Avtomobil bazarında qiymət artımı nə ilə əlaqədardır? - REPORTAJ - FOTO

İstehsal tarixi 10 ildən çox olan minik avtomobillərinin (nadir minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən avtomaşınlar istisna olmaqla) Azərbaycana gətirilməsinin məhdudlaşdırılması maşın bazarında qiymətlərə təsir göstərib.
”Report”un yerli bürosu hazırda avtomobillərin qiymətlərini öyrənmək üçün Sumqayıtın maşın bazarında müşahidələr aparıb. Həm alıcılar, həm də satıcılar bildiriblər ki, qiymətlər qalxıb. Özü də, nə az, nə çox - 1 000-2 000 manat.
Satıcı Zakir İbrahimov bildirib ki, qiymətlərdə fərq köhnə avtomobillərdə müşahidə edilir: “Qiymət artımı xüsusən də buraxılış ili köhnə olan avtomobillərdə müşahidə edilir”.
Digər satıcı Ramin Heydərov isə bunun səbəblərini başqa faktorla əlaqələndirib. O, hər ilə yay fəslində qiymətlərin artdığını qeyd edib.
Satıcı Şükür Şükürov alış-verişin olmamasından gileylənib: “Qiymətlər kəllə-çarxa qalxıb. Alıcıların da cibinə uyğun olmadığı üçün bazarda durğunluq yaşanır”.
Satıcı Əmrah Abdullazadənin sözlərinə görə, sürücülər xarici ölkələrdən maşın gətirə bilmədikləri üçün burdakı maşınlara tələbat var: “Alıcılar əsasən buraxılış ili köhnə, mühərrik gücü az olan maşınlara üstünlük verir”.
Alıcı Elvin Paşabəyli qiymət artımını subyektiv səbəblərlə əlaqələndirib: “Hərə qiyməti bir səbəbdən qaldırır. Alıcı çoxdur, amma ala bilən yoxdur. Avtomobillərin qiyməti çox artıb. Xüsusən “Mercedes” markalı maşınların”.
Alıcı Şəmsəddin Şabanov da qiymətlərin qalxdığını qeyd edib.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, istehsal tarixi 10 ildən artıq olan avtomobillərin ölkəyə buraxılmaması qərarından sonra bu nəqliyyat vasitələrinin qiymətlərində marka və modelindən asılı olaraq 1 500 manatdan başlayan artım hiss edilir: “Bu, bir sıra maşın alverçisi adlandırdığımız şəxslər tərəfindən təyin olunan süni artımdır. Əslində istər həmin avtomobillərin, istərsə də digər köhnə avtomobillərin qiymətləri yerli bazarda süni olaraq 2-3 dəfə artırılıb. Təəssüfedici haldır ki, artıq istifadə müddətini başa vurmuş bir çox avtomobillər “bəh-bəh”lə satılır. Misal üçün, 1994-cü ilin “Mercedes”ini hələ də bazarda 10 min manat ətrafında satılması pisdir. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı tədbir görülər”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur















