Rəsmi qaydada dəli və narkomandır, amma sürücülük vəsiqəsi də var – Nə baş verir? - VİDEO

Bəzi hallarda ciddi qayda pozan sürücülər saxlanıldıqda həm sürücülük vəsiqəsinin, həm də psixi xəstəliyinin olduğu aşkar edilir. Hətta ötən il qəza törədib parkinqdə 15 dövrə vuran sürücünün sonradan psixi xəstə olduğu məlum olmuşdu. Bu hadisənin bənzəri daha əvvəl Yusif Səfərov küçəsində də qeydə alınmışdı. Belə ki, sürücü lüt soyunaraq sükan arxasına keçib və avtomobil ilə geriyə hərəkət edərək təhlükəli vəziyyət yaratmışdı. Yüksək balla ali məktəbə qəbul olan həmin sürücünün də psixi xəstə olduğu aşkar edilmişdi.
Bəs psixi xəstə olan şəxsə sürücülük vəsiqəsi necə verilib? Ümumiyyətlə, bu məsələ qanunda necə tənzimlənir?
Sürücülük vəsiqəsi alınarkən sağlam olan, lakin sonradan psixi xəstəliyi yaranan şəxsin sürücülük vəsiqəsi ləğv edilirmi?
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, hal-hazırda qüvvədə olan “Yol-hərəkəti haqqında” qanuna görə hər bir şəxs sürücülük vəsiqəsi almazdan, yəni imtahana buraxılmazdan əvvəl tibbi müayinədən keçməlidir: “Tibbi müayinənin predmenti onun sağlamlığını, sürücülük üçün yararlı olduğunu yoxlamaqdır. Poliklinikada tibbi müayinə zamanı şəxsin psixi sağlamlığında hər hansı bir şübhə yaranarsa, həmin şəxs əlavə olaraq həkim-psixiatr tərəfindən də yoxlanılmalıdır. Həm də hər bir şəxsin psixi-nevroloji pasiyentlər üçün nəzərdə tutulmuş xüsusi tibb müəssisələrində qeydiyyatda olub-olmaması araşırılmalıdır. Sürücülük üçün yararlı deyilsə ona sağlamlıq haqqında arayış verilməməlidir. Həm tibb müəssisəsi öz işinə vicdanla yanaşsa, həm də sürücülük imtahanına qəbul edənlər öz işinə qanuna uyğun yanaşmış olsalar sürücülük üçün yararsız şəxslərin yolunu kəsə bilərlər”.
Hüquqşünas təəssüflə qeyd edib ki, sürücülük vəsiqəsi alındıqdan sonra xəstəliyin ortaya çıxması ilə bağlı qanunvericilikdə problem var: “Əslində qanunvericilikdə bu barədə nələrsə var, amma natamamdır. Məsələn, “Yol hərəkəti haqqında” qanununda yazılıb ki, şəxsin sağlamlığında sürücülüklə bir araya sığmayan dəyişiklik baş verərsə onu müalicə edən tibb müəssisəsi bu barədə Dövlət Yol Polisinə məlumat ötürməlidir. “Dövlət Yol Polisi bu məlumat əsasında nə etməlidir?” sualının isə cavabı yoxdur. Təcrübədə isə görürük ki, tibb müəssisələri belə məlumatı heç ötürmürlər. Nəinki psixi xəstəlik, hətta şəxsin qolunun biri amputasiya edildikdə belə bu barədə Dövlət Yol Polisinə heç bir məlumat verilmir. Belə halların bizim qanunvericilikdə bir cavabı yoxdur və heç kimdə bununla maraqlanmır. Xarici təcrübədə tibb müəssisəsindən məlumat gəldikdən sonra həmin sürücü sürücülük vəsiqəsi verilən orqana dəvət olunur. Xüsusi olaraq onu təkrar müayinəyə göndərirlər. Əgər sürücü sağlamlıq haqqında arayış təqdim edə bilmirsə, onun sürücülük vəsiqəsi ləğv olunur. Belə bir mexanizm bizdə yoxdur. Çox yaxşı olardı ki, bu mexanizm bizdə də tətbiq olunsun. Sürücülüklə bir araya sığmayan xəstəliklərə görə sürücülük hüququ ləğv olunmalı və həmin sürücüyə də bu vəziyyətdə avtomobil idarə etməyin mümkün olmadığı izah edilməlidir”.
Problemin kökü ondadır ki, tibb orqanları məlumatı yol polisinə ötürmür. Yəni, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, eləcə də Səhiyyə Nazirliyi Daxili İşlər Nazirliyi ilə normal əlaqə qurub xəstəliyi olan şəxslər barədə məlumatı vaxtında ötyürə bilər. Amma görünür, buna o qədər də maraqlı deyillər. Görünür, qanunda boşluq olduğu üçün onlar da “sakit həyat tərzinə” üstünlük verirlər. Ancaq qanunda boşluq olmasına baxmayaraq vətəndaşlar bilməlidir ki, sürücülüklə bir araya sığmayan xəstəliklərlə üzləşənlər avtomobil idarə etməməlidir. Çünki belə halda qəzalar baş verə bilər ki, bu da həm vətəndaşın, həm də digər şəxslərin həyatı üçün təhlükə mənbəyidir. Özümüzü və ətrafımızı qorumaq bizim əlimizdədir.
Ümid edirik ki, yaxın zamanda qanunvericilikdəki boşluq da öz həllini tapacaq.
Məhəbbət Tərlanoğlu
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










