Reklam

Bir milyard dollara başa gələn “Mercedes” - FOTO

Avtosfer Foto 29 İyun 2022 07:54 Oxunub 1674
Bir milyard dollara başa gələn “Mercedes” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

1990-cı illərin ortalarında Azərbaycana qeyri-rus avtomobilləri (əslində “xarici maşın” ifadəsi məntiq olaraq doğru deyil. Rusiya başqa ölkə olsa da, Lada, Volqa, Qazel nədənsə “xarici” hesab edilmir) artmağa başlayanda insanlar arasında bir avtomobil barədə əfsanələr dolaşırdı. Çoxları bu avtomobili Rusiya seriallarında görmüşdü. Bəli, söhbət hamının “Mercedes 600” kimi tanıdığı  “W140” kuzov modelli avtomobildən gedir. 
Avtosfer.az xatırladır ki, “Mercedes Classe S Type 140” modelinin layihələndirilməsi 1981-ci ildə başlamışdı. Hələ o zaman 2 Almaniya vardı. Zavod layihələndirmədən istehsalın başlanmasınadək 3 milyard alman markası pul ayırmışdı – indiki hesabla təxminən 500 milyon dollar. Kütləvi istehsal 1989-cu ilin payızında başlamalı idi. 1987-ci ildə başlayan proseslər və sosialist Almaniyasının süqutu, ölkənin birləşməsi prosesi ləngitdi və ortaya çox ciddi rəqib çıxdı. 1989-cu ildə “Lexus” özünün “LS 400” model lüks sedanını təqdim etdi. Növbəti il həmin model dünyanın ən gözəl avtomobili seçildi.
Təbii ki, yapon istehsalçının uğuru ştutqartlıları narahat etməyə bilməzdi. Şirkət modelə yenidən əl gəzdirir və o dövr üçün mümkün olan ən son yenilikləri tətbiq edir. Avtomobil Şimal qütbündə və isti Nevada səhrasında sınaqdan keçirilir. Fransız şirkətlərinin hazırladığı sınaq avadanlıqları cəmi bir neçə saatlıq yoxlama ilə detalın neçə il işləyəcəyini müəyyən edir. Kuzovun sərtliyinə və komforta isə xüsusi diqqət yetirilir.
Təbii ki, bunlar havayı başa gəlmir. Avtomobilin layihələndirilməsinə çəkilən xərc 1 milyard dolları ötür. Bu da “Daimler”in baş mühəndisi Volfqanq Peterin postunu itirməsi ilə nəticələnir.
İstehsalına 1991-də başlanan model həmin il Cenevrədəki Hilton otelində təqdim edilir. Avtomobil o dövrün ən son texniki nailiyyətləri ilə təchiz edilmişdi: parktronik, ikiqat şüşə, elektrik şüşəqaldırıcı (sürücü və ya sərnişinin əli şüşə arasında qalarsa pəncərə bloklanır), telefona idarəetmə, qatlanan yan güzgülər, klimat kontrol, tənzimlənən sükan və oturacaqlar və s. 
Bu gün üçün bəlkə sadaladığımız opsiyalar qeyri-adi deyil. Bunlara orta dəyərli Çin avtomobilində də rast gəlmək mümkündür. Lakin 1991-ci il kimi qarışıq dövrdə bunları sıfırdan hazılamaq və istehsalata tətbiq etmək böyük əmək və elm tələb edirdi. 
Avtomobil 1998-ci ilədək təxminən 433 000 ədəd istehsal edildi. Zirehli versiyanın istehsalı isə məhdud sayda daha 2 il davam etdi.
Sonrakı illərdə də şirkət lüks avtomobillər hazırladı. Lakin avropalı mütəxəssislər arasında belə bir fikir hakimdir ki, “W140” “Mercedes”in ən yaxşı təchizatlı sonuncu modeli olub. Sonrakı lüks modellərin təchizatı yüksək səviyyədə olsa da, kuzovun etibarlılığına görə “W140”ın bənzəri yoxdur.
“Mercedes Classe S Type 140” tarixdə həm də prezident avtomobili kimi qalıb. Bir çox ölkənin rəhbərləri bu modeldən xidməti maşın kimi istifadə edib.
Qonşu Rusiyada isə bu modeli cinayətkar qruplaşmaların rəhbərləri və qanuni oğrular daha çox tərcih edib.

 

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh