Səhiyyə Nazirliyində BÖYÜK TƏMİZLİK ƏMƏLİYYATI başladı - ŞOK ADLAR

Azərbaycan səhiyyəsində idarəetmə mexanizmlərinin yenilənməsi və strukturdakı mövcud nöqsanların aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Yeni səhiyyə naziri Anar Bayramovun rəhbərliyi ilə qurumda ciddi kadr dəyişikliklərinə və əsaslı təmizliyə hazırlaşıldığı bildirilir. Əldə edilən məlumatlara görə, səhiyyə nazirinin mövcud dörd müavinindən üçünün vəzifədən azad ediləcəyi gözlənilir.
Bu şəxslər İlqar Qasımov, Rasim İsmayılov və Rüfət Hacıəlibəyovdur. Mövcud komandadan yalnız Nadir Zeynalovun öz vəzifəsində qalacağı nəzərdə tutulur. Vəzifədən ayrılacağı gözlənilən müavinlərdən İlqar Qasımov və Rasim İsmayılov 2022-ci ilin fevralında, sabiq nazir Teymur Musayevin dövründə təyin olunublar, Rüfət Hacıəlibəyov isə bu ilin iyulunda nazir müavini vəzifəsinə gətirilib. Lakin yola salınacağı gözlənilən bu şəxslərin fəaliyyəti son illər ərzində müxtəlif qalmaqallarla və ciddi müzakirələrlə yadda qalıb. Xüsusilə İlqar Qasımovun adı plastik cərrahların sertifikatlaşdırılması ilə bağlı mübahisəli sənədlərdə və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı idarəçiliklə bağlı məhkəmə çəkişmələrində hallanıb. Digər müavin Rüfət Hacıəlibəyovun adı isə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə üzləşdiyi cinayət işi üzrə məhkəmə prosesində çəkilib. Bank-maliyyə sektorundan – əvvəllər "Muğanbank"da, daha sonra isə Dövlət Vergi Xidmətində çalışdıqdan sonra səhiyyə sisteminə gətirilən Rasim İsmayılovun da fəaliyyəti diqqət mərkəzində olub. Bütün bu proseslər fonunda nəzərdə tutulan dəyişikliklərin reallaşması Səhiyyə Nazirliyinin rəhbər korpusunun tamamilə yenilənməsi ilə nəticələnəcək, baxmayaraq ki, nazir müavinləri birbaşa Prezidentin sərəncamı ilə təyin və ya azad olunurlar və hələlik rəsmi qərar açıqlanmayıb.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Razi Salmanzadə qeyd edib ki, səhiyyə sistemində illərdir yığılıb qalan sistemli problemlərin həlli üçün kadr potensialının sağlamlaşdırılması və peşəkar, şəffaf idarəetmə prinsiplərinə keçid həyati əhəmiyyət daşıyır : "Səhiyyə elə həssas sahədir ki, burada hər bir təyinat və idarəetmə qərarı birbaşa insanların sağlamlığına, ömrünə və ümumilikdə cəmiyyətin rifahına təsir göstərir. Son illər nazirlik daxilində və tabe qurumlarda baş verən müxtəlif maliyyə neqativləri, sertifikatlaşdırma ilə bağlı narazılıqlar və kadrların peşəkarlıq səviyyəsindəki boşluqlar sistemə olan etimadı ciddi şəkildə sarsıdıb. Əgər rəhbərlikdə əsaslı struktur dəyişiklikləri və təmizlik aparılmasa, səhiyyədə keyfiyyət dəyişikliyinə nail olmaq qeyri-mümkündür. Yeni nazirin bu istiqamətdə atacağı addımlar xəstəxanalardan tutmuş mərkəzi aparatadək bütün həlqələrdə sağlam mühitin formalaşmasına təkan verməlidir".
Onun sözlərinə görə, səhiyyənin idarə olunmasında təsadüfi şəxslərin deyil, məhz bu sahənin incəliklərini dərindən bilən, dürüst və peşəkar kadrların irəli çəkilməsi qaçılmaz zərurətdir : "Tibb ocaqlarında və idarəetmə strukturlarında şəffaflıq təmin edilmədikcə, vətəndaşların məmnunluğundan danışmaq hədərdir. Maliyyə resurslarının təyinatı üzrə xərclənməməsi, səlahiyyət hədlərinin aşılması və nəzarətsizlik hallarının kökü kəsilməlidir. Ümid edirik ki, gözlənilən bu kadr islahatları sadəcə fasad dəyişikliyi olmayacaq, əksinə, Azərbaycan səhiyyəsini illərdir ləngidən bürokratik əngəllərin və neqativ halların tamamilə aradan qaldırılması ilə nəticələnəcək".
Mövzu ilə bağlı saytımıza danışan hüquqşünas Natiq Ələsgərov isə qeyd edib ki, dövlət qurumlarında, xüsusilə də strateji əhəmiyyət daşıyan Səhiyyə Nazirliyi kimi həssas bir strukturda vəzifə səlahiyyətlərindən sui-istifadə və maliyyə pozuntuları halları birbaşa qanunvericiliyin sərt şəkildə tətbiqini tələb edir : "İstənilən dövlət məmurunun fəaliyyətində şəffaflıq və qanunçuluq prinsipləri əsas olmalıdır. Son dövrlər bəzi nazirlik müavinlərinin və idarə rəislərinin adlarının müxtəlif məhkəmə çəkişmələrində, mənimsəmə və vəzifə saxtakarlığı iddialarında hallanması hüquqi dövlət prinsiplərinə kölgə salır. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar və məhkəmə prosesləri göstərir ki, idarəetmədə nəzarət mexanizmləri zəiflədikdə korrupsiya riskləri kəskin şəkildə artır".
Onun sözlərinə görə, səhiyyə sistemində hüquqi intizamın bərqərar olunması və yol verilən qanun pozuntularının qarşısının alınması üçün inzibati təmizlərlə yanaşı, sərt hüquqi qiymətləndirmə də verilməlidir : "Konstitusiyaya və qanunvericiliyə uyğun olaraq, nazir müavinləri hər nə qədər ölkə başçısının sərəncamı ilə təyin edilsələr də, onların törətdiyi və ya nəzarət etdikləri sahələrdə baş verən qanunsuzluqlara görə məsuliyyət məsələsi qaçılmazdır. Şəffaflığın təmin olunması və dövlət vəsaitlərinin qorunması məqsədilə bu cür hallara qarşı barışmaz mövqe sərgilənməli, daxili audit və hüquqi nəzarət mexanizmləri maksimum gücləndirilməlidir"./nocomment.az
Əhmədlidə obyekt tikintisi zamanı 5 ağac betonun içində qalıb – VİDEO
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!












