Banner

«Qanlı göl»dəki maşın bazarı qan «ağlayır»; alver dayanıb - FOTO

Avtobazar 14 Mart 2015 00:01 Oxunub 7644
«Qanlı göl»dəki maşın bazarı qan «ağlayır»; alver dayanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşın bazarında alıcılar da, satıcılar da narazıdır; dollar bazarı «vurub»

Maşın bazarına sonuncu dəfə 5 il öncə getmişdim. Jurnalist əmək haqqından illlərlə yığdığım qənaət hesabına bir köhnə avtomobil almaq istəyirdim. Yadımdadır, 2-3 ay demək olar ki, hər həftə bu ünvana gedir və «Qanlı göl»ün qurudulmuş torpağında tikilən bazarda olan minlərlə avtomobildən cibimə uyğun olanını tapmayaraq oranı elə qanı-qara tərk edirdim. Sonralar da səhər və axşam saatlarında «Dairəvi yolla» getdiyimdən maşın bazarını kənardan görürdüm. Amma bu bazarı dünənki qədər boş görməmişdim. Bazar ilk baxışdan sahibsiz yas yerinə bənzəyirdi. Satanın alandan çox olduğu bazarda avtomobillərin sayı o qədər də çox deyildi. Görünür, bu ilin əvvəlindən həm aksiz vergisinin tətbiqi, həm manatın məzənnəsinin aşağı düşməsi, həm də başqa səbəblər maşın bazarına da təsirsiz ötüşməyib. Belə ki, manatın ucuzlaşması onsuz da durğun olan maşın bazarını daha da gərgin vəziyyətə salıb. Bu arada stabil bir durum olmadığından kimsə əmlakını satmaq istəmir. Bir tərəfdən isə dolların bahalaşmasından sonra əksəriyyət öz əmlakının manatla olan qiymətini dollar ekvivalentində təklif edir. Avtomobil bazarında isə qiymətlər öncədən də dollarla idi. Dolların bahalaşmasından sonra isə avtomobil satıcılarının iki yolu qalırdı. Ya qiymətləri artırmaq, ya da əllərində olan avtomobilləri köhnə qiymətlərlə təklif etmək. Alıcılar isə onsuz da manatın ucuzlaşmasından pul itirdiklərindən avtomobil üçün əlavə pul xərcləmək istəmirlər. Bu gün alıcılar onsuz da təxminən 10 min dollarlıq avtomobil alarkən əlavə olaraq 3 min manat xərcləmək zorundadır.

Biz də onsuz da maşın sarıdan zəif olan bu bazarda bir qədər gəzərək həm qiymətlərlə maraqlandıq, həm də satıcıların maşın bazarındakı vəziyyətlə bağlı fikirlərini öyrəndik. 

Satıcı Mirtalıb Ağayev deyir ki, bazarda satış onsuz da aşağı vəziyyət idi: «İndi isə sadəcə hər gün bura gəlib maşınları yuyub təmizləyirik. Üç ay əvvəl gətirdiymiz maşınlar da əlimizdə qalıb. Üç ay əvvəl Almaniyadan 5 ədəd "Hyundai Tucson" avtomlbili gətirmişəm. Əvvəl bazarda 16-17 min dollara təklif edirdik. Sonradan qiymətləri 1000 dollar da ucuzlaşdırdıq. Amma yenə də satılmayıb. Bir tərəfdən də valyuta məzənnəsində itiririk. Burada dollarla satıb, Avropadan avro ilə avtomobil almaq zorundayıq. Orada isə həm də avro bahalaşır. Əksəriyyət buradakı yerlərini qaytarıb bazardan çıxır. Bizim əlimizdə avtomobil olduğundan hələ gedə bilmirik. Yəqin ki, bu maşınları satandan sonra biz də bazardan çıxacayıq». 

Bazarda apardığımız müşahidələr göstərdi ki, hazırda 2005-ci il buraxılışı olan "Mersedes-Benz" markalı avtomobilin qiyməti 21 min dollara təklif olunur. Satıcı deyir ki, bu avtomobil bir müddət öncə 23 min manata təklif olunub. Hazırda bazarda 2013-cü il buraxılışlı olan "Renault"un qiyməti 13 min dollardır. "Honda CR-V"  25 min, 2008-ci ilin buraxılışı olan "Toyota Prado"nun isə qiyməti 28 min dollara təklif olunur.

Satıcı Vüsal Məmmədov deyir ki, manatın ucuzlaşmasından sonra ən çox əziyyət çəkənlərdən biri də avtomobil satıcılarıdır: «Dolların bahalaşmasından sonra hər kəs manatla olan qiymətləri dollara çevirdilər. Biz isə öncədən də avtomobilləri dollarla satırdıq. İndi isə əvvəlki qiymətə maşın sata bilmirik. Demək, həm məzənnə dəyişikliyindən uduzmuşuq, həm də avtomobili əvvəl təqdim etdiymizdən aşağı təklif etmək zorundayıq. Bununla da biz ikiqat ziyan edirik. 10 min dollar bir müddət əvvəl əvvəl 7844 manat idi. İndi 10500 manatdır. Deməli, əslində bir avtomobildə 2600 manat civarında bahalanma var. Alıcılar da bunun fərqindədir və hazırda avtomobil almaq istəmirlər. Bəzi alıcılar var ki, onlara hətta avtomobili dolların əvvəlki qiymətinin manatla dəyərinə də deyirik. Amma qiymət dəyişməsindən sonra hələ də avtomobil sata bilməmişik. Əslində son 1 il, il yarım ərzində satış çox aşağı düşmüşdü, son bir neçə həftədə isə tamamilə dayanıb. Müştərilərin yeni kursa adaptasiya olunmaları lazımdır. Şirkətlər də satdıqları təzə avtomobillərin qiymətini 30 faiz qaldırıb. Artım əsasən aparıcı markalar olan "Toyota", "KIA", "Hyundai" avtomobillərindədir. Təkcə Yapon istehsalı olan avtomobillərin qiymətini manatla, həm də stabil saxlayıblar, çünki onlarda alış az olduğuna görə olan-qalan müştərilərini də itirmək istəmirlər. Bir də Rusiya istehsalı olan avtomobillərin satışı az da olsa var. Onlar əvvəl də avtomobili manatla satırdılar». 

Satıcı Rəşad Babayev isə deyir ki, alıcılar hazırda daha çox kiçik motorlu və dizelə işləyən maşın axtarır: «Əvvəl bazar yaxşı idi və alıcılar həm böyük motorlu, həm də kiçik motorlu maşın istəyirdilər. İndi isə həm vergilərin artması, həm də benzinin bahalaşması insanları düşünməyə vadar edir».

Avtomobillərin qiyməti ilə maraqlanmaq üçün bazara gələn paytaxt sakini Asəf Səmədov deyir ki, istədiyi avtomobili tapa bilmir: «Alman istehsalı olan işlənmiş avtomobil almaq istəyirdim. Bilirəm ki, manatın məzənnə dəyişikliyindən sonra qiymətlər bahalaşacaq. Ona görə, istədim qiymətlər bahalaşmamış avtomobil alım. Amma indi görürəm ki, qiymətlər onsuz da bahalaşıb. Hansı maşınla maraqlanıram qiymətlər markasından asılı olaraq bir ay öncəyə nisbətən 1000-2000 manat bahalaşıb. Belə görürəm ki, mən bu il də maşın ala bilməyəcəm». 

Avtomobil bazarı üzrə ekspert Ramil Osmanlı isə deyir ki, manatın devalvasiyası, maşınların dollarla satılması qiymət artımına səbəb olub: «Hazırda avtomobillərin dollar ekvivalentində qiymət artımı olmasa da, manat ekvivalentində qiymət artımı var. Əvvəl 10 min dollara satılan avtomobilə təxminən 7 min 850 manat ödənilirdisə, indi bu məbləğ 10 min 500 manata yaxındır. Qarşıdakı dövrdə yeni avtomobillərin gəlməsi ilə bağlı olaraq idxal məhsullarındakı ümumi qiymət artımları təbii ki, avtomobil qiymətlərinə də təsir göstərəcək. Yeni avtomobillərin qiymətində 20 faizlik qiymət artımı gözlənilir».

Bir neçə saatlıq müşahidə zamanı gördük ki, hazırda maşın bazarında alan da, satan da narazıdır. Amma hələ ki, nə satıcılar qiyməti ucuzlaşdırmaq, nə də alıcılar bu qiymətə avtomobil almaq istəyir…

 

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh