Dəyişikliklər maşın bazarını çökdürdü – Alıcı yoxdur
Son dövrlər avtomobil bazarında durğunluq yaranıb. Satışa çox sayda avtomobil çıxarılsa da alıcıların sayı olduqca aşağıdır. Alıcı azlığına görə, bazarlarda qiymətlər aşağı düşür, hətta avtomobilləri aldığı qiymətə və ondan aşağı qiymətə təklif edənlər var.
Avtosfer.az xəbər verir ki, avtomobil alış-satışı ilə məşğul olan, “İnstagram” sosial şəbəkəsində “Maşın Alveri” səhifəsinin rəhbəri Bəhruz Gülmalıyev Fed.az-a açıqlamasında bildirib ki, ekonom sinif avtomobillərin əksər markaları ucuzlaşıb. Xüsusilə indiyədək taksi kimi istifadə olunan bəzi modellər - “Pirus”, “KİA”, “Hundai” kimi markaların əksəriyyəti, ili 2005, 2009, 2010-a qədər olan avtomobillərdə ucuzlaşma qeydə alınıb. Buna səbəb taksi fəaliyyəti ilə bağlı qanunvericilikdə edilən dəyişikliklərdir. Dəyişikliklər nəticəsində bir sıra modellər artıq taksi kimi istifadə oluna bilməyəcək.
Nəticədə belə modellər kəskin ucuzlaşıb. Bəhruz Gülmalıyev bildirir ki, əvvəllər taksi fəaliyyətinə qanunvericiliyə dəyişiklik edilməzdən əvvəl 13-14-15 min manata olan 2008-2009-cu il istehsalı “Hundai”, “Kia” dizel avtomobillərin qiyməti hazırda, bazarda 9-10-11 min manata düşüb.
Hazırda ən çox tələbat olan modellər 1,4-1,6 benzin və ya dizel avtomobilləridir. Xüsusən də Bakının mərkəzindən kənarda, Mərdəkan, Pirşağı, Kürdəxanı kimi ərazilərdə yaşayanlar şəhərə gedib-gəlməyə görə yanacağa qənaətli avtomobillərdə istifadə edirlər.
«Günü bu gün avtomobil bazarında çox enmə var. Maşın çox olsa da əvvəlki qədər alan yoxdur. Hətta günü bu gün alverçi alverçiyə belə avtomobil satır. Ümumilikdə bütün avtomobillərdə aşağı düşmə müşahidə olunur».
Maşınların ucuzlaşması özünü tək ekonom siniflərdə yox, bahalı və mühərriki böyük avtomobillərdə də göstərir. Son bir il ərzində ekonomsinif və bahalı avtomobillər olmasından asılı olmayaraq, motor gücü yüksək olan avtomobillərdə də enmələr olub.
«Əvvəllər yüksək motorlu avtomobillərdən 2015-2017-ci il buraxılış «Land Cruiser» 60 min dollara təklif olunurdusa, son vaxtlar bu qiymət 50-55 min dollara qədər enib. Hal-hazırda qiymətlər daha aşağı, 48-49 min dollaradır» -deyə B.Gülmalıyev bildirir.
Hal-hazırda Azərbaycanda il köhnə olan maşınlara tələbat tədricən azalır. «Mercedes-190» modelləri əvvəllər çox işlənirdi. İndi bu avtomobillərə demək olar ki, heç kim yaxın durmur. Bu maşınlar da əvvəl 6-7 min manat idisə, indi 4-4,5 min manata təklif olunur. «Opel» markalı maşınlar əvvəl 10-11 min dollar, bazarda 9-9,5 min dollara təklif edilir».
Əvəzində Sovet maşınları kimi tanınan Rusiya isthsallı avtomobillərə, “VAZ-06”, “Vaz-07” kimi avtomobillərin alıcılıq qabiliyyəti var, baxmayaraq ki, onlar da ucuzlaşıb.
«Həmin avtomobillərin 2005-2006-cı il buraxılış modelləri əvvəllər 6-7 min manata təklif olunanlar hal-hazırda 4,5-5 min manatadır. Bu avtomobilləri Azərbaycanın rayonlarından gəlib bu qiymətə alırlar».
Maşınların qiymətlərinə təsir edən daha bir amil onların yeni modellərə yığılmasıdır. Son vaxtlar daha əvvəl buraxılan modellərin nisbətən yeni modellərə «çevrilməsi» halları artır.
«Köhnə ilin köhnə modelini təzəyə yığdırır və daha bahalı satırlar. Məsələn «BMV» markalarından «F10», «F30», «F90» kimi maşınların hal-hazırda köhnə modelləri təzə kurzalara yığırlar. Bu maşınların restavrasiya olunmuş vəziyyətində 25 min dollarlıq avtomobillər 35 min dollara çatır».
Amma bəzi müştərilər avtomobillərin zavod vəziyyətinə üstünlük verir, heç bir hissəsini dəyişmirlər və dəyişməyi də sevmirlər.