"Maserati Grecale" modeli üç versiyada debüt edib
Maserati markasının ikinci krossoveri olan Grecale modeli barədə ilk məlumat 2020-ci ilin payızında peyda olub. Yeni yığcam krossoverin debütü isə bir il bundan əvvəl baş tutmalı idi. Lakin təqdimat iki dəfə təxirə salınmışdı. Nəhayət, italyan istehsalçısı Grecale modelinin üzərindəki sirr pərdəsini tamamilə götürüb. Krossover Aralıq dənizindəki küləyin şərəfinə adlandırılıb və Maserati markasının model xəttində Levante krossoverindən bir pillə aşağıda qərarlaşıb.
Əslində isə, Grecale modeli böyük qardaşından bir qədər yığcamdır. Levante modelinin uzunluğu 5003 millimetr, Grecale modelinin isə 4845 milimetrdir. Yeni krossover Levante modelindən 20 millimetr (1948 millimetr) enisiz və 9 millimetr (1670 millimetr) alçaqdır. Bir sözlə, Grecale başlıca rəqibi olan Macan (4681 milimetr) modelindən nəzərəçarpacaq dərəcədə iridir.
Maserati modellərinə xas olan ailə cizgiləri saxlanılıb: bu, ön hava girişinin oval formalı “ağızı”, kapotun alçaq ön ucluğu və ön qanadlardakı hava yönləndiricilərinin dəlikləridir. Arxa fənərlərin forması isə, 1998-ci ilin Maserati 3200 GT sportkarının “bumeranqlarını” xatırlatmalıdır. İtalyan istehsalçısı 19,20 və 21 düymlük təkər disklərindən seçimi təklif edir.
Artıq məlum olduğu kimi, Maserati Grecale modelinin əsasını Giorgio platforması təşkil edir. Bu platformadan Alfa Romeo Giulia və Stelvio modellərində də istifadə olunub, lakin Maserati üçün platformaya bəzi dəyişikliklər edilib.
Bu təkcə 2901 millimetrə ( Stelvio modelində 2818 millimetr) qədər uzadılmış təkər bazası deyil. Maserati krossoveri standart yaylı asqı ilə yanaşı, opsional üçkameralı pnevmodayaqlar ilə təklif olunur. Pnevmoasqı klirensi 65 millimetr diapazonunda tənzimləməyə imkan verir. Öndə ikiqollu köndələn, arxa da isə çoxqollu asqı var.
İlkin olaraq, krossover üç versiyada təklif edilir. Bütün versiyalar 8-pilləli ZF “avtomatı” və ön oxda qoşma muftası olan tam ötürmə sistemi ilə təchiz edilirlər. Qeyd etmək gərəkdir ki, kardan valı karbonplastikdən hazırlanıb.
Baza Maserati Grecale GT modeli turbokompressoru və elektrik üfürməsi olan 2,0-litrlik turbomühərrik, habelə 48-voltluq startyor-generator ilə təchiz edilmiş “yumşaq” hibriddir. Güc qurğusunun ümumi hasilatı 300 at qüvvəsi və 450 Nm fırlanma anı təşkil edir. Grecale GT modeli 100 km/saat həddinə 5,6 saniyəyə sürətlənir və 240 km/saatlıq maksimal sürət həddinə malikdir.
İkinci versiya Grecale Modena adlanır və 330 at qüvvəli güc qurğusu, habelə arxa oxdakı özükilidlənən differensial ilə təchiz edilir. Hətta fırlanma anı da dəyişməyib - 450 Nm. 100 km/saata sürətlənmə müddəti isə 5,3 saniyə təşkil edir. Dördsilindrli modifikasiyaların çəkisi müvafiq olaraq 1870 və 1895 kiloqramdır.
Modifikasiya çeşidinin zirvəsində Maserati Grecale Trofeo krossoveri durur. Daha aqressiv kuzov dəsti ilə seçilən krossoverin kapotunun altında Nettuno seriyasından olan 3,0-litrlik V6 mühərriki yerləşir.
Grecale modelində quraşdırılan versiya 530 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edir. Trofeo versiyası elektrik əlavəyə malik olmasa da, pnevmoasqı və elektronika tərəfindən idalənən arxa differensial ilə təchiz edilir. Krossoverin çəkisi 2027 kiloqramŞ maksimal sürəti 285 km/saatdır. Grecale Trofeo 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir.
Maserati Grecale modelinin bütün versiyaları VDCM (Vehicle Dynamiv Control Module) hərəkət rejimlərinin dəyişdirilməsi sistemi ilə təchiz ediləcəklər. Bu sistem Comfort, GT, Sport və Off-Road rejimlərinə malikdir. Sonuncu pnevmoasqısı olan avtomobillərin klirensini 30 millimetr artırmağa imkan verir. “Bərkgedən” Grecale Trofeo modifikasiyası əlavə olaraq launch control funksiyası olan ekstremal Corsa rejiminə də malikdir. Rejimlər sükan çarxındakı selektor vasitəsi ilə dəyişdirilir.
İnteryerdə ilk nəzərə çarpan ön paneldə dörd ekranın olmasıdır. 12,3-düymlük passiv cihazlar paneli üç əksetdirmə rejiminə (Trofeo modifikasiyasında dörd) malikdir. Mərkəzi konsolda iki taçskrin quraşdırılıb.
Yuxarıda yerləşən 12,3-düymlük displey Android OS əməliyyat sisteminə malik olan Maserati Intelligent Assistant (MIA) multimedia sisteminindir. Aşağıdakı 8,8-düymlük displey isə klimat-kontrol və digər “rahatlıq” tənizmləmələrinə cavabdehdir.
Ön panelin yuxarı hissəsindəki saat rəqəmsaldır (Maserati üçün bir ilk): bu ekran adi siferblatdan əlavə, kompas, xronometr və sürətlənmə göstəricisini nümayiş etdirə, həmçinin səsli köməkçini vizuallaşdıra bilər. Bundan əlavə, arxa cərgədə ayrıca 6,5-düymlük ekran (üçüncü klimat-kontrol zonası üçün) var və əlavə ödəniş müqabilində sürücü üçün proyeksiya displeyi təklif olunur.
Daxili tərtibat üçün təbii dəri, ağac şponu və karbonplastikdən istifadə olunur. Seçimlər arasında panoram dam, İtaliyanın Sonus Faber şirkətinin audiosistemi (14 və ya 21 dinamikli), avtoparklayıcı və ikinci səviyyəli avtopilot, yəni 210 km/saat həddinə qədər sürətlərdə işləyən adaptiv kruiz-kontrol var. Baqajın həcmi yumşaq hibridlər üçün 535 litr (arxa çıxışda batareya ilə), Trofeo versiyası üçün isə 570 litrdir.
Eyni zamanda, Grecale Maserati markasının ilk elektromobili olacaqdır! Düzdür, bu, yalnız bir ildən sonra baş verəcəkdir. Lakin Grecale Folgore elektrokarının şəkilləri artıq dərc olunub və əsas parametrləri ictimaiyyətə açıqlanıb. Krossover 400 voltluq elektrik sisteminə və 105 kilovat-saatlıq batareyaya malik olacaq, elektrik mühərriklərinin fırlanma anı isə 800 Nm-ə çatacaqdır.
Maserati Grecale krossoverləri Stellantis konserninin Kassinodakı zavodunda istehsal olunacaqlar: müəssisənin modernləşdirilməsinə 800 milyon avro sərmayə qoyulub. Satışlar ilin ikinci yarısında başlayacaq. GT indeksli baza versiyasının qiyməti 71,5 min avrodan başlayır. Modena 82 min avrodan, Trofeo isə 111 min avrodan satılacaqdır. Plana əsasən, 2025-ci ilə qədər iki krossoverin (Grecale və Levante) satış həcmi Maserati şirkətinin ümumi satışlarının dörddə üçünü təşkil etməlidir.
autograph.az