Azərbaycanda minik avtomobilləri BAHALAŞDI - SON QİYMƏTLƏR

Avtobazar 20 Fevral 2023 15:58 Oxunub 18570
Azərbaycanda minik avtomobilləri BAHALAŞDI  - SON QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın avtomobil bazarında qiymət artımları 2023-cü ilin yanvarında bir qədər də güclənib. 
Avtosfer.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvarında minik avtomobillərinin orta qiyməti ötən ilin dekabrına nisbətən 1400 manatdan çox artaraq 39 452 manatı keçib. Bir ay əvvəl minik avtomobillərinin orta satış qiyməti 37 988 manat idi. Ay ərzində daxili bazarda minik avtomobillərinin dəyərinin 3,85 faiz artması qeydə alınıb. 
Birillik müqayisədə isə minik avtomobillərinin dəyərinin daha çox artması müşahidə edilib. 2022-ci ilin yanvarında minik avtomobillərinin orta satış qiyməti 37 047 manat olub. Son bir ildə ölkəmizdə minik avtomobillərinin 2407 manat, yəni 6,5 faiz bahalaşması qeydə alınıb. 
Azərbaycanda minik avtomobillərinin bahalaşması son illərdə davamlı hal alıb. Dollar/manat məzənnəsinin sabitləşdiyi 2017-ci ildən minik avtomobillərinin dəyərinin artması müşahidə edilir. 
2016-cı ilin yanvarında minik avtomobillərinin dəyəri 22 578 manat idi. Bir il sonra orta qiymət 31 558 manata, 2019-cu ilin yanvarında 35 242 manata yüksəlib. Pandemiya ilə əlaqədar bir müddət avtomobil qiymətləri düşsə də sonradan qiymətlər yenidən artıb. Belə ki, 2020-ci ilin yanvarında orta qiymət 34 815 manata, 2021-ci ilin ilk ayında 34 478 manata düşdükdən sonra, 2022 və 2023-cü illərdə yüksəlib. 
2016-ci ilin yanvar ayı ilə müqayisədə, yəni son 7 ildə minik avtomobillərinin dəyəri 16 874 manat və ya 75 faiz artıb.
Ölkəmizdə son illərdə minik avtomobillərinin bahalaşmasının əsas səbəbi idxal rüsumu və vergilərin artırılması ilə əlaqədardır. İndi ölkəmizə idxal edilən benzin və dizel yanacaqla işləyən avtomobillərə görə rəsmiləşdirmə xərcləri əvvəlki illərlə müqayisədə xeyli artıb. 
Bu səbəblə yanaşı dünyada avtomobil qiymətlərinin yüksəlməsi, həmçinin Azərbaycanda dollar/manat məzənnəsinin sabit qalması fonunda əhalinin gəlirlərinin artması da ölkəmizdə avtomobil qiymətlərinə artırıcı təsir edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh