Fransız muzeyində dünyanın ilk avtomobilləri - FOTOLAR

Avtobazar 28 Noyabr 2014 23:09 Oxunub 1795
Fransız muzeyində dünyanın ilk avtomobilləri - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir əsrin əfsanəsi: hökmdarların saxlancındakı «gözəlçə»

Buranın hər zalı ziyarətçidə ayrı bir təəssürat yaradır. Dar pilləkənlə birinci mərtəbəyə keçərkən qarşına dünyanın ilk klassik avtomobili çıxır: 1885-ci ildə hazırlanmış “Panhard Levassor”. İdman avtomobillərinin sərgiləndiyi zalda isə insan özünü “Formula 1” pistindəki kimi hiss edir: mühərrik səsləri və tamaşaçılar elə gözəl imitasiya edilib ki, zala girən insan bir anlıq duruxur. Qulaqbatıran uğultu və çoxsaylı kütlə. Adama elə gəlir ki, bolidlər sağdan-soldan ötüb keçir, sən isə ortada qalmısan. Bunun əksinə, növbəti zalda tam səssizlik hökm sürür. Məşhur rus məsəlində deyildiyi kimi “böyük pullar səssizliyi sevir”. Bəli, dünyanın tanınmış «Rolls Royce» kolleksiyalarından biri məhz bu zalda qərar tutub. Bura Fransanın Milli Avtomobil Muzeyidir.

Qısa məlumat: Muzey Şlumf qardaşlarının ötən əsrin 60-cı illərdə topladığı kolleksiya əsasında formalaşıb.70-ci illərdə dövlət bu kolleksiyanı alaraq milliləşdirib, 1982-ci ildə isə muzey ictimaiyyətə açılıb. Hazırda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısındadır.

“Rolls Royce”un tarixi isə daha əvvələ gedib çıxır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəli bəşər sivilizasiyası tarixində ən önəmli mərhələlərdən olmuşdur. Dünyanın əksər elmi-texniki yenilikləri məhz bu dövrdə həyata vəsiqə alıb. Elmi-texniki inkişafın parlaq nümunəsi olan avtomobillərin əksəriyyəti də məhz 19-cu əsrin son onilliklərinin və ya bu dövrdə həyata göz açmış mühəndislərin zəhmətinin məhsuludur. Henri Roys ilk avtomobilini 1903-cü ildə ərsəyə gətirir. 1904-cü ildə Çarlz Rols isə və Henri Roysun birgə əməyinin məhsulu kimi “Rolls Royce 10hp” ərsəyə gəlir. Eyni ildə Paris avtosalonunda təqdim edilən model ciddi uğur qazanır. Əvvəlcə 20 ədəd nəzərdə tutulsa da, sonradan mühərrik probleminə görə bu seriyadan cəmi 16 avtomobil istehsal olunur. İşlərin uğurla davam etdiyini görən Rols və Roys 1906-cı ildə öz soyadları ilə adlanan “Rolls-Royce Limited“ şirkətini qururlar. Avtomobil istehsalını davam etdirməklə yanaşı onlar əsas diqqət aviasiya mühərriklərinin istehsalına yönəldirlər.

Bir il sonra əfsanəvi “Rolls-Royce 40/50HP «Silver Ghost»” modeli ərsəyə gəlir. Sırf aristokratlar üçün nəzərdə tutulmuş bu avtomobilin sahibləri onu adətən özləri sürmür, sürücü tuturdular. Birinci Dünya Müharibəsinin başlanması ilə şirkət hərbi sahəyə daha çox diqqət ayırır. Təyyarə mühərriklərinin istehsalı artdı, zirehli avtomobillərin layihələndirilməsi sürətlənirdi. Henri Roysun 1931-ci ildə layihələndirdiyi “R” model mühərriklə təchiz edilmiş “Supermarine S.6B” təyyarəsi 655 km/saat sürətlə rekorda imza atdı. Bu da şirkət üçün bir növ reklam oldu. Mühərrikin təkmilləşdirilmiş modeli 1935-50-ci illərdə aviasiyada geniş tətbiq edildi. 1931-ci ildə şirkət maliyyə çətinlikləri olan “Bentley”ni satın alaraq ciddi rəqiblərdən birindən qurtulur.

1960-cı illərdə şirkət bazarda artan rəqabətə davam gətirmək üçün ifrat konservatizmdən əl çəkərək daha müasir modellərin istehsalına start verdi. Lakin nə qədər yenilənmə aparılsa da, bir ənənə dəyişməyib: “Rolls Royce” zavodunda konveyer yoxdur, bütün avtomobillər əllə yığılır. Yığımdan sonra avtomobillər xüsusi poliqonda 2000 kilometr yol qət edərək sınaqdan keçirilir. Yalnız bu proseduradan sonra avtomobil rənglənir və sahibinə təhvil verilir.

Bu avtomobillər hətta rəqib ölkələrin liderlərinin də qəlbini fəth edə bilib. Sovet rəhbərləri Lenin və Brejnevin hər birinin qarajında bu avtomobildən ikisi olub.

1998-ci ildə firmanın tarixində maraqlı hadisə baş verir: Şirkətə sahib olmaq istəyən  “BMW” və “Volkswagen” istehsalın müəyyən mərhələlərini əllərində cəmləməyə nail olsalar da, brendin adından istifadə hüququ əldə edə bilmədilər. Maraqlıdır ki, bu alqı-satqıdan sonra İngiltərə kraliçası ölkədə matəm etdi. Kraliça o günlərdə verdiyi nadir müsahibələrinin birində qeyd etmişdi ki, “Rolls Royce” ölkənin milli qürurudur.

“Rolls Roys” bütün tarixi boyunca təxminən 130 min avtomobil istehsal edib. Bu səbəbdən hər bir avtomobil köhnəldikcə daha da dəyərli olur. Modelindən və istehsal ilindən asılı olmayarq bütün “Rolls Royce”lar avtomobil kolleksiyaçılarınıən daimi diqqət mərkəzindir.

Qayıdaq yenidən muzeyə ekskursiyaya: burada nümayiş olunan 500 avtomobildən 14-ü “Rolls Royce”dur. Bu markadan olam bir neçə avtomobili bərpa mərhələsində olduğu üçün nümayiş etdirilmir. Sayca kiçik görünsə də burdakı “Rolls Royce” modelləri dünyada ən az tapılan nümunələrdəndir.

Muzeyin tarixi ilə maraqlanarkən belə bir maraqlı fakt diqqət çəkir. Bu mədəniyyət ocağının yaradıcıları olan Şlumf qardaşları sənayeçi olublar. 60-cı illərdə isə işləri pis getdiyi zamanlar profili dəyişərək Avropanın 4 bir tərəfindən nadir avtomobilləri toplamağa başlayıblar. Onların əməyi sayəsində Fransa-İsveçrə-Almaniya sərhədindəki kiçik Müluz şəhəri dünyanın ən çox turist cəlb edən məkanlarından birinə çevrilib. Sənaye və texniki muzeylərin sayına görə bu şəhər Avropanın muzeylər paytaxtı hesab edilir.

Sözardı: Bu yaxında köhnə əşyalar satılan mağazada bir poçt markası diqqətimi cəlb etdi. 1986-cı ildə çap olunmuş Şimali Koreyaya (KXDR) məxsus bu markada Çarlz Rols və Henri Roys “Silver Ghost” modeli ilə birgə təsvir olunub. Qəribə təzaddır deyilmi? Avto.lent.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh