3500 manata VAZ-21041 avtomobili satılıb - HƏRRAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 iyunda keçirilən növbəti hərracda əmlakların əlverişli olması, iştirak prosedurlarının sadə olması sərmayəçilərin marağını artırıb. Komitədən Avtosfer.az-a verilən xəbərə görə, belə ki, Gəncə şəhərində yerləşən “Xronika” kinoteatrına edilən təkliflər ard-arda səslənib. İlkin start qiyməti 77 min 500 manat olan bu əmlaka ən son 166 min 500 manat təklif edilib. İnvestor həmin obyektə capital yatırmaqla xidmət sahəsində yaxşı gəlir əldə edə bilər. Həmin əmlakın ümumi faydalı sahəsi 143 kv.m, torpaq sahəsi isə 1000 kv.m-ə yaxındır. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Anoloji hal nəqliyyat vasitələrinin hərracında da müşahidə edilib. Belə ki, VAZ-21041 markalı avtomobilin ilkin start qiyməti 2100 manat olmasına baxmayaraq edilən təklif 3200 manata kimi yüksəlib. İstehsal tarixi 2008-ci il olan digər VAZ-21041 markalı olan maşın 2100 manat olsa da 3500 manata sahibini tapıb. Budəfəki hərracda 1 səhmdar cəmiyyəti, 1 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşən qeyri-yaşayış sahəsi Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşir. Gəncə şəhərində yerləşən, ümumi faydalı sahəsi 70,1 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Sumqayıtda yerləşən ümumi faydalı sahəsi 25 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Özəlləşən səhmdar cəmiyyəti isə Zaqatala Sənaye Kombinatıdır. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.