Reklam

Oliqarxın zirehli “Maybach”ı da əldən çıxdı: qumbaraatana davam gətirə bilir... - FOTO

Avtodünya 1 Aprel 2022 15:49 Oxunub 1292
Oliqarxın zirehli “Maybach”ı da əldən çıxdı: qumbaraatana davam gətirə bilir...  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İtaliyanın Sardiniya əyalətində rusiyalı milyarder-oliqarx Əlişir Usmanovun dəyəri 550 min funt sterlinqdən yuxarı olan zirehli “Mercedes” limuzini müsadirə olunub. Avtosfera.az xəbər verir ki, zirehli avtomobilin müsadirə olunması rusiyalı oliqarxlara qarşı Avropa İttifaqının sanksiyaları çərçivəsində həyata keçirilib. Avtomobil pulemyot və qumbaraatan atəşlərinə davam gətirə bilir, xüsusi sifarişlə hazırlanıb.

Bildirilir ki, “Mercedes-Maybach” S 650 Guard VR10 zirehli avtomobili Sardiniya adasının şimalında yerləşən, milyarderlərin sevimli əyləncə məkanı olan Porto-Çervoda polis tərəfindən müsadirə edilib. İtaliyanın “Corriere della Sera” nəşri yazır ki, avtomobil Usmanova məxsus olsa da Rusiya prezidenti Vladimir Putinin özü də Sardiniyaya “gizli səfərləri” zamanı ondan istifadə edirdi.

Qəzet avtomobilin Sardiniya adasında görünməsini “müəmmalı” adlandırır, ehtimal edilir ki, Putinin qızları da adaya baş çəkərkən bu avtomobildən istifadə edirmiş. Əlişir Usmanov Porto-Çervo rayonunun inzibati mərkəzi Arzakeno ilə sıx bağlıdır, bu şəhərin fəxri vətəndaşıdır və zirehli avtomobili 2018-ci ildə orada əldə edib. Avtomobilin ağırlığı beş tona yaxındır, onun nəhəng təkərləri təkcə bu ağırlığı daşımaq üçün yox, o cümlədən pulemyot güllələrinə və hətta mina partlayışına tab gətirmək üçün nəzərdə tutulub. Avtomobilin hər tərəfi zireh təbəqəsi ilə örtülüdür.

Arzakena meri Roberto Raqnedda bildirib ki, Usmanov Sardiniyadakı malikanəsində müntəzəm olaraq “dövlət başçılarını, biznesmenləri və məşhur şəxsləri” qonaq edirdi. İndi onun Sardniyadakı bir çox digər aktivləri, o cümlədən daha 6 avtomobili, 20 milyon dollardan çox dəyəri olan daşınmaz əmlakı da müsadirə olunub.

Xatırladaq ki, ötən gün Fransa polisi də Usmanovun iki özəl vertolyotunu müsadirə etmişdi. Bununla belə oliqarxın Böyük Britaniyadakı aktivlərini ofşorlarda gizlətməyə imkan tapdığı bildirilir. Hazırda Böyük Britaniya hakimiyyəti oliqarxların ofşor zonalarda gizlədilmiş bütün aktivlərini aşkara çıxarmaq və müsadirə etmək üzərində iş aparır.

Bundan əvvəl İtaliya polisi daha bir neçə rusiyalı oliqarxların aktivlərini dondurub, onların yaxtalarını və mülklərini müsadirə edib. O cümlədən milyarder Aleksey Mordaşovun 100 milyon funt sterlinqə yaxın dəyərindəki malikanəsinə, 65 milyon dollar dəyəri olan “Lady-M” adlı yaxtasına da həbs qoyulub. Rusiyalı oliqarxlardan İtaliyada müsadirə edilən ən qiymətli aktiv isə milyarder Andrey Melniçenkonun 530 milyon dollar dəyərindəki yaxtasıdır. Həmin yaxtaya ötən həftə Triyest limanında həbs qoyulub.

Qərb mediası onu da yazır ki, digər rusiyalı oliqarx Aleksey Mordaşov özünün 500 milyon dollar dəyərində, 465 fut uzunluğunda “Nord” adlı yaxtasını sanksiyaların təsiri altından qaçıra bilib və Rusiyaya aparıb. Mordaşovun yaxtası martın 12-də Seyşel adalarını tərk edib və bu günlərdə Rusiyanın Vladivostok limanına yan alıb. Mordaşovun digər yaxtasına isə daha əvvəl İtaliyada həbs qoyulmuşdu.

virtualaz.org

ŞƏRH YAZ
Ad

E-mail

Şərh