Sürət həddini aşmağa görə cərimə azaldıldı - YENİLİK
Mayın 2-də Milli Məclisdə «Yol hərəkəti haqqında» qanuna və İnzibati Xətalar Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edilib. Avtosfer.az saytı həmin yeniliklər barədə sürücüləri məlumatdırır. Yeniliklərdən biri sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlıdır. Belə ki, əvvəllər il ərzində törətdiyi inzibati xətalara görə 12 və daha artıq cərimə balı toplayan fiziki şəxsin sürücülük hüquqi 1 il müddətinə məhdudlaşdırılırdı. Parlamentin qəbul etdiyi yeni dəyişikliklərdə isə sadəcə olaraq cərimə ballarının sayı 20-yə çatdırılır. Yəni, artıq 20 balı olan sürücünün vəsiqəsi əlindən alınmalıdır. Bal sistemindən söz düşmüşkən, İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə həmin xətalar 5 balla qiymətləndiriləcək.
Qeyd edək ki, İXM-nin 151.5-ci maddəsi belədir;
Bu Məcəllənin 151.1-151.3-2-ci, 151-1-ci və 151-3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə
İXM-nin 152-1.1-ci maddəsi isə belədir;
Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə -
nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə
Beləliklə, qeyd olunan maddəllərdə nəzərdə tutulan balın sayı 5-ə qaldırılır. Yeni əlavədə o da qeyd olunur ki, inzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.
İXM-nin 151-1-ci maddəsinə ediləcək dəyişiklik isə sürücüləri bir qədər sevindirəcək. Çünki yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat aşanlar artıq 30 manat yox, cəmi 10 manat cərimə olunacaqlar. Sürətinin həddinin daha yüksək aşılmasına görə məbləğlər isə dəyişilmir.
Parlament İXM-nin 451-ci maddəsinə də maraqlı dəyişikliklər qəbul edib. Dəyişikliklərin ən əsası ödənilməyən cərimələrə hesablanan faizlə bağlıdır. Əvvəllər qayda pozuntusuna görə qanunla qüvvəyə minmiş qərar çıxarıldığı gündən 30 gün müddətinə ödənilmədikdə nəzərdə tutulan cərimənin üzərinə hər gün 2 faiz dəbbə pulu əlavə olunurdusa, yeni dəyişikliklər qüvvəyə mindikdən sonra cərimə faizi hər gün üçün 1 faiz olacaq. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir.
Əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilirdi. Yeni qaydalarda isə 3 iş günü 5 iş günü ilə əvəz olunub.
İXM-yə edilmiş əlavələrdən biri hüquqi və fiziki şəxslər arasındakı münasibətlərə aiddir. Belə ki, hüquqi və fiziki şəxs olan işəgötürənin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü inzibati xəta törətdikdən sonra onun işəgötürənlə əmək münasibətlərinə xitam verilmişdirsə və inzibati xətanı törətmiş şəxs 2 ay müddətində inzibati cəriməni ödəməmişdirsə, nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmədən inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitələrinə idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir. Yəni, qısaca olaraq belə deyək ki, hansısa şirkətdə çalışan sürücü şirkət maşını ilə xəta törədib işdən çaxırsa və cəriməni müəyyən edilmiş müddətdə ödəməzsə, polis həmin avtomobili saxlamayacaq. Sadəcə sürücünün sürücülük hüququ məhdudlaşdırılmış olacaq. Adi qaydada isə cəriməni ödəməyən sürücünün nəqliyyat vasitəsi saxlanılır və duracağa qoyulur. Bu mümkün olmadıqda isə həmin şəxsin sürücülük hüququnun məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilir. Yalnız cərimə ödənildikdən sonra sürücülük hüquqununun saxlanılması məsələsinə baxıla bilər.
Yeniliklər bununla bitmir. Sabah Avtosfer.az saytında «Hansı inzibati xətalarla bağlı vətəndaşlara yalnız mobil telefonla SMS göndərmək, poçt, internet və telefon vasitəsilə məlumatlandırmaq olar» sualına da cavab tapa biləcəksiniz.
Elməddin Muradlı