Reklam

"Mercedes-AMG GT Black Series"Track Edition - 55-illik yubileyə ikinci hədiyyə

Avtodünya 26 Mart 2022 12:29 Oxunub 1822
"Mercedes-AMG GT Black Series"Track Edition - 55-illik yubileyə ikinci hədiyyə
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mercedes-AMG GT kupe və rodsterlərinin seriya istehsalı keçən ilin dekabrında başa çatıb, lakin modelin hələ də birbaşa varisi yoxdur. Buna görə də, AMG bölməsinin bu il geniş şəkildə qeyd ediləcək 55 illik yubileyi üçün önmühərrikli superkar müvəqqəti olaraq model cərgəsinə qaytarılıb: alman istehsalçısı xüsusi Mercedes‑AMG GT Track Series trek versiyası təqdim edib. Bu, GT modelinin ən güclü və ekstremal versiyasıdır, çünki onun yaradıcıları ictimai yollar üçün nəzərdə tutulmuş avtomobillərə qarşı olan tələblərlə məhdudlaşdırlmayıblar: yeni kupe belə yollara çıxa bilməz.

Trek versiyası Nürburqrinqdə dövrə rekordu vurmuş və minik çeşidinin zirvəsində yerləşən Mercedes-AMG GT Black Series kupesinin əsasında yaradılıb. Xüsusi versiyanın təkmilləşdirməsi üçün GT3 və GT4 kateqoriyasından olan yarış avtomobillərindən alınan həllərdən istifadə edilib. Bundan əlavə, Track Series versiyasının yaradılmasında AMG atelyesinin yaradıcısı Hans Verner Aufrextə məxsus olan HWA AG mühəndislik bürosu iştirak edib.

“Yastı” dirsəkli valı olan 4,0-litrlik V8 biturbo mühərriki yenidən təkmilləşdirilib: o, digər birbaşa püskürtməli forsunkalara və idarəetmə proqramına malikdir. Mühərrikin hasilatı 730 at qüvvəsi və 800 Nm-dən, 734 at qüvvəsi və 850 Nm-ə qədər artırlıb. İki muftalı yeddi pilləli “robotun” əvəzinə, sükanaltı ləçəklər və pnevmatik ötürmədən istifadə etməklə dəyişdirilə bilən altı pilləsi olan sekvental Hewland HLS tarış ötürmələr qutusu quraşdırılıb. Differensial - tənzimlənən mexaniki kilidləmə dərəcəsinə malikdir.

Trek versiyası elektron idarəolunan amortizatorların əvəzinə tənzimlənən Bilstein dayaqları ilə təchiz edilib. Köndələn dayanıqlılıq stabilizatoru və hərəkət elektronikası tənzimlənə bilər: ABS və dartmaya nəzarət sistemi hər  biri salondakı düymələrdən istifadə etməklə ayrıca seçilə bilən 11 “tolerantlıq” səviyyəsinə malikdir. Eyni zamanda, hər iki sistemi tamamilə söndürmək olar. Əyləc sistemi öndə 390 millimetrlik, arxada isə 355 millimetrlik adi polad disklərləri olan mexanizmlərə malikdir.

Kupenin aerodinamik dayağı yenidən işlənilib: Track Series versiyasında tənzimlənən antiqanad saxlanılsa da, orijinal ön splitter və arxa diffuzor quraşdırılıb. Kapot, qanadlar, baqaj qapağı, arxa bamper və yan kandarlar karbonplastikdən hazırlanıb. Salon tamamilə “soyundurulub”: burada karbonplastikdən panellər, cihazlar paneli əvəzinə Bosch displeyi, sükan əvəzinə şturval və pilotun yarış kreslosu var. Hətta, elektrik şüşəqaldıranlar belə sökülsə də, kondisioner qorunub saxlanılıb.

Bütün bu tədbirlər Mercedes-AMG GT Black Series kupesinin boş çəkisini 1540-dan 1400 kiloqrama qədər azaltmağa imkan verib. Bununla belə, yeni trek kupesi 120 litrlik yarış yanacaq çəni ilə təchiz edilir. Seçimlər də yarış avtomobilləri üçün ənənəvidir: pilotun dəbilqəsi üçün əlavə havalandırma sistemi, içməli suyun verilməsi sistemi, ehtiyat hissələri dəsti və ... sərnişin oturacağı.

Mercedes‑AMG GT Track Series modeli AMG bölməsinin 55-illik yubileyinə həsr edildiyindən onun tirajı 55 nüsxədən ibarət olacaqddır. Trek kupesinin hər birinin qiyməti vergilər nəzərə alınmadan 369 min avrodur. Belə bir avtomobili dilerdən ala bilməzsiniz: satış birbaşa Affalterbaxdakı zavoddan həyata keçiriləcəkdir. Hazır avtomobillərin müştərilərə təhvil verilməsinə cari ilin ikinci rübündə başlanacaqdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh