“IST Petrol” və “Çıraq Plaza” özbaşınalıq edir, qurumlar isə kənardan izləyir - VİDEO

Gündəm 3 Sentyabr 2024 17:30 Oxunub 400
“IST Petrol” və “Çıraq Plaza”  özbaşınalıq edir, qurumlar isə kənardan izləyir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın ən çox özbaşınalıq, ən çox qanunsuzluq olan rayonunda əhaliyə qarşı açıq hörmətsizlik edilir.

Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonunda uzun illərdir fəaliyyət göstərən müəssisələr səkini ürəkləri istəyən kimi zəbt ediblər. Mövzu ilə əlaqədar görüntüləri redaksiyamıza göndərən paytaxt sakini deyir ki, indiyə qədər bu qanunsuzluqların düzəldilməsilə bağlı heç bir cəhd olmayıb.

Belə ki, günaşırı qanunsuzluqların ən çox müşahidə edildiyi Tbilisi prospektində yerləşən “Çıraq Plaza” və “IST Petrol” yanacaqdoldurma məntəqəsi səkini öz obyektlərinin ərazisinə qatıb. “Çıraq Plaza” otel və biznes mərkəzi şəbəkəsi hündürmərtəbəli binasının ətrafını dəmir maneələrlə özəlləşdirib, səkinin Şəfaət Mehdiyev küçəsinə çıxışına şlaqbaum quraşdıraraq piyadaların hərəkətinə maneə yaradır.

Tbilisi prospekti ilə Şəfaət Mehdiyev küçəsindəki kəsişmədən yolu keçmək isə ümumiyyətlə mümkün deyil. Ərazidə bir dənə də olsun piyada keçidi – “zebra” yoxdur. Dövlət qurumlarının bu ərazidə vətəndaşların həyatını təhlükə altında saxlamaqdakı məqsədi heç də başadüşülən deyil. Şəfaət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsinə qədərki azı 200 metr məsafədə heç bir piyada keçidinin olmaması onu deməyə əsas verir ki, bu küçədən istifadə edərkən yolu sağ-salamat keçib-keçməmək barədə bir neçə dəfə düşünmək lazımdır.

“IST Petrol” yanacaqdoldurma məntəqəsinin törətdiyi qanun pozuntusu isə daha qabarıqdır. Sahibinin kimliyi ilə bağlı vaxtaşırı mətbuatda aydınlıq gətirilməsinə baxmayaraq hələ də qaranlıq qalan bu məsələdə həm Şabayev Seymur və Teymur qardaşlarının, həm də ölkədəki müxtəlif tenderlərin qalibi olan Ramzan Mirzəyevin adı çəkilir. Vətəndaşları maraqlandıran isə bu obyektin sahibinin kimliyi yox, özbaşınalıqlarına nə vaxt son verilməsi məsələsidir. 1990-cı illərdə əsası qoyulan yanacaqdoldurma məntəqəsi piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəni məntəqənin ərazisinə qatıb və avtosalonun avtomobillərinin parkinq ərazisinə çevirib. Yanacaqdoldurma məntəqəsinin yanında son illərdə istifadəyə verilən “IST FOOD” iaşə obyekti də oyektin ətrafında bir neçə avtomobil üçün nəzərdə tutulan hissə - əslində səkiyə aid olan ərazini plastik maneələrlə ayırıb.

Sakinlər bildirir ki, artıq ərazidə azı 20 ilə yaxındır fəaliyyət göstərən obyektlərin özbaşınalıqları ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə dəfələrlə şikayət etsələr də, heç bir xeyri olmayıb. Onlar aidiyyəti qurumların yaranan vəziyyətlə bağlı çevik reaksiya göstərməsini xahiş ediblər.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh