Yeni və bahalı avtoparklarda qəribə qayda; evakuator aparacaq - FOTOLAR
Mayın 12-dən paytaxt Bakının bir neçə yerində yeni park-terminallarının quraşdırılmasına başlanılıb. “Yeni Müsavat”ın məlumatına görə, Bakı Şəhər İcra hakimiyyətinə məxsus park-terminallar hələlik şəhərin mərkəzi küçə və prospektlərində quraşdırılıb. Park-terminalların işləmə prinsipləri və tarifləri ilə maraqlanmaq üçün yolumuzu şəhərin mərkəzi küçələrindən saldıq.
“4 saatdan artıq dayanmaq olmaz”
Park-terminalalra nəzarət edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi bizi yeni quraşdırılan park-terminalların iş prisnsipi ilə tanış etdi. Səlim adlı nəzarətçi bildirdi ki, sürücülər öncə ərazidə park-terminalın olub-olmadığını müəyyən etməlidirlər: “Quraşdırılan park-terminalların öz əhatə dairəsi var. Həmin əhatə darisindən kənara çıxılsa evakuator gəlib maşını aparacaq. Daha sonra 4 saatdan artıq maşın saxlamaq olmaz. Saxladığınız maşın 4 saatı keçibsə yol polisi sizə yaxınlaşıb cərimə yaza, maşınınızı evakuator vasitəsi ilə ərazidən uzaqlaşdıra bilər. Ona görə də, park-terminala yaxınlaşarkən nə qədər müddətdə saxlayacağınızı müəyyən etməlisiniz. Pulu əvvəlcədən ödəməlisiniz. 1 saatın pulunu ödəyib, 2 saat maşın saxlamısınızsa, əlavə saata görə pul ödədikdən sonra maşınınızı götürə bilərsiniz. Gərək sürücülər bir şeyi unutmasınlar, pulu ödədikdən sonra terminaldan çıxan çeki özləri ilə aparmasınlar. Çek maşının ön hissəsində görülə biləcək bir yerə qoyulmalıdır. Çünki yol polisi maşına yaxınlaşarkən həmin çeki görməsə cərimə yaza bilər”.
Park-terminalın tarifləri isə aşağıdakı kimidir:
30 dəq- 0,50 qəpik
1 saat- 1 AZN
2 saat – 2 AZN
3 saat -3 AZN
4 saat- 4 AZN
“Çox bahadır...”
Maşınını yeni quraşdırılan park-terminalların ərazisində saxlamaq istəyən vətəndaşlar isə qiymətlərin bahalığından şikayətləndilər. Səma adlı sürücü bildirdi ki, yaxınlıqdakı dayanacaqda qiymətlər daha münasibdir: “”Garage” dayanacaqlar şəbəkəsinin tarifləri daha münasibdir. Onlarda limit yoxdur, nə qədər istəyirsən saxla. Üstəlik, həmi dayanacaqlar daha təhlükəsizdir. Açığı, gözləyirdik ki, yeni park-terminallar daha ucuz olsun”.
Bakıdakı avtopark qiymətləri
Yeni park-terminalların quraşdırılmasından sonra Bakıdakı böyük ticarət mərkəzlərində və yeni tikilən yeraltı və yerüstü dayanacaqlarda qiymətlərin qalxacağı ilə bağlı xəbərlər yayılmışdı. Ona görə də, bir neçə avtoparkda olub qiymətlərlə maraqlandıq. “Park Bulvar”ın yeraltı dayanacağında qiymətlər aşağıdakı kimidir:
1 saat – 1 AZN
1-3 saat – 2 AZN
3-8 saat – 3 AZN
8-12 saat – 6 AZN
12-15 saat – 10 AZN
Yeni açılan “Metropark” ticarət mərkəzinin dayanacağı tamamilə pulsuzdur. “AMAY” ticarət mərkəzinin yeraltı dayanacağında 1 manat verməklə bir sutka avtomobili orada saxlamaq olar.
“Nərgiz” ticarat mərkəzinin yeraltı dayanacağında 1 saat avtomobil saxlamağın qiyməti 1 manatdır. “Nizami” metrosu tərəfdə yeni tikilən çoxmərtəbəli dayanacağın qiymətləri:
6 saat - 1 AZN
12 saat – 2 AZN
24 saat – 4 AZN
Həmin dayanacaqda aylıq abunə haqqı 100 manatdır. “Park Center” ticarət mərkəzində avtomobil dayanacağının qiymətləri:
1 saat – 1 AZN
1-3 saat - 2 AZN
3-6 saat – 4 AZN
6-12 saat – 6 AZN
12-24 saat – 8 AZN
Budayanacaqdaaylıqabunə haqqı 200 manatdır.
Qeyd edək ki, Gül bayramına qatılan Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə bildirimişi ki, artıq park-terminallardan 7-si quraşdırılıb: “İlin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq. Heydər Əliyev Sarayının yanında xüsusi “park-manat” quraşdırılıb. Orada artıq qanunsuz avtomobil saxlamaq mümkün olmayacaq. Bu qurğular günəş enerjisi ilə işləyəcək. Artıq elektrik enerjisinə ehtiyac qalmayacaq. Yerləşdirilən “park-manat”lardan sürücülər 1 saatı 1 manatdan nəğd və ya eyni məbləği SMS vasitəsi ilə ödəyə bilərlər”.
Bakı meri demişdi ki, sürücülər park-manatdan istifadə etmədiklərinə görə cərimələndikləri məbləği 1 saat ərzində ödəməzlərsə, onda cərimə iki qat artacaq: “”Park-manat”lar bir qədər kənar küçələrdə quraşdırılacaq. Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək. “Park-manat”lar pulla və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq”.
Hacıbala Abutalıbov deyib ki, mərkəzi küçələrdə maşınların dayanmasına icazə verilməyəcək. Bununla bağlı xüsusi sərəncam da imzalayacaq. Yığılan pullar isə dövlət büdcəsinə ödənəcək.
Xatırladaq ki, prezident İlham Əliyev keçirdiyi sonuncu müşavirə zamanı Bakıda yeraltı parkinqlərin tikilməsini tıxac probleminin həlli üçün böyük dəstək olduğunu vurğulamışdı. Ölkə başçısı Bakıda küçə və prospketlərdə əli dəyənəkli qanunsuz parkinqlə məşğul olanları sərt tənqid etmişdi: “Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər”.