Reklam

Singer klassik "Porsche 911 Turbo" modelinə yeni baxışını nümayiş etdirib

Avtodünya 11 Fevral 2022 17:47 Oxunub 1794
Singer klassik "Porsche 911 Turbo" modelinə yeni baxışını nümayiş etdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kaliforniyanın Singer Vehicle Design şirkəti 2009-cu ildən fəaliyyət göstərir və 964 seriyasından olan klassik Porsche 911 sportkarlarının bərpası və dərin tuninqi layihələri ilə məşhurlaşıb. Əslində orijinal avtomobillərdən yalnız kuzov çərçivəsi, şassi və interyerin bəzi elementləri qalır.

İndiyə qədər firma yalnız atmosfer mühərrikli 911 sportkarları ilə işləyib və onları 60 - 70-ci illərin əvvəllərində buraxılmış  avtomobillərə bənzədib. Lakin müştərilərdən Porsche 911 Turbo modeli üçün getdikcə artan sifarişlər daxil olmağa davam edirdi və hazırda yetmişdən çox belə müraciət qeydə alınıb. Artıq, Singer Vehicle Design şirkətinin belə şəxslərə edəcəyi təklif də hazırdır.

Tərtibatçılar Turbo Study layihəsini şirkətin tarixindəki yeni fəsil adlandırırlar. Axı, şirkət üçün bu, təkcə turbomühərrikli ilk avtomobil deyil, həm də 1975-ci ildən 1989-cu ilə qədər istehsal edilmiş kanonik 930 seriyasından olan 911 sportkarlarının üslubunda görünüşü ilə seçilən ilk avtomobildir.

Bununla belə,  layihənin əsası kimi sonrakı 964 seriyasından olan Porsche 911 (1989-1994) sportkarı götürülüb. Digər Singer avtomobilləri kimi, bu modelin də kuzovu karbon lifindən yenidən hazırlanıb, bamperlər, işıqlandırma avadanlığı və böyük arxa spoyler 930 seriyasının xarakterik elementlərinə bənzəsə də, lakin  formaca fərqlidirlər və müasir texnologiyalardan istifadə etməklə hazırlanıblar.

930 seriyasından olan Porsche 911 Turbo modeli 3,0 və ya 3,3 litrlik mühərriklər, 964 seriyasından olan Turbo indeksli sportkarda isə 3,3 və ya 3,6 litrlik mühərriklər quraşdırılırdı. Lakin Singer Turbo Study tamamilə fərqli bir güc qurğusu ilə təchiz edilib.

Bu, Williams Advanced Engineering və Porsche şirkətinin keçmiş əməkdaşı Hans Metzger tərəfindən xüsusi olaraq 2018-ci ildə Singer üçün yaradılmış 3,8-litrlik oppozit  atmosfer mühərrikidir. Qeyd etmək gərəkdir ki, bu aqreqatda orijinal Porsche mühərrikindən faktiki olaraq heç nə qalmayıb.

Bu mühərrikdən ilk dəfə Singer DLS modelində istifadə edilib, Turbo Study layihəsi üçün onun iki turbokompressoru və işlənmiş qazların təzyiqini azaltma klapanın (vestgeyt ilə) elektron idarəetməsi olan yeni versiyası yaradılıb. Mühərrikinin gücünü "ən azı 450 at qüvvəsi" olduğu bildirilir: müştərilərin tələbi ilə mühərriki daha yüksək gücə tənzimləmək olar, lakin gücün ən yuxarı həddi açıqlanmır.

Ötürmələr qutusu Hewland firmasının altı pilləli mexaniki qutusudur, ötürmə isə arxa oxa və ya tam ola bilər: transmissiyanın bütün elementləri atmosfer mühərrikli Singer avtomobillərində olduğu ilə eynidir. Məlumat üçün, Porsche 911 Turbo modeli tam ötürmə sistemini yalnız 1995-ci ildə ( 993 seriyası), 450 at qüvvəli güc aqreqatını isə, 1997-ci ildə, mühərriki hava ilə soyudulan ən sonuncu Turbo S versiyasında alıb.

Singer avtomobillərinin asqısı, ənənəyə uyğun olaraq, tamamilə yenidən qurulub, üstəlik onun tənzimləmələri müştərinin tələbinə əsasən fərdi şəkildə seçilir, lakin ümumi arxitektura 964 seriyasından olan 911 sportkarları ilə eynidir: öndə McPherson dayaqları, arxada çəp qollar. Singer Turbo Study modeli karbon-keramika əyləc mexanizmlərinə, ABS və dartmaya nəzarət sisteminə malikdir.

Sportkarın interyeri də eksteryer kimi 930 seriyasının kanonlarına uyğun olaraq hazırlanıb – burada xarakterik üçqollu sükan çarxını və yetmişinci illərin üslubunda tərtibatı görmək olar. Bununla belə, müştərilər təkcə tərtibatı deyil, həm də kondisioner və elektrik oturacaqları kimi opsiyaları seçə bilərlər. 

Bu, çətin ki, qiymətə təsir göstərsin, çünki Singer firmasının 911 sportkarları əvvəlcə çox bahalıdırlar. Turbo Study modelinin qiyməti hələlik açıqlanmayıb, lakin onun altırəqəmli olacağı şübhəsizdir. Məsələn, Singer DLS modelinin qiyməti 1,8-2 milyon dollar təşkil edir. İlk Turbo-Singer modeli iyun ayında keçiriləcək Qudvud Sürət Festivalında canlı olaraq nümayiş etdiriləcəkdir.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh