Bu da Bakının məhşur «ölüxanası» - Nələr var?- FOTOLAR
Sıradan çıxmış avtomobildən belə, əl çəkməyənlər
Azərbaycanda avtomobillər tullantıya çevirilmir desək, heç də yanılmarıq. İnkişaf etmiş ölkələrdə qəzalı avtomobillər bir yerə toplanaraq metal zavodlarına təhvil verildiyi halda, bizdə maşınlar insanlardan "əl" çəksə də, satıcılar onlardan əl çəkmir. Avtomobilin "ölüsündən" belə, əl çəkməyən alıcılar hətta onların dəmir paraçalrından, ən xırda boltlarından da pul "çıxarırlar". Qəzalardan sonra təmiri mümkün olmayan və yaxud da düzəldilməsi yüksək xərc tələb edən avtomobillər ucuz qiymətə "ölüxana"lara satılır. "Ölüxana" adlandırılan bu bazarlar isə satıcılarla yanaşı, alıcıların da karına gəlir. Ona görə ki, satıcılar aldıqları atılmış avtomobillərin ehtiyat hissələrini bir-birindən ayıraraq mağazalarda satılandan daha ucuz qiymətə təklif edirlər. Bu yolla satıcılar avtomobili aldığı pulu artıqlaması ilə çıxarır, alıcılar isə ehtiyat hissələrə işlənmiş olduğu üçün daha ucuz qiymətə sahib çıxırlar.
Bakıda dörd belə "ölüxana" və ya maşın "qəbiristanlığı" var ki, müştərilər burada özlərinə lazım olan hər bir detalı tapa bilirlər. Bu bazarlar Dərnəgül qəsəbəsində, Babək prospektində, 8-ci kilometrdə və Badamdar ərazisindəki maşın bazarlarında yerləşir.
Biz də "ölü" maşınları görmək, oradakə alış-verişi yerində izləmək üçün Babək prospektində yerləşən maşın bazarının həyətindəki "qəbiristanlığa" yollandıq.
"Ölüxananın" orijinal malları
Vətəndaşlar arasında da "ölüxana" kimi tanınan bu maşın "qəbiristanlığı"na xeyli diqqət var. Burada müştəri əlindən tərpənmək çox çətindir desək, o qədər də şişirtmiş olmarıq.
"Ölüxana"da çalışan Əli dayı deyir ki, köhnə və təmiri mümkün olmayan avtomobilləri alır, onların yararlı ehtiyat hissələrini çıxarıb müştərilərə təklif edirlər: "Son vaxtlar müştərilər azalsa da, bu bazara həmişə təlabat var. Bazarda qiymətlər ucuz olduğundan, kasıb, hətta imkanlı şəxslər belə, maşınlarını düzəltdirmək üçün bizə müraciət edirlər. Burada satılan ehtiyat hissələr həm qiymət, həm də keyfiyyət baxımından fərqilidir. Bəzən olur ki, Bakıda dörd məntəqədə yerləşən "ölüxana"lardakı əzilmiş avtomobillər bizim tələbatımızı tam ödəmir. O zaman biz ehtiyat hissələr gətirmək üçün Çindəki "ölüxana"lara üz tuturuq. Müştərilərin bizə müraciət etmələrinin səbəbi isə mağazalarda satılan ehtiyat hissələrinin orginal olmamasıdır. Bir çox hallrda mağazalar hansısa detalın Çində istehsal olunan saxta formasını gətirib müştərilərə satır. Sonda müştəri ilə mağaza sahibi arasında konfilikt yaranır. Buradakı mallar isə orijinallığı ilə seçilir. Yəni biz saxta detal satmırıq".
300 manata mühərrik?
Maşının üstünə qoyulan xərcin indiki bazar iqtisadiyyatının təlabatına uyğun gəlmədiyini bildirən Əli dayı qeyd etdi ki, ehtiyat hissələrini daha ucuz satmaq olar: "Amma bunu edə bilmirik. Çünki xaricdən gələn detalları baha qiymətə əldə edirik. Bu, bizdən asılı olmayan başqa səbəblər üzündən baş verir. Yararsız avtomobili müştərilər 2000-2500 manata bizə satırlar. Həmin maşınlarda da bizə lazım olan cəmi iki-üç detal olur. Bu mühərrik sistemi, avtomobilin sürət qutusu və sairdir. Yəni biz həmin avtomobilin bütün hissələrindən yararlana bilmirik. Odur ki, çalışırıq bu hissələrdən imkan qədər çox pul "çıxaraq".
Həmsöhbətimiz mağazalarda satılan ehtiyat hissələrinin əvvəlki kimi sənədlə gətirilmədiyini də deyib: "Rusiyadan ümumiyyətlə ehtiyat hissələri gəlmir. Maşının original mühərriki burada 300, amma mağazalarda 1500 manata satılır. Buradan həmin qiymətə mühərriki alır, hətta qeydiyyatdan da keçirirlər. Alıcılar da, daha çox "ölüxanaya" üz tutur. Onlar ucuz istəyir, biz isə baha satmağa çalışırıq".
Müsahibimiz bu bazara hər bir avtomobilin icazə əsasında gətirildiyini bildirdi: "Buraya heç nə polisdən icazəsiz gətirilə bilməz. Gətirilən maşınlar bazarın girişində yoxlanılır. Oğurluq malların bura gətirilməsi qeyri-mümkündür".
"Qara adamlar"ın "ağ günü"
Hacı dayı isə bu bazardan gileylənir: "Bu bazar "qara adamlar" üçündür. Həmin "qara adam"lar XVII-XIX əsrdə əlləri ilə neft çıxarırdılar, biz isə burada neft yerinə əzilmiş maşınların yağından detal "çıxarırıq". Bazarda su kranı belə yoxdur. Biz burada sadəcə fəhlə işləyib gündəlik 15-20, bəzən də 25 manat çörək pulu qazanırıq. Amma şükürlər olsun ki, burada işləməklə özümüzü "ağ günə" çıxara bilmişik. Yəni özümüz və ailəmiz üçün lazım olan bütün şəraiti qurmuşuq".
Bu bazar 1992-93-cü illərdə tikildiyini deyən Hacı dayı belə söyləyir: "Əvvəllər bazar yol boyu uzanırdı, amma asfalt örtüyü yox idi. Sonra bazar buradan Əhmədli istiqamətində 7 saylı Poliklinkanın yanına köçürüldü. Daha sonra Sumqayıta və sonda yenidən buraya qaytarıldı. Burada bütün markalı maşınlar var. Ən çox "Mercedes" markalı maşınların ehtiyat hissələri alınır. Hər bir satıcının öz müştərisi var. Mənim müştərilərim daha çox dəmir şüşə detalları alırlar. Su vuran detal satışda olmadığı üçün alıcılar buraya müraciət edirlər. Suvuranların qiyməti 1-10 manat arasındadır. Maşının motorunun qiyməti növünə, ilinə görə dəyişir. Mühərrikin qiyməti 300-1000 manat arasındadır. Sovet maşınlarının motoru xarici maşınlarının mühərrikindən yaxşı satılır. Amma sovetin avtomobillərinin ehtiyat hissələri daha tez xarab olur".
Razı və narazı müştəri
Ehtiyat hissə almağa gələn Rüfət deyir ki, burada qiymətlər mağazalardan daha ucuz olduğu üçün bu bazarı seçir: "Burda qiymətlər digər mağazalara nisbətdə ucuzdur. Həm də buradakı ehtiyat hissələr maşının öz üzərində gəldiyi üçün daha keyfiyyətli olur. Bəzən olur ki, hər hansı bir detal lazım olur, ancaq mağazalardan tapa bilmirsən. Sifarişlə də baha gəldiyi üçün bura müraciət edirik. Ümumiyyətlə, bu bazarın varlığı məni qane edir".
Əhməd adlı alıcı isə burada qiymətlərin heç də ucuz olmadığını və müştərilərin aldadıldığını bildirir: "Özümə söz vermişəm ki, bir də bu "ölüxana"dan ehtiyat hissəsi almayacam. Dostum istədiyi üçün onunla buraya gəlmişəm. Çünki, burada hər şeyi təzə qiymətindən baha verirlər. bir neçə ay qabaq bir ehtiyat hissə axtarırdım deyə gəldim bu bazara. Həmin detalı 250 manata təklif etdilər. Halbuki onu mağazalardan 180 manata əldə etdim. Ancaq belə bir yerin bağlanmasını da istəmərəm. Çünki təzə ehtiyat hissələri almağa imkanı olmayan hər kəs buraya gəlir".
"Ölüxana"da olduğumuz zamanı qızğın alverin getdiyi də diqqətimizdən yayınmadı. Babək prospektindəki "ölüxana"da xarici ölkələrin istehsalı olan maşınlarla yanaşı, sovet maşınlarının "qəbiristanlığı" da mövcuddur. Buraya Dubaydan, Rusiyadan, Gürcüstandan və digər avropa ölkələrinin "ölüxanalar"ından ehtiyat hissələr gətirlir.
İlhamə - Teleqraf.com