"Ford" Avropa bazarı üçün yeddi yeni elektromobil hazırlayır
Ford şirkəti bu yaxınlarda dünya üzrə elektromobillərin yaradılması və istehsalı ilə məşğul olacaq Model e bölməsini təsis edib. Növbəti addım isə, Avropa bazarındakı elektrikləşdirmənin yenilənmiş strategiyasıdır. Xatırladaq ki, iri miqyaslı ixtisarlara baxmayaraq, Ford hələ də Avropa bazarındakı iri oyunçulardan biridir.
Hazırda “Mavi oval” Köhnə Dünyada yalnız yeganə elektrik modelini – ABŞ-dan idxal edilən Mustang Mach-E elektrik krossoverini təklif edir. Elektrokar burada 48 min avrodan başlayan qiymətlərlə satılır. Cari ilin ikinci yarısında isə, Ford E-Transit elektrik furqonlarının satışlarına başlanmalıdır. Amerikan istehsalçısının gələcək planlarında 2024-cü ilə qədər yeddi yeni elektrokarın təqdimatı var.
Bu elektrokarların arasında yalnız üç minik avtomobili mövcuddur. Bu ilin sonuna qədər Volkswagen şirkətinin MEB platformasında inşa olunmus orta ölçülü krossover də təqdim edilməlidir. Bu barədə razılaşma üç il əvvəl imzalanıb. Hələlik isə, bu elektrokarın ehtimal olunan yürüş ehtiyatı açıqlanıb – 500 kilometr. Çox güman ki, yeni Ford elektrokrossoveri Volkswagen ID.4 modelinin başqa kuzovlu analoqu olacaqdır.
MEB platformasına əsaslanan krossoverləri Ford şirkətinin Kölndəki baş zavodunda buraxacaqlar. Bu müəssisənin rekonstruksiyasına keçən il başlanılmış və amerikan istehjsalçısı bunun üçün 1 milyard dollar ayırmışdı. Lakin bu il zavoda qoyulan sərmayənin həcmi iki dəfə artırılıb. Səbəb 2024-cü ildə işıq üzü görəcək “idman krossoverinin” planlara əlavə edilməsidir. Çox güman ki, bu krossover də MEB platformasında inşa ediləcəkdir. Bundan başqa, burada dartma batareyalarının istehsalının təşkil edilməsi də nəzərdə tutulub.
Minik avtomobilləri seqmentindəki üçüncü yenilik Ford Puma krossoverinin elektrik versiyasıdır. Qeyd etmək lazımdır ki, Puma krossoveri Fiesta hetçbekini keçərək amerikan markasının Avropadakı bestsellerinə çevrilib. Keçən il 134 min Puma krossoveri alıcısını tapıb. Batareyalı modifikasiya 2024-cü ildə debüt edəcək və hazırda benzin və dizel krossoverlərinin buraxıldığı Rumıniyadakı zavodda istehsal olunacaqdır.
Dörd digər model kommersiya nəqliyyatı seqmentinə aiddir – bunlar iki yeni ailənin avtomobilləridir. 2023-cü ildə Ford Transit Custom furqonun və türk istehsalı olan Ford Tourneo Custom mikroavtobusunun debütü gözlənilir. 2024-cü ildə isə elektrik Transit Courier furqonu və Tourneo Courier sərnişin kompaktveni işıq üzü görməlidir. Bu modellər də Rumıniyada buraxılacaq, lakin zavod Türkiyənin Ford Otosan BM tərəfindən idarə ediləcəkdir.
Bundan başqa, Ford şirkəti SK On Co., və Koç Holding türk şirkətləri anlaşma memorandumunu imzalayıb. Bu sənədə əsasən Ankara yaxınlığında kommersiya avtomobilləri üçün batareyaları istehsal edən zavodun tikilməsini nəzərdə tutulur. Zavodun istehsal gücü ilkin olaraq 30 giqavat müəyyən edilsə də, sonradan bu rəqəm 45 giqavata qədər artırılacaqdır.
Plana əsasən, 2026-cı ilə Ford elektromobillərin Avropadakı satışlarının həcmi ildə 600 min ədədə bərabər olacaqdır. Həmin ana elektromobillərin dünya üzrə satış həcmi 2 milyon ədədə çatmalıdır. 203-cu ildə isə Avropadakı Ford bölməsi tamamilə elektromobillərə keçməlidir.
autograph.az