Banner

Maşın bazarında bahalaşma - Satıcılar qiyməti süni şəkildə artırır...

Avtobazar 22 Avqust 2023 16:49 Oxunub 1594
Maşın bazarında bahalaşma  - Satıcılar qiyməti süni şəkildə artırır...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən həftənin sonu təşkil edilən "maşın bazarı"nda vəziyyət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bildirilir ki, xüsusilə yaşı 10 ildən artıq olan avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulmasından sonra minik avtomobillərinin qiymətində artım müşahidə edilib.

Qeyd edək ki, martın ayının 28-də Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərar qəbul edib. Bu Qərarla yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılıb.

Qiymət artımı bu qərarla əlaqəli olsa da, alıcılar "süni qiymət artımı"ndan şikayətlənir.

Ümumilikdə avtomobil bazarında vəziyyət hazırda necədir?

Azərbaycan Avtomobil Dilerləri Assosasiasının direktoru Eyyub Əliyev Modern.az-a açıqlamasında bazarda süni artımın olduğunu bildirib.

“Hal hazırda yeni avtomobillərə tələb var, xüsusən də hibrid maşınlara tələbat çoxalıb, amma bir çox istehsalçı avtomobil zavodları ölkəmizdəki rəsmi distribütorlarını təmin etməkdə çətinlik  çəkirlər. Əsasən hibridlərlə bağlı avtomobil çatışmamazlığı müşahidə olunur. Yeni avtomobillərdə qiymət artımı, demək olar ki, yoxdur. Onu da qeyd edim ki, qiymət artımı əsasən logistika xərcləri və rüsumlarla əlaqəli olaraq arta bilər. Bildiyimiz kimi, logistika xərcləri hər gün artmaqdadır. Lakin rəsmi distribütorlar öz mənfəətlərindən keçərək qiymət artımının olmasının qarşısını alırlar. İkinci əl avtomobillərə gəldikdə isə vəziyyət fərqlidir. Bazarda alıcı kütlə var, amma avtomobillərin qiymətlərində süni artım müşahidə edilir”, - Eyyub Əliyev qeyd edib.

 

 

Ekspert həmçinin, buraxlış ili 10 ili keçməsinə baxmayaraq, hələ də bazarda olan avtomobillərdən də danışıb.

“Buraxılış ili 10 ildən artıq olan avtomobillərin ölkəyə buraxılmaması qərarından sonra belə avtomobillərin qiymətlərində marka və modelindən asılı olaraq 1500 manatdan başlayan artım hiss edirik. Bu bir sıra "maşın alverçisi" adlandırdığımız şəxslər tərəfindən təyin olunan süni artımdır. Əslində istər həmin avtomobillərin, istərsə də digər köhnə avtomobillərin qiymətləri yerli bazarda süni olaraq 2-3 dəfə artırılıb. Çox təəssüf edici haldır ki, artıq istifadə müddətini başa vurmuş bir çox avtomobillər bəh-bəhlə satılır. Misal üçün 1994-cü ilin “Mercedes”ini bazarda hələ də təxminən 10 min manat ətrafında satılması pis haldır. Belə düşünürəm ki, dövlətimiz yaxın zamanlarda buna da əncam çəkəcək. Necə ki, elektrik mühərrikli avtomobillər üçün xüsusi güzəştlər tətbiq olundu, benzin və dizel mühərrikli avtomobillərə də ediləcək güzəştlər yerli bazardakı yararsız ikinci əl avtomobillərə tələbatı azalda bilər. Belə olan halda yetərincə köhnə olan avtomobil parkımız yenilənə bilər”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə avtomobil bazarında durğunluq olduğunu, qiymətlərin endiyini deyir.

“Bu gün Azərabycanın ikinci əl avtomobil bazarında aktivlik zəifdir. Alıcı sayı da azdır. Bu səbəbdən qiymətlər də stabildir. Qiymətlərdə kəskin artım yoxdur. Əksinə deyərdim bəzi avtomobillərdə qiymətlər enib. Mühərrik həcmi 3000 kub santimetr və ondan yuxarı olan köhnə maşınlar bazarda daha ucuz təklif olunur. Əvvəlki aylara nisbətən ucuzlaşma var. Ölkəyə yeni idxal edilən avtomobillərdə isə qiymətlər təxminən 3% yüksəlib.

İkinci əl avtomobil bazarında qiymət artımı ajotajı müşahidə edirik. Ara-sıra belə xəbərlər gəlir ki, köhnə maşınların qiyməti yüksəlib və s. Heç bir əsası yoxdur. Köhnə avtomobillərin qiyməti aprel-may aylarında 5% yüksəlmişdi, bu gün isə aktiv deyil, fəallıq çox aşağıdır. Alıcılar yoxdur, qiymətlər də bu səbəbdən aşağıdır.

İl ərzində 6 aydan bir köhnə və təzə maşınların qiymətində 3-5% artım müşahidə olunur. Yeni, avqust ayında idxal edilən avtomobillərin qiyməti təxminən 3% yüksəlib. Avtomobil istehsalçıları artımı ehtiyat hissələrinin qiymətinin qalxması, daşınma xidmətlərinin yüksəlməsi ilə əlaqələndirirlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh