Dəmiryol xətləri ətrafındakı qanunsuz tikililər; mübarizə davam edir – VİDEO

2026-cı ilin ilk beş ayı ərzində Azərbaycan dəmir yollarında qeydə alınan kənar müdaxilə hadisələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Statistik göstəricilər dəmir yolu infrastrukturuna və hərəkətdə olan qatarlara edilən müdaxilələrin təkcə nəqliyyatın fəaliyyətinə deyil, insanların həyat və sağlamlığına da ciddi təhlükə yaratdığını göstərir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin ilk beş ayında ümumilikdə 197 kənar müdaxilə hadisəsi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 108 olub. Beləliklə, hadisələrin ümumi sayında 82 faiz artım müşahidə edilib. Hadisələrin böyük əksəriyyəti – 167-si sərnişin qatarlarının hərəkəti zamanı baş verib.
Saylarda artım olsa da, ötən illə müqayisədə bu il sərniin qatarlarının hərəkət intensivliyi və gedilən məsafədə də böyük dəyişiklik var.
Ən çox rast gəlinən hadisələrdən biri dəmir yolu xəttinə insanların daxil olması səbəbindən maşinistlərin təcili tormozlama etməsi olub. Bu cür hadisələrin sayı bir il ərzində 55-dən 70-ə yüksəlib. Bundan başqa, relslər üzərinə kənar əşyaların qoyulması halları da 47 faiz artaraq 17-dən 25-ə çatıb. Daş atılması hadisələrinin sayı isə 16-dan 20-yə yüksəlib. Bu kimi müdaxilələr ilk baxışda sadə görünə bilər, lakin hərəkətdə olan qatarlara ciddi ziyan vurmaqla yanaşı, sərnişinlərin və dəmir yolu əməkdaşlarının həyatı üçün risk yaradır.
Baş verən hadisələrə elə yerində qiymət vermək üçün nəqliyyat eksperti Elməddin Muradlı dəmir yolları ətrafında məskunlaşan sakinlərlə görüşlər keçirib. “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarının da iştirak etdiyi görüşdə relslərdən qanunazidd şəkildə keçməyə çalışan vətəndaşlar maarifləndirilib. ADY əməkdaşları relslərin yaxınlığında vətəndaşların tikinti həyata keçirmək istəmələri barədə də məlumat verib. Elməddin Muradlı bildirib ki, bu cür halların qarşısı ADY-nin Sumqayıt mühafizə bölməsinin işçiləri tərəfindən alınmağa davam edir:

“Daha bir tikintiyə cəhdin qarşısındayıq. Vətəndaş məhz bu hissədə qapı üçün yer ayırıb. Bir müddət sonra tikintini tamamlayacaq. İçəridə mətbəx və evin digər hissələrinin tamamlanmasının şahidi olacağıq. Daha sonra da bu qapının qarşısından bir aynabənd artıracaq və bu minvalla da dəmiryol xəttinə yaxınlaşacaq. Yenə ADY-nin əməkdaşları sağ olsun, bu ərazini qoruduqları üçün belə geniş yol qalıb”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə departamentinin Suqmayıt mühafizə bölməsinin rəisi Nəsrəddin Alməmmədovun sözlərinə görə bu cür halların qarşısını almaq üçün əməkdaşlar gecə-gündüz xidmət aparır:

“Sabunçu Xətt Polis Şöbəsinin tərkibində vağzal polis məntəqəsi var. Sumqayıt şəhəri dəmir yollarının mühafizə bölməsinin əməkdaşları ilə qarşılıqlı əməkdaşlıq şəraitində qeyd edilən neqativ halların qarşısı alınır. Lakin ərazi çox geniş olduğu üçün gecə də bəzi vətəndaşlar tərəfindən qanunsuz tikintilər davam etdirilir. Hətta elə tikililər var ki, onları 4-5 dəfə aidiyyəti qurumlarla birlikdə sökmüşük. Təəssüf ki, müəyyən vaxtdan sonra tikintinin artıq başa çatdığının şahidi olmuşuq”.
Nəsrəddin Alməmmədov onu da qeyd edib ki, bütün bu cür halların qarşısını almaq üçün həm kifayət qədər polis, həm də mühafizə əməkdaşı yoxdur. Hər tikiliyə maneə yaratmaq da absurd məsələdir.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Səfər Əlizadə
Skuterlə qəzaya düşən 41 yaşlı kişi öldü – Başı asfalta dəyib... - VİDEO
Dəmir yolu keçidlərindən necə istifadə edilməlidir? – İZAH - VİDEO
Xanım sürücü motosikletə yol vermədi; 160-la gedən bayker öldü - FOTO - VİDEO
Bu küçədə "manatlıq" taksilər özbaşınalıq edir - Nəzarət yoxdur - VİDEO
“Coca-Cola"nın maşını təhlükə yaratdı - Qapısı yola düşdü - VİDEO
Polis əməkdaşları qadını küçə itlərindən belə xilas etdi - VİDEO
Polis təqib etdiyi maşını arxadan vurdu; sürücü atəş açdı – İki ölü, çoxlu yaralı... - VİDEO
“Lapatka” ilə avtomobillərə hücum edib 5 maşına ziyan vurdu – Cinayət işi açıldı - VİDEO
Gəncə prospektində moped sürən gənclər təhlükəli “şou” göstərdi - VİDEO
Gənc baykerin polislərlə qorxulu qaçdı-tutdu oyunu qəza ilə başa çatdı - VİDEO
Bu yolda təhlükəli vəziyyət yaranıb: Asfalt çökür... - VİDEO










