Banner

Su işlədən Bakı avtomobilləri

Avtobazar 2 Mart 2015 23:31 Oxunub 1966
Su işlədən Bakı avtomobilləri
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtın ekoloji durumunda kəskin dönüş yaradıla bilər

Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda metanol istehsal edən yeganə zavod Azərbaycandadır və keçən il zavodda 100 min tondan çox məhsul əldə edilib. Avtosfer.az anspress-ə istinadən məlumat verir ki, indi dünyanın hər yerində şəhərləri ekoloji çirklənmədən qorumaq üçün avtomobillərdə benzini metanolla əvəzləyirlər. Səbəb aydındır - oktan ədədi benzindən xeyli yüksək olan metanol "Avro 6" standartlarına uyğun gəlir. Çünki metanol yanarkən yalnız su və karbon qazı ayrılır. Havaya qurğuşun və aralıq karbohidratlar atılmadığından hava yetərincə təmiz olur. Metanol avtomobillərdə yüksək sürət əldə etməyə də imkan yaradır. Təsadüfi deyil ki, dünyada bütün yarşı avtomobilləri metanolla işləyir. 

Amma bütün bu üstünlüklərinə baxmayaraq, Azərbaycanda avtomobillər ölkədə istehsal edilən bu qiymətli yanacaqdan istifadə edə bilmir. Ölkədə istehsal edilən yanacaq əsasən Türkiyəyə satılır. Türkiyə dünya üzrə metanolun geniş istifadə edildiyi ölkələrdən biridir. Bu ölkədə ildə 500 min tona yaxın metanol istehlak edilir. İtaliyada ildə 1 milyon ton, Çində isə 30 milyon ton metanol istehlak edilir. 

Təbii ki, bu ölkələrdə metanol təkcə yanacaq kimi işlədilmir - formaldehid, fomalin, sintetik qətran və s. istehsalında da işlədilir. Amma bununla belə, nəqliyyat sektoru dominantlıq edir. Məsələn, Çində şəhər nəqliyyatının tamamilə metanola keçirilməsi üzrə layihə gerçəkləşdirilir. 

Yəni Azərbaycan da bu təcrübədən yararlana bilər. Bu, ölkəmizə uzun illər, hətta neft ehtiyatları tükənəndən sonra belə, nəqliyyat sektorunu yerli yanacaqla təmin etməyə imkan verər. Məsələ bundadır ki, adətən ağac spirti kimi tanınan metanolun istehsalı zamanı qaz və sudan istifadə edilir. Geoloqlar Azərbaycanın yaxın 100 ildə tükənməyəcək qaz ehtiyatlarına malik olduğunu bildirirlər. Bəzi geoloqlar isə Yerin aşağı qatlarında gedən prosesləri nəzərə alaraq Azərbaycanın qaz ehtiyatlarının heç zaman tükənməyəcəyini bildirirlər. 

Qaradağda metanol zavodu tikiləndə də rəhbərlik istehsal ediləcək bütün məhsulu Azərbaycanda satacaqlarını bildirirdi. İlkin plana görə, Azərbaycanda il ərzində 720 min tona qədər metanol istehsal edilməsi nəzərdə tutulurdu. Bu, ölkə üzrə təxminən 400 min tona yaxın premium markalı benzini əvəz edə bilərdi. Bu ölkə üzrə benzin istehsalının 45 faizinə bərabərdir. Hazırda Azərbaycanda 900 min tona yaxın benzin istehsal edilir və bunun əsas hissəsi Azərbaycanda istehlak edilir. Amma indi metanol zavodunun rəhbərliyi belə planlardan danışmır və zavodun məhsullarının əsasən Türkiyəyə satıldığını bildirir. Metanolun daxili bazarda satılması Bakı və digər şəhərlərin ekologiyasına müsbət təsir eləməklə yanaşı, həm də Azərbaycandan kənara benzin ixracını 400 min ton artırmağa imkan verərdi. 

Nəqliyyat üzrə ekspert Azər Allahverənov bu məsələni ölkə iqtisadiyyatı üçün həddindən önəmli sayır. Onun sözlərinə görə, Azərbaycan avtomobillərinin metanolla işləməsini təmin etmək üçün ilk növbədə infrastruktur təmin edilməlidir, çünki ölkədə belə avtomobillərə xidmət edən infrastruktur yoxdur. "Bu məsəlyə dövlət səviyyəsində baxılmalıdır və infırastruktur yaradlılmasına qərar verilməlidir", - deyə Azər Allahverənov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan avtomobilləri də metanol işlətməyə hazır deyil. "Metanol işlədən avtomobilləri mühərriki fərqli olmalıdır. İndi elə avtomobillər var ki, onlar həm benzinlə, həm də metanolla işləyirlər. Adi avtomobilləri metanolla işlətmək olmaz. Mühərrik tez korroziyaya uğraya bilər. İlk öncə şəhər nəqliyyatına metanolla işləyən avtobuslar gətirmək olar. Həmçinin, Naxçıvan və Gəncə avtomobil zavodlarında istehsal edilən avtombillərin mühərrikində bu məsələni nəzərə almaq olar. Yəni bu məsələdə yavaş-yavaş irəliləyiş əldə etmək olar".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh