“Toyota” rüblük xalis mənfəətini 2 dəfədən çox artırıb

Avtobazar 12 May 2021 17:07 Oxunub 1504
“Toyota”  rüblük xalis mənfəətini 2 dəfədən çox artırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” şirkəti ötən il aprelin 1-dən bu il martın 31-nə qədər davam etmiş 2020-ci maliyyə ilinin IV rübündə (bu ilin yanvar - mart aylarında) 777 milyard yen (7,15 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.

Avtosfer.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar - mart ayları ilə müqayisədə 2,3 dəfə, mütəxəssislərin orta proqnozundan isə təxminən 35% çoxdur.

Son 1 ildə "Toyota"nın satışdan gəlirləri 11% artaraq 7,7 trilyon yen (təxminən 71 milyard dollar), əməliyyat mənfəəti isə 91% artaraq 690 milyard yen (6,35 milyard dollar) olub.

Yaponiya şirkəti 2020-ci maliyyə ilində isə 2,25 trilyon yen (təxminən 21 milyard dollar) xalis mənfəət əldə edib. Bu isə 2019-cu maliyyə ili ilə müqayisədə 10% çoxdur.

İl ərzində "Toyota"nın satışdan gəlirləri 9% azalaraq 27,2 trilyon yen (təxminən 250 milyard dollar), əməliyyat mənfəəti isə 8% azalaraq 2,2 trilyon yen (təxminən 20 milyard dollar) təşkil edib.

Hesabat dövründə "Toyota"nın avtomobil satışları 14,6% azalaraq 7,646 milyon ədəd olub. O cümlədən ölkə daxilində satışlar 5,1%, ölkə xaricində satışlar isə 17,8% azalıb. Buna səbəb koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar satış mərkəzlərinin işini dayandırması olub.

“Toyota” bu il aprelin 1-dən gələn il martın 31-nə qədər davam edəcək 2021-ci il maliyyə ilində 8,7 milyon ədəd avtomobil satmağı planlaşdırır. Şirkət satışdan gəlirlərini 10% artıraraq 30 trilyon yenə (təxminən 277 milyard dollar), xalis mənfəətini isə 2,4% artıraraq 2,3 trilyon yenə (təxminən 21 milyard dollar) çatdırmaq niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh