Tobias Moers "Aston Martin" şirkətinin gələcək planlarından danışıb
DBX707 superkrossoverinin təqdimatı zamanı, Aston Martin şirkətinin baş direktoru Tobias Moers şirkətin gələcək planlarının bəzi detallarını açıqlayıb. Moers bu vəzifəyə iki il əvvəl gəlib və həmin zaman şirkətdə geniş miqyaslı dəyişikliklər həyata keçirilirdi.
O zaman, Aston Martin şirkətinin maliyyə böhranı yaşadığına baxmayaraq, Britaniya istehsalçısı DBX krossoverinin və Valkyrie hiperkarının layihələrinə böyük sərmayə qoymuşdu, indi isə bu investisiyalar “geri qayıtmağa” başlayıblar. Payızda Valkyrie kupesinin istehsalına başlanılıb, DBX krossoveri isə şirkətin satışlarını iki dəfə artırıb: keçən il 6182 ədəd Aston Martin satılıb ki, bunun da üç mindən çoxu DBX krossoverinin payına düşür.
Növbəti yenilik Aston Martin V12 Vantage superkarı olacaqdır: biz onu yaxın aylarda görəcəyik. Bu, artıq mövcud olan Vantage modelinin AMG V8 biturbomühərriki ilə təchiz edilmiş ekstremal versiyası və eyni zamanda V12 mühərrikli sonuncu Aston Martin olacaqdır.
Bununla belə, Tobias Moers, ekoloji normaların imkan verdiyi müddətcə, mövcud olan 12-silindrli modellərin istehsalının davam edəcəyini bildirib. İlkin olaraq, Avro 7 standartının tətbiqi 2025-ci ilə planlaşdırılıb və bu il Aston Martin şirkətinin V12 mühərriki üçün sonuncu olacaqdır.
AMG bölməsinin məhsulu olan 4,0-litrlik V8 biturbo mühərriki artıq şirkət üçün əsas mühərrikə çevrilib. Onun “yastı” dirsəkli valı olan ən ekstremal variantı yenidən işlənməyə göndərilib və 2024-cü debütü gözlənilən ortamühərrikli Aston Martin Valhalla superkarının kapotunun altında yerləşəcəkdir.
Bir ildən sonra isə, bu mühərrikin bir qədər zəif versiyası ilə təchiz edilmiş ortamühərrikli Aston Martin Vanquish kupesi işıq üzü görəcəkdir. Hələlik bu superkar yalnız konsept avtomobili statusunda nümayiş etdirilib.
Lakin DBX modelinin əldə etdiyi uğurlara baxmayaraq, Aston Martin şirkəti krossoverlər çeşidini genişləndirməyi planlaşdırmır. Aston Martin DBX modelinin kiçik və ya böyük qardaşı olmayacaqdır, amma bu, krossoverin modifikasiya çeşidinin genişlənməyəcəyinə dəlalət etmir.
Nəhayət, elektrik modelləri üçün ayrılmış Lagonda törəmə markasının canlandırılması planı hələ də aktualdır. Tobias Moersin şirkətin başına gəlməsindən əvvəl seriya elektromobillərinin debütü 2025-ci ilə planlaşdırılmışdı. Hələlik bu tarix təsdiqlənməyib, lakin Lagonda markasının canlandırılması şirkətin planlarında qalır.
autograph.az