"Mazda2" hibrid hetçbekinin Avropadakı satışlarına başlanılıb
Ötən ilin dekabr ayında təqdim edilmiş Mazda2 Hybrid modelini artıq Avropa ölkələrində də almaq mümkündür. Bu hetçbekin “əsl” Mazda 2 modeli ilə heç bir əlaqəsi yoxdur, çünki o, Toyota Yaris modelinin Mazda emblemlərinə və nişanlarına malik olan versiyasıdır. Özü də, belə “üzdəyiməyə” yalnız Yaris modelinin hibrid versiyası məruz qalıb. Lakin, bildiyimiz kimi, Yaris hetçbekinin sırf benzin versiyaları da mövcuddur.
Bu yolla, Mazda şirkəti zərərli tullantıların ortalama göstəricisini azaltmaq və Avropa model çeşidindəki elektrikləşdirilmiş modellərin az olan sayını artırmaq niyyətindədir. Əvvəllər bənzər yolla Suzuki şirkəti də davranıb: yapon markası Avropa bazarına iki hibrid klonu – Swace (Toyota Corolla) universalını və Across (Toyota RAV4) krossoverini çıxarıb. Yeni Mazda2 Hybrid hetçbeki yalnız Avropada satılacaqdır: Fransada buraxılan avtomobillər Mazda şirkəti üçün Toyota istehsal edəcəkdir.
Mazda2 Hybrid modeli avropalılara yeganə versiyada təklif olunur: hetçbek 92 at qüvvəli 1,5-litrlik üçsilindrli atmosfer mühərriki, elektromexaniki variator və 80 at qüvvəli elektromotor ilə təchiz edilir. Hibrid qurğusunun maksimal gücü 116 at qüvvəsidir. Hibrid hetçbek 100 km/saat həddini 9,7 saniyəyə toplayır. Modelin ortalama yanacaq sərfiyyatı 100 kilometrə 3,8-4,0 litr təşkil edir. Seçim olaraq, üç təchizat səviyyəsi və bir neçə opsiyalar paketi var.
Qiymət siyasəti də maraqlıdır. Məsələn, Fransada belə Mazda hetçbeki 21.500 avrodan başlayan qiymətlərlə satılırsa, bənzər Toyota Yaris modelinin qiyməti 22.450 avrodan başlayır. Bununla belə, 2014-cü ildən buraxılan “əsl” Mazda2 modeli hələ də satışdadır. Orijinal model üç güc (75, 90 və 115 at qüvvəsi) variantında təklif olunan 1,5-litrlik Skyactiv benzin mühərriki ilə təchiz edirlər. Hetçbekin bəzi versiyaları kəmərli ötürməsi olan startyor-generatora da malikdirlər. Belə hetçbeklər Fransada 18.950 avrodan başalayan qiymətlərlə satılırlar.
autograph.az