"MINI" modelləri yeni xüsusi versiyaları əldə edəcəklər
MINI markası yeni Edition seriyasından olan avtomobillərin tezliklə bazar debütü edəcəyini bildirib. Bu ilin mart ayında, britaniyalıların model xəttində Resolute Edition, MINI Clubman Untold Edition və MINI Countryman Untamed Edition versiyaları peyda olacaqlar.
Yeni xüsusi versiyalar üçün eksklüziv dizayn həlləri və avadanlıqlar təklif ediləcəkdir. Bundan başqa, xüsusi versiyalar üçün fərdi opsiyalar və paketlər dəsti nəzərdə tutulub. Məsələn, əlavə ödəniş müqabilində adaptiv şassini, 8-pilləli Steptronic Sport “avtomatını” və ya panoram damı quraşdırmaq mümkün olacaqdır.
Resolute Edition tərtibatını üç və beş qapılı MINI hetçbekləri, o cümlədən onların Cooper S versiyaları, habelə MINI Cooper Convertible kabrioletləri və Cooper SE elektrik versiyası üçün təklif edəcəklər.
Bu avtomobillər əvvəllər yalnız MINI John Cooper Works üçün mövcud olan Rebel Green rənginə boyanacaq, lakin onların damı və yan güzgülər ağ (kabrioletdə - qara) rəngdə qalacaqlar. Bundan başqa, belə versiyalarda ,MINI xrom dekordan qara Piano Black və bürünc Resolute Bronze rənglərindən ibarət olan birləşmənin xeyrinə imtina edib.
Resolute Edition versiyasının başqa bir fərqləndirici cəhəti, kapot və kandarlardakı asimmetrik paralel xətlərdən ibarət olan naxışdır. Yanacaqla işləyən avtomobillər standart olaraq 18-düymlük Pulse Spoke Black diskləri, Cooper SE elektrokarı isə 17-düymlük Electric Collection Spoke diskləri ilə təchiz edilir.
İnteryerdə parça/dəri qarışığı ilə üzlənmiş idman oturacaqlarını, nappa dəri ilə işlənmiş sükanı, orijinal naxışlı şponları, antrasit rəngli tavanı, 8,8-düymlük mərkəzi displeyi və Ambient Light ətraf işıqlandırmasını görmək olar.
MINI Clubman Untold Edition ilk dəfə olaraq Sage Green metal rəngində təklif olunur. Ön və arxa tərəfin dizaynı John Cooper Works Aerodinamik Kit dəstinin üslubundadır. Burada da paralel xətlərin qrafikasını, eləcə də qeyri-adi naxışı olan ikirəngli disklər var. Bundan əlavə, orijinal dəri üzlüklü idman oturacaqları, havalandırma sisteminin mis rəngli haşiyələri, adaptiv LED fənərlər və idarəetmə rejimlərinin selektoru standart təchizata daxildir.
MINI Countryman Untamed Edition krossoveri Momentum Grey rəngi, yan tərəflərdəki Frozen Bluestone diaqonal xətləri, qara rəngli reylinqlər, güzgü korpusları və fənər “yuvaları” ilə seçilir. Kandarlardakı lövhələr dağ mənzərəsini xatırladan naxışla bəzədilib, interyerin rəng sxemi isə “təbii mavi və yaşıl çalarların” birləşməsindən ibarətdir.
Bütün bunlar Untamed yazıları ilə tamamlanır, sərnişinin qarşısındakı ön paneldə yerləşən yazı isə, gecə rejimi aktivləşdirildikdən sonra işıqlanır. ABŞ-da Resolute paketi 1.000, Untamed - 1500, Untold isə 1500-2250 dollara başa gələcəkdir.
autograph.az