"Azərbaycanda maşın bazarı çökəcək..." - SƏBƏBLƏR AÇIQLANDI
Son günlərdə sosial mediada ən çox haqqında danışılan mövzulardan biri də hibrid maşınlarının ölkəyə gətirilməsi ilə bağlıdır. Bunun isə bir neçə səbəbinin olduğu bildirilir.
“Azərbaycanda hibrid avtomobillərinin sayının artması üçün gömrük rüsumları kəskin şəkildə endirilməlidir”.
Bu sözləri avtomobil eksperti Elməddin Muradlı Lent.az -a açıqlamasında bildirib.
Ekspert onu da vurğulayır ki, son illər Azərbaycanın avtomobil idxalında əsas yeri nisbətən ekoloji təmiz, hibrid avtomobilləri tutur. Bəs əhali nəyə görə hibrid və ya elektromobilləri dizel və benzin avtomobillərindən üstün tutulur?
Həmsöhbətimiz bu üstünlükləri belə sıralayır:
“Azərbaycanda artıq bir neçə ildir ki, hibrid avtomobillər istifadə olunur. Ən çox yayılanı da Honda və Toyotanın modeləridir. Bazarda çox satılır, sürücülər də bu modeldən razıdır. Bu avtomobillər həm ekologiyanın təmizliyi, həm də maliyyə cəhətdən sərf edir. Dövlət bu avtomobillərin sayının artması üçün stimul verici tədbirlər görməlidir. Məsələn, ölkə başçısı ötən il dekabrın 27-də yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik dövlət proqramı imzalayıb. O proqramda ekoloji təmiz avtomobillərin gətirilməsi üçün stimullaşdırıcı tədbirlər görülməsi barədə tapşırıqlar verilib”.
“Gömrük rüsumları kəllə-çarxdadır”
Ekologiyanı qorumaq üçün hibrid maşınlara keçməyi məsləhət görən ekspert, gömrük rüsumlarının baha olmasından danışıb:
“Stimullaşdırıcı deyəndə rəsmi şəxslərin idxalçını görüşə çağırıb bir dəstə gül, yaxud çay verməli deyil. Həm gömrük, həm də vergi rüsumları ilə bağlı bir layihə işləyib ortaya qoyulmalıdır. Məsələn, İran və Gürcüstanda hibrid avtomobillərə elə rüsum qoyublar ki, maşın alan şəxs ilk növbədə hibrid barədə düşünür. Belə ki, bu ölkələrdə dizel yaxud benzin avtomobilini 10 minə alıb 10 min də rüsum ödənilirsə, hibrid avtomobilinin rüsumu üçün sadəcə 3 min ödəyirlər. Gürcüstan işığı, qazı, nefti, pulu bizdən alır. Amma biz avtomobil sarıdan onlardan asılı vəziyyətdəyik. Yəni Gürcüstanda fəlakət olsa, Azərbaycanda avtomobil bazarı çökəcək. Təsəvvür edirsinizmi, il ərzində maşın alınması üçün milyardlarla manat Azərbaycandan Gürcüstana axır. Bu bazarı vaxtında Azərbaycanda da yaratmaq olardı. Amma mövcud qanunvericilik buna imkan vermədi. İstəyirik ki, ətraf mühiti, ekologiyanı qoruyaq. Ancaq gömrük rüsumları kəllə-çarxdadır. Hazırda 100 min manatlıq avtomobil üçün gömrükdə 15 min manat rüsum ödənilir. Bu nəyə lazımdır? Kimə lazımdır? Nə vaxt ki, insanlara güzəştlər tətbiq olunacaqsa o zaman da hibrid avtomobillərin sayı artacaq”.
Elməddin Muradlı havanın çirklənməsində yerli istehsal olan dizel və benzin amilindən də danışıb. O, Azərbaycanda istehsal olunan dizel yaxud benzinin “Avro-4” standartlarına uyğun olmadığını bildirib: “Çirklənmənin əsas səbəbi də istehsal etdiyimiz benzin və dizeldir. Görün nə vəziyyətdədir ki, artıq Gürcüstan gələn ildən Azərbaycandan dizel alışını dayandırır. Artıq Azərbaycan neçə ildir ki, “Avro-4” standartlarına keçib, idxal olunan avtomobillərin “Avro-4” olması şərt qoyulub. Ancaq heç istehsal etdiyimiz dizel “Avro-4”ə cavab vermir. Sirr deyil ki, həm də dünyada yanacaq mafiyası hibridlərin, elektromobillərin sürətlə yayılmasının qarşısını alırlar. Düşünürəm ki, Azərbaycanda əhaliyə güzəştlər yaradılmalı, seçim etməyə imkan verilməlidir”.
Qeyd edək ki, artıq bir neçə Avropa dövləti dizel mühərrikli maşınların istifadəsinə qadağa qoyub. Bu da təbii ki, sağlam ekologiyaya sahib olmaq məqsədi daşıyır. Bu proses Azərbaycanda da ölkə başçısının hələ 2017-ci ildə verdiyi tapşırıqda öz əksini tapıb. Ancaq ekspertin də sözlərindən məlum olduğu kimi, həmin maşınların idxalı üçün insanlara hər hansı güzəştlər, imkanlar yaradılmayıb. İnanırıq ki, Nazirlər Kabineti ekologiyamızın təmizliyi naminə lüzum daşıyan hibrid və elektromobillərin idxalı üçün lazımi tədbirlər görəcək.