"Mini Aceman" markanın yeni dizayn üslubunu nümayiş etdirib - FOTO

Avtosfer Foto 29 İyul 2022 19:14 Oxunub 1362
"Mini Aceman" markanın yeni dizayn üslubunu nümayiş etdirib   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mini brendi yeni nəsildən olan modellərə keçidə hazırlaşır və BMW konserni yaxın gələcəyin Mini avtomobillərinin necə olacağını göstərmək qərarına gəlib. Hələlik Mini Aceman konsept formasında debüt edib, lakin gələcək seriya avtomobili demək olar ki, belə görünüşə malik olacaqdır.

 

Mini Aceman yığcam şəhər krossoveridir və o, model xəttində 3821 millimetrlik üçqapılı baza hetçbeki ilə 4297 millimetrlik Mini Countryman krossoveri (yeni nəsildə daha böyük olacaqdır) arasında yerləşəcəkdir. Konseptin uzunluğu 4050 millimetr, eni - 1990 millimetr, hündürlüyü isə, 1590 millimetrdir. Qeyd etmək gərəkdir ki, Aceman birbaşa varisləri olmayan beşqapılı Mini hetçbekini və Mini Clubman universalını əvəz edəcəkdir.

 

Konseptdə 20 düymlük təkər diskləri, çərçivəsiz qapılar, habelə Mini üçün ənənəvi olmayan bucaqlı qanad genişləndiriciləri quraşdırılıb. Bununla belə, tağların özləri hələ də yarımdairə şəklindədirlər. Qapı tutacaqları müasir BMW avtomobillərində oluğu kimi “batırılıblar”. Bütün bunlar seriya avtomobilində qorunub saxlanılacaqlar. Sırf konsept xüsusiyyətlərinə isə, damdakı Britaniya bayrağı şəklində baqajı və tam matrisa fənərlərini aid etmək olar.

 

Mini Aceman modeli Charismatic Simplicity (“Xarizmatik Sadəlik”) adlı yeni dizayn fəlsəfəsinə uyğun hazırlanıb. Bu üslub sadə forma və xətləri, eksteryer dekorunun azaldılmasını və xüsusən də xromdan tamamilə imtinanı nəzərdə tutur. Bunun əvəzinə, konseptdə işıqlandırma effektlərinə üstünlük verilib: qrafiki təsvirləri təkcə ön və arxa fənərlər deyil, həm də radiator barmaqlığının yerini alan işıq paneli də “çəkə” bilər. Əlbəttə ki, seriya modeli daha sadə olacaqdır.

 

Beş nəfərlik salonda Charismatic Simplicity fəlsəfəsindən tam şəkildə istifadə olunub. Dizaynerlər təkcə xromdan deyil, həm də dəridən (süni dəri də daxil olmaqla) imtina ediblər. Bunun əvəzinə təkrar emal edilmiş materiallardan hazırlanmış variant da daxil olmaqla parçadan istifadə olunur. Hətta sükan çarxını da məxmər ilə üzləyiblər.

 

Dəyirmi mərkəzi ekran ön paneldəki yerini qoruyub: indi o, üzvi işıqdiodlarından (OLED) hazırlanıb və artırılmış kontrasta malikdir. Mediasistem, Android əməliyyat sistemi əsasında hazırlanmış yeni Mini OS əməliyyat sistemin ilə çalışır. Burada ənənəvi cihazlar paneli yoxdur, ancaq cihazların və naviqatorun göstəriciləri parça ilə örtülmüş ön paneldəki “adaya” proyeksiya edilir. Qrafiki mövzular dəyişdirilə bilər və onların hər birinin özünəməxsus səs müşayəti var.

Mini Aceman elektromobildir, lakin onun texniki hissəsi haqqında heç bir məlumat verilməyib. Ətraflı məlumatı, seriya modelinin 2024-cü ildə keçiriləcək təqdimatı zamanı açıqlayacaqlar. Bu ilin sonuna qədər yeni nəsil Mini hetçbeki işıq görməlidir və o, konsept avtomobildə tətbiq edilmiş bir çox Charismatic Simplicity həllərini alacaqdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh