Prezident tapşırıq verdi – “Toyota” Azərbaycana ekoloji təmiz maşınlar gətirdi – FOTO-VİDEO
“Toyota”nın rəsmi distrübütoru “Toyota Caucasus” yeni RAV4 və Corolla-nın yeni modellərini media nümayəndələrinə təqdim edib. Qeyd edim ki, RAV4 modelinin hibrid versiyası da təqdim olundu. Təqdimat Rustavi şəhərindəki beynəlxalq trekdə media-tur və sınaq yürüşləri ilə baş tutub. Tədbirlərdə Avtosfer.az da təmsil olunub.
Öncə onu deyək ki, bir gün ərzində jurnalistlər hibrid mühərrikli avtomobillərin fərqli cəhətlərini əyani və praktiki olaraq sınaqdan keçirdilər. Hər iki modelin köhnə və yeni buraxılışları test edildi. Eyni zamanda, hibrid və benzin mühərrikli avtomobillərin fərqini də hiss etməyə imkan yaradıldı. Bu avtomobillər öz sinfində dözümlülük üzrə möhürünü vurmuş modellərdir və uzun illərdir Azərbaycan bazarında da özünə geniş yer tutub.
Elə bu məqamda qeyd etmək lazımdır ki, hibrid avtomobillərinin Azərbaycana gətirilməsi zərurətə çevrilib. Çünki ötən il dekabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair” (2019-2023-cü illər) Dövlət Proqramını təsdiq edib. Proqramda Azərbaycanda ekoloji təmiz avtomobillərinin istifadəsinin stimullaşdırılması və belə avtomobillərin ölkəyə gətirilməsinin zəruriliyi əksini tapıb. Çünki dünyanın bir çox ölkəsində ekoloji tarazlığı qorumaq üçün bu cür təmiz nəqliyyat vasitələrinə keçid dövrü başlayıb. Azərbaycanda da buna ehtiyac var. Toyota-nın təqdim etdiyi bu iki model həm ekoloji təmiz nəqliyyat vasitəsidir, həm də şəhər mühitində səs-küyün qarşısını almağa hesablanmış texnologiyanı özündə əks etdirir. Yəni, bu avtomobillər aşağı sürətlə idarə edildikdə yalnız elektrik enerjisini işlədir, səs-küydən isə əsər-əlamət qalmır.
Hibrid avtomobillərinin Azərbaycana gətirilməsi yaxşı bir ənənədir və düşünürəm ki, yaxın gələcəkdə bu cür avtomobillərin gətirilməsinə stimul verilməlidir. İlk növbədə qanunvericilikdə hibrid avtomobillərinə dair boşluqlar həllini tapmalı, eyni zamanda, gömrük rusumlarına xeyli güzəşt edilməlidir. Bu cür nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsinin stimullaşdırılması üçün bu iki amil çox önəmlidir. İnsanlar seçim edərkən ətraf mühiti və ciblərini düşünməlidir. Bu sahədə geniş təbliğat işlərinə də ehtiyac var.
Toyota Hibrid ətraf mühitlə bağlı narahatlıqlara cavab olaraq 1993-cü ilin yazında özünün 21-ci əsr avtomobil layihəsi üçün çox yüksək hədəf təyin etdi – eyni sinif avtomobillər arasında yanacağa iki dəfədən çox qənaət, CO2 emissiyasının azaldılması, beş böyük oturacağın təmin edilməsi və kompakt dizaynda salona maksimal genişliyin verilməsi.
Məqsədə nail olmağın yollarını dəfələrlə axtardıqdan sonra Toyota 1995-ci ilin iyun ayında daxili yanma mühərriki ilə elektrik mühərrikli hibrid sistemini qəbul etmək qərarına gəldi. 2 il yarımdan sonra, 1997-ci ilin dekabrında Toyota özünün innovativ hibrid texnologiyasını yeni model ilə - Toyota Prius ilə dünyaya təqdim edərək ənənəvi sürmə tərzini geridə buraxdı. Qabaqcıl Hibrid olaraq, Toyota bu 20 il ərzində özünün innovativ, özü enerji yığan Hibrid avtomobillərini təkmilləşdirməkdə davam edir və indi özünə rəqib tanımayan və hər həyat tərzinə uyğun dəbli, çevik və səmərəli Hibrid modelləri ilə qürur duyur. Bu müddət ərzində Toyota səmərəlilik, etibarlılıq və enerji baxımından böyük nəticələr əldə etmişdir. Bu nəticələr davamlı olaraq sürücülər arasında etimadın artmasına gətirib çıxarıb – dünyada 12 milyondan çox insan Toyota Hibridi seçir. İndi isə Toyota Hibridi sürücülər üçün cəlbedici edən amillərə nəzər salaq:
Öz sinfində ən yüksək səmərəlilik (hibridlər yanacağa qənaət edirmi?) Toyota Hibridlər öz siniflərində yanacaq sərfiyyatı baxımından ən sərfəli avtomobillərdəndir. Qısa məsafəli səyahətlərdə aşağı sürətdə və ya tez-tez dayanmaqla səyahət zamanı bu avtomobillər ümumiyyətlə yanacaq sərf etmir. Bunun səbəbi isə ondadır ki, hibridlər mümkün olduqca öz elektrik mühərriki və Hibrid akkumulyatoru hesabına işləyir. Məsələn, Yeni nəsil RAZ4 hibrid 4.6l /100km qədər aşağı yanacaq sərfiyyatı ilə qürur duyur. Bütün Toyota Hibridlər özü enerji yığdığı üçün regenerativ əyləc texnologiyası ilə təchiz olunublar. Bu o deməkdir ki, siz əyləcə basdığınız və ya hərəkəti yavaşlatdığınız zaman yaranan elektrik enerjisi akkumulyatora yığılır. Bu isə sonradan sizə sırf elektrik enerjisi ilə hərəkət etməyə və səyahətinizi yanacağa daha çox qənaətlə davam etdirməyə imkan yaradır. Nəticə? Sıfır yanacaq sərfiyyatı, sıfır azot oksidi və asılı hissəciklərin emissiyası və şəhərdaxili hərəkətinizin 50%-ə qədərinin səssiz olması.
Həyat Hibridlə daha asandır Hibrid avtomobil texnologiyası ilə bağlı mürəkkəb heç nə yoxdur. Əslində, Toyota Hibridi sürmək hətta adət etdiyiniz avtomobilləri sürməkdən daha asan ola bilər. Gördüyünüz kimi, özü enerji yığan Hibrid sistemimiz elektrik enerjisi ilə səssiz hərəkətdən benzinlə çevik hərəkətə keçə və ya sizə lazım olan anda daha artıq güc vermək üçün ikisini eyni anda işlədə bilər. Heç bir dəstək, düymə və ya açara ehtiyac yoxdur. Bununla yanaşı, bütün Toyota Hibridləri avtomatik transmissiyalarla təchiz edilmişdir. Belə ki, siz ötürmələr qutusunu “Drive” rejiminə keçirməklə rahat və komfortlu Hibrid təəssüratı üçün arxaya söykənə bilərsiniz.
Toyota Hibridin qabaqcıl akkumulyator texnologiyası avtomobilin uzunmüddətli istismarına uyğun olaraq hazırlanmışdır. Daha az aşınan əyləc bəndləri kimi hissələr, eləcə də ənənəvi servis planları ilə texniki xidmət xərcləri 5% daha azdır. Əslində, "mufta", generator və "starter" mühərriki kimi bəzi mexaniki elementlər tam çıxarılaraq gələcəkdə nəzərdə tutulmayan xərclərin azalmasına gətirib çıxarır. Daha az aşınan əyləc yastıqları kimi hissələr, eləcə də ənənəvi servis planları ilə texniki xidmət xərcləri 5% daha azdır.
Anzen – yaponca təhlükəsizlik anlamına gələn bu söz Toyota yarandığı ilk gündən etibarən onun ən əsas prinsipi olub. Toyotada avtomobillər elə dizayn olunur ki, təhlükəsizlik avtomobilin funksiyalarından öndə gəlir – bu, avtomobilləri sürən şəxslərin həyatı deməkdir. “Toyota üçün təhlükəsizliyə doğru yol heç zaman bitmir. Bu inam və bizim davamlı araşdırma səylərimiz toqquşmaların qarşısını almağa və insanların həyatlarını qorumağa kömək etmiş (və etməkdə davam edən) üstünlüklər və yeniliklər tətbiq etmək üçün bizə təkan verir”.
Ciddi xəsarətlərlə nəticələnən toqquşmalar çox zaman sürücülərin vəziyyəti gec anlaması və onların müvafiq qaydada davranmamaları səbəbilə baş verir. Toyota hərəkət zamanı sürücülərin təhlükələr barədə xəbərdarlıq edilməsi və onların qəzalardan yayınmaları üçün bir addım öndə olmaları məqsədilə Toyota Təhlükəsizlik Sistemi adlanan aktiv təhlükəsizlik texnologiyasını işləyib hazırlamışdır. İndiyədək dünya üzrə 10 milyon istifadəçi Toyota Təhlükəsizlik Sistemi ilə təchiz edilmiş Toyota avtomobillərini seçib və bu rəqəm dinamik şəkildə artmaqda davam edir. 2019-cu ildən başlayaraq bu texnologiya bizim bazara da çıxıb: Yeni nəsil Corolla, Yeni nəsil Rav4, Camry, C-HR və LC 200 Toyota Safety Sense ilə təchiz edilmiş modellərdir.
Bəs Toyota Safety Sense tam olaraq necə işləyir? TSS hərəkət zamanı sürücüyə yardım edən təhlükəsizlik sistemlərinin ümumiləşdirilmiş adıdır. Gəlin daha yaxından nəzər salaq: Toqquşmanın qarşısını alan funksiya (PCS) Heç kəs toqquşmaq istəməz. Lakin bu baş verdiyi an biz zərər və xəsarəti azaltmaq istəyirik. Bu, öndən toqquşma ehtimalı yüksək olduqda sizi xəbərdar etmək üçün radar texnologiyasından istifadə edən, habelə qəzanın qaçılmaz olduğunu müəyyən etdikdə əyləcləri işə salan və təhlükəsizlik kəmərini avtomatik qaydada sıxan toqquşmanın qarşısını alan funksiyasını işləyib hazırlama səbəblərimizdən biridir.
Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası ilə Toyota hərəkət zamanı zolaqdan çıxdığınız təqdirdə sizi məlumatlandırır. Görünən zolaq nişanları olan yolda 50 km/s sürətlə hərəkət edərkən, sistem görünən zolaq nişanlarını tanımaq məqsədilə xüsusi kameradan istifadə edir və zolaqdan çıxıb-çıxmadığınızı müəyyən edir. Zolaqdan çıxdığınız zaman avtomobil audiosiqnal verir və alətlər panelinin üzərində indikator işığı yanır.
Uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyası (AHB) gecə vaxtı aydın görməyinizə kömək məqsədilə dizayn edilmiş (digər sürücülərin diqqətini yayındırmadan) təhlükəsizlik funksiyasıdır. 40 km/s (modeldən asılı olaraq dəyişə bilər) sürətdə aktivləşdirilməsi üçün dizayn edilmiş AHB qarşıdan gələn avtomobillərin ön faralarını, eləcə də öndə olan avtomobillərin arxa faralarını müəyyən etmək üçün avtomobilin daxilindəki kameraya əsasən işləyir və daha sonra müvafiq olaraq uzaq və yaxın işıqları işə salır. Uzaq görmə işıqlarını daha tez-tez istifadə etməklə sistem piyadaların və maneələrin daha tez müəyyən edilməsinə imkan verə bilər.Bu sistem millimetr dalğalı radar sensorundan və birgözlü kameradan istifadə etməklə avtomobillər arasında əvvəlcədən təyin edilmiş məsafənin saxlanması məqsədilə öndə gedən avtomobili və onun sürətini müəyyən edir (təyin edilmiş aralıqda).
Toyota Corolla keyfiyyətli, etibarlı və davamlı avtomobil olaraq dünyada etalon kimi tanınır. Özünün xüsusiyyətlərinə görə o dünyada ən çox satılan avtomobil oldu – 1966-cı ildə təqdimatından etibarən dünyada 46 milyon Toyota Corolla satılıb. 2019-cu ildə Toyota öz əfsanəvi sedanının 12-ci nəslini yeni təkmilləşdirilmiş 1,6 litrlik benzin mühərriki təqdim etdi. Heyrətləndirmək üçün dizayn edilib. Yeni Corolla istənilən şəxsi istənilən yerə rahat və dəbli şəkildə apara biləcək avtomobildir. Yeni Corolla cəsur və dinamik görünüşə malikdir. Onun geniş ön tərəfi və aşağı kapotu axın görüntüsü verir. Bu görüntüyə isə 17 düymlük geniş, şəbəkəli yüngül lehimli disklə və fərqli LED ön faralar da əlavə olunur. Dəbli və praktik Corolla alçaq burnundan geniş ətəyinə doğru axan incə zolaqlarla səciyyələnir. Tam yeni Corolla yüksək duyğu keyfiyyəti və qabaqcıl texnologiyası ilə fərqlənərək genişlik və erqonomik baxımından mükəmməl salona malikdir. Premium keyfiyyətli interyerin bəzi texnoloji özəlliklərinə 8 düymlük touch multimedia sensor ekran, 7 düymlük multi-informasiya ekranının intuitiv, asan istifadə olunan kombinasiyası və arxa qızdırılan oturacaqlar daxildir. Bu, hara getməyinizdən asılı olmayaraq sizdə dərin təəssürat oyadacaq Corolladır. Səmərəlilik və zövq bir arada Daha üstün keyfiyyət təklif etmək üçün hazırlanmışdır Corolla Toyotanın TNGA platforması üzərində qurulmaqla tam rahat hərəkəti təmin edir. Daha möhkəm kuzov və aşağı qravitasiya mərkəzi dönmə zamanı kuzovun aşmasını azaldır, ikiqatlı arxa asqı sistemi isə zərbələri daha rahat udur. Uzun səyahətlər zamanı yorğunluğun azaldılması üçün hətta sürmə mövqeyi də optimallaşdırılmışdır. Hər şeydən öncə təhlükəsizlik Yeni Corolla Toyota Təhlükəsizlik sistemi sayəsində indi daha da təhlükəsizdir. Bu unikal təhlükəsizlik sistemi hərəkəti daha çox asanlaşdıran, sizin və sərnişinlərin təhlükəsizliyini daha yaxşı təmin edən bir sıra yenilənmiş təhlükəsizlik funksiyaları ilə təchiz edilmişdir. Corollanın aktiv təhlükəsizlik sistemləri optimal iş rejimini təmin etməklə, zəruri hallarda avtomatik əyləc və idarəetmə dəstəyi vasitəsilə toqquşmadan yayınma və ya qəzanın təsirlərinin azaldılmasının effektiv yollarını təqdim edir. Toqquşmanın qarşısını alan funksiya (PCS), Adaptiv Kruiz Kontrol funskiyası (ACC), Sükan idarəetmə köməkçisi funksiyalı Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası) (LDA w/SA) və Uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyası (AHB) yenilənmiş versiyalarını birləşdirir. Əlavə olaraq, Hərəkət zolağının izlənməsinə nəzarət sistemi (LTA) də mövcuddur ki, onun vasitəsilə daha üstün hərəkət dəstəyi təmin olunur.
YENİ TOYOTA RAV4 - GÜZƏŞT TANIMIR
1994-cü ildə Toyota istənilən yol şəraitində idarəetmə qabiliyyəti ilə yığcam ölçülərə və heçbekə bənzər möhkəm krossover duruşunu bir arada birləşdirən RAV4 modelini dünyaya təqdim etdi. Eyni innovasiyalı ruh təkmilləşdirilmiş performans, qabiliyyət və təhlükəsizliyi yeni eraya gətirən RAV4 modelinin yeni beşinci nəslində müşahidə olunur. Bu yeniliklər krossoverdə Toyotanın yeni GA-K platformasının ilk dəfə istifadəsi ilə daha da güclənir. Aşağı qravitasiya mərkəzi və əhəmiyyətli dərəcədə artırılmış kuzov möhkəmliyi ilə, yeni RAV4 platforması üstün idarəetməyə, sürmə rahatlığına, geniş interyerə, sinfində qabaqcıl yük yerinə (oturacaqlar yerində olmaqla 580 litr VDA), alçaq dam və aşağı endirilmiş kapon hissəsi ilə güclü, gözoxşayan dizayn qurma sərbəstliyinə birbaşa töhfə vermiş olur. Həmçinin, daha çox genişlik və komfort təmin edən salon fərqli keyfiyyət və örtük də nümayiş etdirir. Yeni 2.0 litrlik birbaşa inyeksiyalı benzin mühərriki ilə yanaşı, yeni RAV4 özü enerji yığan hibrid transmissiya – Qərbi Avropada model üzrə müştərilərin mütləq əksəriyyətinin seçimini təklif etməklə öz sinfində unikal mövqeyini qoruyub saxlayır. Ön ötürücülü hərəkətdə 218 DİN at gücü, tam ötürücülü hərəkətdə isə 222 DİN at gücü təmin edən 2,5 litrlik benzin Hybrid Dinamic Force öz sinfində yanacağa ən yaxşı qənaət göstəricisi (qarışıq tsiklli yanacaq sərfiyyatı 4,6l/100 km*) və emissiya səviyyələri ilə (100 q/km*) enerjidə, çeviklik və səmərəlilikdə dəyişiklik gətirir. Eyni zamanda, tam ötürücülü hərəkət sistemləri “istənilən yolda idarəetmə” qabiliyyətinə nail olmaq məqsədilə hərtərəfli qaydada təkmilləşdirilmişdir. Yeni RAV4 Hibridin elektrik AWD-i sistemi çətin şərtlərdə daha güclü performans və sürüşkən səthlərdə idarəetmənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yenidən qurulmuş və gücləndirilmişdir. Yeni RAV4, həmçinin, qəzaların qarşısının alınması və daha yaxşı hərəkət dəstəyinin təmin edilməsi məqsədilə qabaqcıl texnologiyaların, sürücüyə kömək edən sistemlərdən istifadəni genişləndirən əlavə Toyota Safety Sense funksiyalarından yararlanan ilk Toyotadır.
“Bu cür sərt seqmentləşmiş və getdikcə daha çox rəqabətli bazarda yeni konsepsiya yaratmaq heç də asan deyil. Biz müştərilərə ‘wow’ effekti verməli, müstəsna görünüşə malik avtomobillə onları valeh etməli və bu avtomobilə sahiblənməyin faydalarını vurğulamalıyıq. Beşinci nəsil RAV4 modelini işləyib hazırlayarkən prinsiplərimiz bunlar idi. Biz istənilən yol şərtlərinə cavab verməsi üçün RAV4 avtomobilinin performansını təkmilləşdirdik. Ənənəvi krossover asqısı yolsuzluq şəraitində narahat, qeyri-çevik hərəkətə səbəb olduğu halda, RAV4 sedan kimi rahat və həzzverici hərəkəti təmin edir.” – deyə RAV4 avtomobilinin baş mühəndisi Yoshikazu Saeki qeyd etdi.
Təqdimatda çıxış edən “Toyota Qafqaz” şirkətinin prezidenti Mitsuru Konişi (Mitsuru Konishi) bildirib ki, yeni avtomobillərin müştərilər tərəfindən maraqla qarşılanacağına əmindir: “Biz tamamilə yeni “RAV 4” və “Corolla” modellərini Azərbaycan bazarına təqdim etməkdən qürur duyuruq. Əminik ki, bu əfsanəvi modellərin yeni versiyaları dizaynına, təkmilləşdirilmiş komfortuna və təhlükəsizlik göstəricilərinə görə Azərbaycan sürücülərinin ürəklərində dərhal yer qazanacaq. Başqa bir şad xəbər odur ki, yeni nəsil “RAV4” hibrid (Hybrid) mühərrikə malikdir və mən inanıram ki, bu yenilik bizim müştərilərimiz tərəfindən çox gözəl qarşılanacaq və yüksək qiymətləndiriləcək”.
Avtomobillər haqqında məlumat verən "Toyota Azərbaycan"ın nümayəndəsi Sabir Kazımzadə deyib ki, "Toyota" Azərbaycan bazarının 27%-nə nəzarət edir: “1966-cı ildə istehsal edilən "Toyota Corolla" isə C sinfində (Toyota C-SeqmentPlatform) liderdir və hazırda Azərbaycan bazarının 34%-nə sahiblənib. Dünya üzrə 46 mln. ədəddən çox satılan bu model mühərrikinin həcmi 1 600 kubsantimetr olan benzin və hibrid modelləri satışa çıxarılıb. Bu günə qədər dünyada 46 mln.dan çox "Toyota Corolla" satışa çıxarılıb”.
“Toyota” rəsmisi deyib ki, satışa çıxarılan “Corolla” həm mexaniki sürətlər qutusunda, həm də avtomat sürətlər qutusunda müştərilərə təqdim ediləcək: “Hazırda yeni "Corolla" həm hibrid, həm də benzin mühərriklə tənzim edilib. Amma dizel mühərrikli avtomobil istehsalı nəzərdə tutulmur. Hibrid avtomobillərə maraq var, dizel mühərrikli avtomobillərə isə maraq yoxdur. İlkin mərhələdə Azərbaycana yalnız benzin mühərrikli avtomobillər gətiriləcək”.
Qeyd edək ki, hibrid mühərrikli RAV4 artıq Azərbaycanda “Toyota”nın rəsmi dilerləri tərəfindən satışa çıxarılıb. Toyotanın yeni modellərini sınaq yürüşündə sınamaq istəyirsinizsə Toyotanın Azərbaycandakı rəsmi dilerlərinə - Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi və Toyota Gəncə Mərkəzinə müraciət edə bilərsiniz.
Elməddin Muradlı