İlk "Ferrari" krossoveri debütə hazırdır

Avtodünya 7 Fevral 2022 16:50 Oxunub 982
İlk "Ferrari" krossoveri debütə hazırdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ferrari markasının tarixindəki ilk krossoverin təqdimatı yaxınlaşmaqdadır. Belə bir avtomobil barədə məlumat 2017-ci ilin yayında peyda olmuşdu, həmin ilin payızında isə, bu məlumat rəsmi olaraq təsdiqlənmişdi. Bir il sonra ilk Ferrari krossoverinin adı da açıqlanmışdı - Purosangue ("təmizqanlı"). Doğrudur, sonra italyan istehsalçısı bu ad uğrunda mübarizə də aparmalı oldu: 2020-ci ildə Purosangue Foundation təşkilatı məhkəmə yolu ilə bu adın avtomobil üçün istifadə olunmasını qadağan etməyə çalışdı.

“Auto Express” nəşrinin bildirdiyinə görə, Ferrari şirkətinin 2021-ci ildə əldə olunmuş rekord satış göstəricilərinə həsr etdiyi hesabatında Purosangue modelinin istehsalına bu il, çatdırılmalarına isə 2023-cü ildə başlanacağı yazılıb. 

Casus şəkillərində də göründüyü kimi, krossover demək olar ki, hazırdır. Əvvəllər ümumi istifadə yollarında krossoverin Ferrari GTC4Lusso və Maserati Levante kuzovunda olan “qatırlarına” rast gəlinsə də, keçən il avtomobil bolluca kamuflyajla örtülmüş öz “bədəni” ilə qeydə alınıb. Purosangue krossoveri faktiki olaraq dördyerli GLC4Lusso şutinq breykini əvəzləyəcək və ilk beşqapılı Ferrari modeli olacaqıdr.

Təəssüflər olsun ki, Ferrari Purosangue modelinin texniki hissəsi barədə məlumat verilməyib. Krossoverin Roma və Portofino M modellərinin təkmilləşdirilmiş platformasında inşa ediləcəyi məlumdur. Ən əsası isə, Purosangue tənizmlənən klirensə malik olacaqdır. Hələ 2018-ci ildə krossoverin hibrid güc qurğusunu alacağı bildirilmişdi və çox güman ki, qurğunun əsasını V8 turbomühərriki təşkil edəcəkdir.

Hazırda Ferrari markasının model xəttində V12 mühərrikinə malik olan yeganə avtomobil 599 nüsxəlik tirajla buraxılacaq Daytona SP3 tarqasıdır. Superkar artıq təqdim olunub, lakin onun satışlarına krossover ilə eyni vaxtda başlanacaqdır. Yeri gəlmişkən, bu il Ferrari iki yeni avtomobili təqdim etməyə hazırlaşır: Purosangue ilə yanaşı daha bir yeni sportkar işıq üzü görməlidir. 

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh