Köhnə avtomobil alarkən nəyə diqqət edək? - Bu halda aldana bilərik
“Bu gün Azərbaycanda köhnə avtomobil almaq problamli məsələdir”.
Bu sözləri Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldeniz Cəfərov “vətəndaşlar aldanmamaq üçün ikinci əl avtomobili alarkən nəyə diqqət etməlidir” sualına cavab verərkən deyib.
Eldəniz Cəfərov bildirib ki, köhnə avtomobillərin texniki göstəriciləri ilə bağlı dioqnostika sənədi olmur:
“Yaxşı olardı ki, hər bir avtomobilin, xüsusi ilə köhnə avtomobilin bütün texniki göstəriciləri ümumi bir portalda cəmlənsin. Avtomobili almaq istəyən şəxs isə həmin portaldakı informasiya ilə tanış olub, avtomobil barədə məlumatları əldə etsin. Lakin bizdə avtomobili satan adam alan adama şifahi qaydada məlumat verir. Daha sonra isə alan şəxs avtomobili harasa - özünün tanıdığı ustaya, servisə aparır”.
Ekspert köhnə avtomobil alan şəxslərə tövsiyyə edir ki, təcrübəli bir şəxslə getsinlər və qeyd olunan göstəricilərlə maraqlansınlar:
“Birinci təkbaşına avtomobil almaq, seçmək çətin olacaq. Daha sonra isə onlar ilk növbədə avtomobilin istehsal ili ilə maraqlanmalı, yürüşünə baxmalıdır. Bundan başqa zəmanət vaxtı, texniki baxışdan keçə bilibmi, sığortası, cərimələri varmı, qəzaya düşübmü, hansı ağır qəzalara düşüb və s. ilə maraqlanmaq lazımdır”.
Eldəniz Cəfərov deyib ki, rəsmi avtomobil servis mərkəzlərində maşının alqı-satqısı zamanı dörd istiqamətdə dioqnostikası aparılır:
“Bunlardan birincisi mühərrikin və ötürücülər qutusunun hansı vəziyyətdə olmasıdır. Daha sonra asqı sisteminə baxılır. Avtomobilin hərəkət mexaniki, dəmirçi, rəngsaz hissələrinə nəzər yetirilir. Bundan sonra avtomobili almaq istəyən vətəndaşla həmin nəqliyyat vasitəsi haqqında məlumat verilir”.
Ekspert son olaraq avtomobil almaq istəyən şəxslərə məsləhət verib:
“Avtomobili alarkən çalışın ki, təmiz yuyulmuş maşınlara baxasınız. Bəzən fırıldaqçılıq olur. Avtomobilin müəyyən cızıqlarını ört-basdır etmək istəyən satıcı onu tozlu və palçıqlı vəziyyətdə gətirir. Bu zaman da alıcı həmin problemləri, deffektləri görə bilmir. Ona görə də avtomobil almağa gedəndə günün işıqlı vaxtında getmək lazımdır və təmiz yuylmuş avtomobilə baxmaq lazımdır”.