"BYD" şirkəti Pekin avtosalonunda çoxsaylı yenilikləri nümayiş etdirəcək
Çinin BYD şirkəti Pekin avtosalonuna çoxsaylı yeniliklərlə gəlməyə hazırlaşır. Onlardan iki haqqında məlumat Çinin sertifikatlaşdırma orqanının məlumatlar bazasında peyda olub. Bu modellər hibrid BYD Cruiser 07 krossoveri və BYD Seal elektrik sedanıdır.
BYD Cruiser 07 modeli Warship (“Döyüş gəmiləri”) adlı çeşidə daxildir. Sedanlar üçün Destroyer (“Qırıcı”), krossoverlər üçün Cruiser (“Kreyser”), kompaktvenlər üçün isə Landing Ship (“Desant gəmisi”) adları seçilib. Bu çeşidin ilk modeli Qin Pro modelinin əsasında yaradılmış BYD Destroyer 05 sedanı olub. BYD Cruiser 07 isə tamamilə yenidir.
Cruiser 07 modeli ölçülərinə görə Kia Sorento və Hyundai Santa Fe modellərinin həmsinifidir: onun uzunluğu 4820 millimetr, eni – 1920 millimetr, hündürlüyü isə 1750 millimetdir. Təkər bazası da müqayisə olunandır – 2820 millimetr. Krossoverin xüsusiyyətləri arasında yüksək pəncərə altı xətti və irəli çıxan qapı tutacaqlarıdır. Salonun şəkilləri dərc edilməsə də, orada multimedia sisteminin 15,6-düymlük ekranının quraşdırılacağı bildirilib.
Hələlik krossoverin BYD şirkətinin bir il bundan öncə təqdim etdiyi DM-i (Dual Mode Intelligent) hibrid güc qurğusu ilə hərəkətə gələn versiyası sertifikatlaşdırılıb. Hibrid qurğu həm ardıcıl, həm də paralel rejimdə işləyir. Kapotun altında 139 at qüvvəli 1,5-litrlik benzin turbomühərriki yerləşir.
Aşağı sürətlərdə mühərrik söndürülür və ya krossoverin batareyasını doldurmaq üçün generator rejimində çalışır. Krossover elektromobil rejimində hərəkət edir: ön oxda 197, arxa oxda isə 204 at qüvvəli elektromotor yerləşdirilir. Sürətin artması ilə elektromotorların səmərələliyi aşağı düşür və hibrid sistem paralel rejimə keçir: daxili yanma mühərriki mufta və birpilləli reduktor vasitəsi ilə ön oxa qoşulur.
Ötürmələr qutusu yoxdur. Litium-dəmir-fosfat batareyası avtomobili 200 kilometrlik yürüş məsafəsi ilə təmin edir. Sonradan 100 km/saata 4,7 saniyəyə sürətlənən daha güclü DM-P versiyası, habelə adi benzin versiyası da peyda olacaqdır.
BYD Seal (“Suiti”) sedanı Marine ailəsindəki ikinci elektrokardır. Bu seriyanın ilk nümayəndəsi keçən il debüt edən BYD Dolphin hetçbekidir. Carçısı Ocean-X konsepti olan Seal Tesla Model 3 elektrokarı ilə rəqabət aparmalıdır.
Lakin “Suiti” rəqibindən daha iridir: onun uzunluğu 4800 millimetr, eni – 1875 millimetr, hündürlüyü isə 1460 millimetrdir. Sedanın oxları arasındakı məsafə 2920 millimetrdir.
Elektrik sedanının əsasını 800-voltluq elektrik sisteminə və Blade ailəsinin litium-dəmir-fosfat batareyasına malik olan üçüncü nəsil e3.0 platforması təşkil edir. Sedanın üç modifikasiyası sertifikatlaşdırılıb: onlarda ikisi arxa oxda quraşdırılan 204 və ya 313 at qüvvəli mühərrikılə təchiz edilirlər. Tamötürməli top versiya isə öndə 218, arxada isə 313 at qüvvəli mühərriklər ilə təklif olunur. Digər təfərrüatlar modellərin rəsmi təqdimatı zamanı açıqlanacaqdır.
autograph.az