Ötən ay Azərbaycanın avtomobil bazarında qiymətlər stabil qalıb
May ayında Azərbaycanın avtomobil bazarında qiymətlərdə kəskin artım və ya azalma olmayıb.
Bu barədə Avtosfer.az-a açıqlamasında ötən ay ölkənin avtomobil bazarında baş verən prosesləri şərh edən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, ötən ay həm yeni, həm də köhnə avtomobillərin satışı təqribən 20 % artıb:
“Bu artım mövsümlə əlaqədardır. Hər il yaya doğru avtomobillərə tələbat artır. Vətəndaşların yeni avtomobillərə marağı artıb. Bu da ilin əvvəlindən Azərbaycana gətirilən hibrid avtomobillərin ƏDV-dən azad edilməsi ilə bağlı ola bilər. Çünki rəsmi dilerlərdən avtomobil alan vətəndaşlar ilk növbədə hibrid avtomobillərlə maraqlanırlar”.
Detallı müqayisə aparsaq, ekspert yeni avtomobil bazarında aktivliyin təkrar avtomobil bazarından daha çox olduğunu deyib:
“May ayında birinci əl avtomobil bazarında alıcılar krossover və mini krossoverlərə üstünlük verib. Təkrar avtomobil bazarında isə əsas tələb mühərrik həcmi 1500 kubsantimetrdən 2 500 kubsantimetrə qədər olan sedan vəV. Yeni avtomobil bazarında isə əsas üstünlük hibrid avtomobillərə verilib. Bunlar mühərrik həcmi 2 500 kubsantimetr olan krossoverlərdir.
Ümumilikdə Azərbaycanın avtomobil bazarında köhnə avtomobillərin də payı olduqca çoxdur. 2015-ci ildə manatın devalvasiyasından sonra Azərbaycanda avtomobillərin qiyməti təxminən 80 % yüksəlib. Ona görə də vətəndaşlar daha çox köhnə avtomobillərə üz tutur. Ümid edirəm ki, bu ilin sonuna qədər Azərbaycanda mühərrik həcmi kiçik olan avtomobillərin idxalına da gömrük güzəştləri tətbiq edilər və onların kredit şərtləri sadələşdirilər ki, vətəndaşlar yeni avtomobilləri ala bilsinlər”.
E. Cəfərovun sözlərinə görə, bu ayın sonunda bazarda qiymətlərin bir qədər artacağı gözlənilir:
“Hər rübün sonunda avtomobil istehsalçıları tərəfindən yeni avtomobillərin qiyməti 2-5 % artırılır. Məsələn, yanvar-mart ayları ərzində qiymətlərdə 2-5 % civarında artım var idisə, ikinci rübün sonuna doğru da qiymətlərin bu həddə yüksələcəyi gözlənilir. Bu, bizim daxili bazarla deyil, istehsalçı şirkətlərlə əlaqədardır. Qiymət artımının əsas səbəbi avtomobillərin ehtiyat hissələrinin və logistika qiymətlərinin artmasıdır”.