"Ferrari" şirkəti yeni satış rekorduna imza atıb

Avtodünya 3 Fevral 2022 16:59 Oxunub 1206
"Ferrari" şirkəti yeni satış rekorduna imza atıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dəbdəbəli və bahalı avtomobillər bazarı sanki intibah dövrünü yaşayır. Artıq Bentley, Rolls-Royce, Lotus və Lamborghini şirkətləri rekord satışlar barədə hesabat veriblər. Bu gün isə əldə etdiyi satış nəticələrini Ferrari şirkəti açıqlayıb. İtalyan markası da rekord satışlara imza atdığını bildirib.

Keçən il dünya üzrə 11155 ədəd Ferrari avtomobili satılıb ki, bu da 2020-ci il ilə müqayisədə 22% artım deməkdir. Ən maraqlısı isə, bu rəqəm, Ferrari şirkətinin onminlik satış göstəricini keçdiyi kovidöncəsi 2019-cu il ilə müqayisədə 10% çoxdur.  Hətta, model çeşidində krossover olmayan Ferrari, Urus krossoverini təklif edən Lamborghini şirkətini də (8405 avtomobil) üstələyib.

Təəssüflər olsun ki, Ferrari hər bir model üzrə satış rəqəmlərini açıqlamır. Şirkətdən yalnız V8 mühərrikli avtomobillərin satışının 35% artıdğını, lakin V12 mühərrikli avtomobillərin sayının 16% azaldığını bildirilib. Bunun əsas səbəbi Ferrari 812 Superfast modelinin buraxılışına son verilməsidir. Hazırda italyan markasının model çeşidində V12 mühərriki ilə təchiz edilən yeganə sportkar var – 599 nüsxəlik tirajla buraxılacaq ortamühərrikli Ferrari Daytona SP3. Yaxın zamanda V6 mühərrikli Ferrari 299 GTB hibrid superkarının müştərilərə çatdırılmalarına başlanmalıdır.

Ferrari markasının satışlarının yarısı Avropa, Yaxın Şərq və Afrikanın payına düşür: keçən il burada 5492 avtomobil (+14%) satılıb. Amerika qitələrində bu rəqəm 2831 (+22%) ədəd təşkil edib. Ən yüksək artım isə Çində qeydə alınıb: 97% (899 avtomobil).

Şirkətin maliyyə göstəriciləri də dərc olunub. Keçən il Ferrari şirkətinin ümumi gəliri 4,27 milyard avro təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 23,4%, 2019-cu il ilə müqayisədə isə 13,3% çoxdur. Avtomobil və ehtiyat hissələrinin satışından 3,57 milyard avro, mühərriklərin satışından isə 189 milyon avro (əsasən Maserati şirkətinə) əldə edilib. Şirkətin keçən il əldə etdiyi xalis mənfəət 833  milyon avrodur. Xatırladaq ki, Ferrari 2020-ci ili 609 milyon avro xalis mənfəətlə başa vurmuşdu.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh