Avtomobili kimdən alaq – rəsmi salondan, yoxsa alverçidən?
Son illər Azərbaycana avtomobil idxalı artmaqdadır. Təbii ki, bu əhalinin alıcılıq qabiliyyətinin artması ilə birbaşa bağlıdır. Nazirlər Kabinetinin bu ilin martında qəbul etdiyi qərara görə, istehsal müddəti 10 ildən çox keçən avtomobillərin idxalının qadağan edilməsi yeni avtomobillərin ölkəmizə daha çox idxalına şərait yaradıb.
Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistik məlumatlarına görə, bu ilin yanvar-oktyabr aylarında ölkəmizə 1 374 milyon ABŞ dolları dəyərində 81 206 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 65,7 % və 33,6 % çoxdur.
Aparılan monitorinqlərə əsasən, avtomobil idxalının əsas hissəsini rəsmi nümayəndəliklərdən daha çox ayrı-ayrı hüquqi və fiziki şəxslər həyata keçirir. Bu isə təbii ki, diler və distributorların narazılığına səbəb olur.
Görəsən, həqiqətənmi narahat olmağa əsas var, yoxsa bu normal prosedurdur?
"Report"a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, idxalçıların çoxluğu Azərbaycanın avtomobil bazarında rəqabətli mühit formalaşdırır:
"Bu gün Azərbaycanın avtomobil bazarı Qafqazda fəal bazarlardan biridir və bunun əsas səbəblərindən biri bazara cürbəcür ölkələrdən müxtəlif çeşidli avtomobillər gətirilir. Yəni bu gün 5 nəfərin, yaxud 5 şirkətin diktəsi, istəyi əsasında bazar, bazardakı qiymət formalaşmır. Bu səbəbdən də avtomobil bazarında süni qiymət artımını etmək də mümkün deyil".
Onun sözlərinə görə, bazarda rəsmi diler və distributorlarla yanaşı qeyri-rəsmi şirkətlər, fərdi şəxslər də ölkəmizə avtomobil idxalını həyata keçirir: "Hesab edirəm ki, qeyri-rəsmi şəxslər tərəfindən gətirilən avtomobillərin Azərbaycan avtomobil bazarına mənfi təsiri yoxdur. Əksinə çeşidin artması və qiymətlərin tənzimlənməsi baxımından faydası var. Çeşidin artması isə vətəndaşların seçim imkanlarını daha da artırır".
Nəqliyyat və infrastruktur məsələləri üzrə ekspert Yasin Mustafayev hesab edir ki, Azərbaycanda bir sıra rəsmi dilerlər avtomobilləri ucuz satmaq əvəzində baha satır:
"Bazarda qeyri-rəsmi satıcıları peyda olmasının əsas səbəbkarları məhz dilerlərdir. Çünki onlar tələbatı ödəyə bilmirlər və bu isə təbii ki, yeni satıcıların ortaya çıxmasına səbəb olur. Bir sıra rəsmi nümayəndəliklərə hansısa modellə bağlı zəng edəndə bildirirlər ki, hazırda salonda avtomobil yoxdur, amma 6 ay ərzində gətirə bilərlər. Bu artıq real mənzərənin nədən ibarət olduğunu göstərir. Amma rəsmi salonların gətirə bilmədiyi avtomobilləri qeyri-rəsmi satıcılar gətirə bilir. Çünki rəsmi nümayəndəlikdən fərqli olaraq alverçi dediyimiz şəxslər müxtəlif ölkələrdə olan anbarlarla işləyə və nəticədə tələb olunan avtomobili tezliklə gətirə bilir.
Digər bir məsələ də ondan ibarətdir ki, bir çox rəsmi dilerlər avtomobilləri 20-30 % civarında baha satır. Bu da əslində doğru yanaşma deyil. Çünki distributor endirimləri olur. Bu endirimlər gətirilən avtomobillərin alış sayından asılı olaraq 20-30 % hətta bəzən 50 %-ə qədər ola bilər. Mənə elə gəlir ki, Azərbaycandakı distributorlar çox az sayda avtomobil alır, çünki onların özləri avtomobilləri baha əldə edirlər.
Hesab edirəm ki, bazarda rəsmi diller və distributorlarla yanaşı qeyri-rəsmi satıcıların olması bazarın inkişafına müsbət təsir edir. Bunun yalnız iki yalda neqativ tərəfi ola bilər. Birincisi rəsmi salonların gəlirlərinə və bazardakı hökmranlığına mənfi təsir edir.
İkinci narahatlıq yarada biləcək məsələ isə rəsmi servis və zəmanətlə bağlı ola bilər. Belə ki, alverçilərin gətirdiyi avtomobillərin rəsmi servis zəmanəti olmur. Reallıq isə onu göstərir ki, qeyd etdiyim bu məqam tələb və təklifə o qədər də təsir etmir".