«Nurgün Motors»dan maşın alanlar ehtiyyatlı olsun
Bugünlərdə aznews.az saytı Bakıda bir neçə avtomobil satış mərkəzi və salonlarında ciddi qanun pozuntularının aşkarlandığı haqda məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, salonlarda keyfiyyətsiz avtomobillərin satılması, müştərilərin aldadılması ilə bağlı çoxsaylı şikayətlər olub. Şikayətlər əsasən suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş avtomobillərin “probeq”inin aşağı salınaraq baha qiymətə satılması ilə bağlı olub. Məlum olub ki, avtosalonlar dələduzluq yolu ilə insanlardan xeyli pul mənimsəyirlər, onlara maddi ziyan vururlar. Belə hallar əsasən “Nurgün Motors”un bəzi salonlarının, eləcə də “Avto Line”, “Avto Qalareya”, “Avto Murad” və digər salonlarda öz təsdiqini tapıb. Musavat.com-a “Nurgün Motors”dakı mənbədən daxil olan məlumatda isə bildirilir ki, əslində xeyli əvvəl də bir sıra dövlət qurumları Nuru Əliyevin biznes fəaliyyətində ciddi qüsurlar aşkarlayıb. Lakin müəyyən əlaqələri onu xilas edib. Son vaxtla isə onun bəzi siyasi qüvvələrlə əlaqələrinin oluğu izə çıxıb. Onun müxalifətin bir qanadı ilə yaxınlıq etməsi, hətta həmin qanada müəyyən dövrlərdə maliyyə dəstəyi verməsi də bəlli olub. Bu faktların meydana çıxması qoruyan "əllərin" ondan imtina etməsinə səbəb olub. Və qısa müddətdə N.Əliyevə məxsus bir çox məşhur brendlərin distributorluğu əlindən alınıb: “Hətta vaxtilə Nuru Əliyev ölkəni tərk etməli olmuşdu. Sonradan ölkəyə qayıdıb bəzi məşhur brendlərin distributorluğunu təhvil verib işini davam etdirməyə başladı”.
Qaynağımız deyib ki, N.Əliyev əsasən Yapon şirkətləri ilə işbirliyindədir: “Yaponlarla işləmək dəqiqlik, dürüstlük tələb edir. İşlə bağlı hər xırda məqam yaponlar üçün əhəmiyyətlidir deyə yerli şirkətlər onlarla işləməyə çox da həvəs göstərmir. Nuru Əliyevin isə illərdir ki, onlarla ticari əlaqələri var. Bakıda ilk hiper-marketlərdən biri ”Contenental" vaxtilə onun olub. 100-dən çox brendin yayılması hüququ da onda olub. Lakin sonradan “Fillip Moris”in istehsalı olan siqaretlərin ölkədə yayılmasından, məşhur “Vaqon” sosiskalarından və bir çox ərzaq brendlərinin yayım hüququndan imtina etməli olub".
1990-cı illərin sonlarında “Nurgün” Şirkətlər Qrupunu yaratmaqla N.Əliyev ölkəyə o dövr üçün əlçatmaz olan maşın markalarını gətizdirməyə başlayıb: “Bir neçə il əvvəl problemləri üzündən ölkədən getsə də, sonradan geri qayıtdı. Salyan və Sabirabad olimpiya idman kompleksləri bu gün də ”Nurgün Motors"un himayəsindədir. Şirkətin sponsorluğu ilə fəaliyyət göstərirlər".
Aznews.az xəbər verir ki, şirkətə məxsus “Infiniti”, “Renault”, “Nissan” və “Ford” markalı avtomobillərin satıldığı salonlar bir müddət əvvəl möhürlənmişdi. Səbəb kimi “Nurgün Motors”un vergini vaxtında ödəməməsi göstərilirdi. “Nurgün Motors”un marketinq şöbəsindən bildiriblər ki, satış mərkəzlərində təmir işləri aparıldığı üçün fəaliyyətini müvəqqəti dayandırıb: “Şirkətə məxsus avtosalonlarda profilaktik işlər görülür və bəzi təmir işləri aparılır. İşlər bitmək üzrədir. Salonların fəaliyyəti bu gün axşam saatlarından etibarən bərpa olunacaq”.
Lakin “Nurgün Motors”a aid olan böyük avtomobil salonlarının niyə hamısında eyni vaxtda təmir işlərinin aparılması sualına cavab verilməyib.