis görünə bilər. Bu isə potensial olaraq çox ciddi təhlükədir.

Digər tərəfdən, günəş enerjisi ilə işləyən yol nişanlarının istismarı da külli miqdarda xərcə başa gələcək. Adi nişanların istismar xərci isə yox dərəcəsindədir və sadəcə olaraq bu nişanların hərdən təmizlənməsindən, yaxud müxtəlif səbəblərdən sıradan çıxmış nişanların yenilənməsindən ibarətdir. 

Ümumiyyətlə isə ölkəmizdə nişanlarla bağlı bu qədər problemin olduğu bir halda belə bahalı nişanların gətirilməsi başa düşülən deyil... Arqumentləri artırmaq da olar. Amma əsas odur ki, xalqımızın və dövlətimizin pulu heyifdir. Gəlin əvvəlcə bütün nişanları, yollardakı nişanlanma xətlərini qaydasına salaq. Bundan sonra görsək ki, pulumuz həddən artıq çoxdur və onu xərcləməyə başqa yer tapmırıq, onda indikilərdən ən azı 20 dəfə baha olan nişanların gətirilməsinə başlamaq olar.

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh