Reklam

Qadınların avtomobil sahəsində böyük ixtiraları - FOTO

Avtosfer Foto 7 Mart 2023 17:14 Oxunub 1464
Qadınların avtomobil sahəsində böyük ixtiraları  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yarandığı dövrdən avtomobil daim təkmilləşir. Bu təkmilləşmədə qadınların da böyük rolu olub. Onların ixtiraları müasir avtomobillərdə də tətbiq edilir. 

Avtosfer.az-ın xəbərinə görə, 1902-ci ildə avtomobil şüşəsilənini patentləşdirən Meri Anderson amerikalı sürücülərin işini asanlaşdırmaq istəyir. Onun layihələndirdiyi mexaniki şüşəsilən salondan hərəkətə gətirilirdi və sürücülərin yağışlı havada yerə düşməsinə ehtiyac qalmırdı. 1917-ci ildə başqa bir qadın – Şarlot Birqvud bu ixtiranı elektrikləşdirir. 
Lakin ideya uzun müddət maraq doğurmur. 1922-ci ildə isə cadillac ixtiranı alaraq bütün maşınlarında tətbiq edir. 

1917-ci ildə başqa bir amerikalı, aktrisa Florans Laurens dönmə və tormoz xəbərdarlıq sistemini ixtira edir. Xanımın ixtirası sırf mexaniki idi: sükanın altındakı dəstəyi çevirdikdə sağ və ya sol tərəfdəki ox işarəsi çıxaraq dönmənin istiqamətini göstərirdi. Tormoz pedalına basdıqda isə arxadakı STOP yazısı qalxırdı. 
Müasir avtomobillərdə bunlar elektriklə olsa da, ideya eynidir: Digər sürücüləri xəbərdar etmək. 

28 noyabr 1983-cü ildə amerikalı Marqaret Vikoks avtomobil qızdırıcısını ixtira etdi. o, bunun üçün isti mühərrikdəki soyuducu mayeni salonda quraşdırılmış radiatora yönəltdi. Radiatordan keçərək isinən hava həm şüşələrin tərləməsinin qarşısını alır, həm də salonu isidirdi. Lakin sistem çox baha olduğu üçün yalnız 1929-cu ildən “Ford” modellərində tətbiq edilməyə başladı. 
Bu sistem indi də ciddi dəyişikliyə uğramayıb. Kondisionersiz avtomobillər məhz bu cür qızdırılır. 

Britaniyalı Doroti Levit 1905-ci ildə 145 km/saat sürətlə avtomobildə dünya rekordçusu olur. Lakin bu britaniyalı qadın yadda əsasən öz ixtirası ilə qalır. O, 1911-ci ildə nəşr etdirdiyi kitabda (Qadın və avtomobil)  maşınında güzgü quraşdırdığını deyir. İxtiraçı həm də yazırdı ki, salon güzgüsü bəzənmək yox, təhlükəsizlik üçündür. 1914-cü ildən avtomobil istehsalçıları bu ideyadan bəhrələnir. 
1917-ci ildə amerikalı tibb bacısı Cun Makkarolun “Ford”unun qarşısına yük avtomobili çıxır və o, qəza törədir. Bundan sonra Makkarol yolların ağ xətlə ikiyə bölünməsini təklif edir. Bu məqsədlə o, evinin yanındakı ərazini ağ boya ilə ayırır. 1924-cü ildə Kaliforniya ştatında bütün yollarda hərəkət istiqamətlərinin ayrılması tələb halına gəlir. Buna görə də, xanım Makkarolu yol hərəkəti tənzimləməsinin pioneri hesab etmək olar. 

1930-cu ildıə Virciniyada anadan olan Qleydis Uels Yerin riyazi modelləşməsini hazırlayır. Onun ixtirası müasir GPS sisteminin əsasını qoyur ki, bunun sayəsində avtomobili dünyanın istənilən nöqtəsində izləmək mümkündür. 
1955-ci ildə NASA-ya işə qəbul edilən Anni İsleyin işi enerji mənbələri ilə bağlı olur. Onun ixtiraları hibrid avtomobillərin batareyalarının hazırlanmasında istifadə edilir. 

PS. Avtomobil tarixində iz qoymuş Berta Benz barədə ayrıca məqalə olduğu üçün burada onun ixtiralarına yoxunmuruq.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh