Vətən müharibəsinin müjdəçidi – Aprel döyüşləri - FOTOSESSİYA

Aprel döyüşləri 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Bu döyüşlər Azərbaycan və Ermənistan silahlı qüvvələri, eləcə də Dağlıq Qarabağ bölgəsindəki erməni hərbi birləşmələri arasında baş verib. 1994-cü ildə imzalanmış atəşkəsdən sonra bu, bölgədə ən şiddətli hərbi toqquşma hesab olunurdu. Döyüşlər nəticəsində Azərbaycan Ordusu uğur qazanıb və bir sıra strateji ərazilər azad edilib. Bunlara Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi, həmçinin Cocuq Mərcanlı istiqaməti, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun bəzi yaşayış məntəqələri istiqamətində mövqelər daxildir. Bu hadisələr Azərbaycan Ordusunun gücünü nümayiş etdirən mühüm mərhələlərdən biri kimi qiymətləndirilir. Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.
Döyüşlərdə Azərbaycan Ordusunun əsgərinin şücaəti mövzusu ilə əlaqədar Milli Məclisin deputatı Aydın Mirzəzadə Avtosfer.az-a açıqlamasında bildirib ki, 2016-cı il Aprel döyüşləri Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biridir. Birinci Qarabağ müharibəsində Ermənistan xarici dəstəklə Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş və hesab etmişdi ki, bu yolla Azərbaycanı torpaq itkisi ilə razılaşmağa məcbur edəcək:
.jpg)
“Lakin Azərbaycan əvvəl Ümummilli Lider Heydər Əliyevin, daha sonra isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətini gücləndirdi, iqtisadiyyatını yenidən qurdu və müasir, güclü ordu formalaşdırdı. Sağlam milli ideologiya cəmiyyətin əsas istiqamətlərindən birinə çevrildi. Aprel döyüşləri zamanı Azərbaycan əsgəri böyük şücaət göstərdi və bu, Ermənistan üçün gözlənilməz oldu. Beynəlxalq aləmdə isə belə bir fikir formalaşmışdı ki, Azərbaycan ya siyasi təzyiqlərlə, ya da torpaq itkisi ilə barışmalı olacaq. Lakin qısa müddət ərzində Azərbaycan Ordusu torpaqlarımızın bir hissəsini işğaldan azad edərək öz gücünü nümayiş etdirdi. Bu qələbə Azərbaycan xalqına böyük inam verdi. Ordumuzun güclü, müasir silahlarla təchiz olunduğu, ölkənin daxili və xarici siyasətinin düzgün qurulduğu bir daha təsdiqləndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəyə qadir olduğunu göstərdi. Daha sonra Vətən müharibəsi zamanı həyata keçirilən uğurlu əməliyyatlarla Ermənistanın işğalına tamamilə son qoyuldu və qarşı tərəf sülh prosesinə razılaşmaq məcburiyyətində qaldı. Əgər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından imtina edərsə, gələcəkdə normal qonşuluq münasibətlərinin qurulması mümkündür. Aprel döyüşləri eyni zamanda Azərbaycanın daha böyük hərbi əməliyyatlara hazırlıq səviyyəsini ortaya qoydu. Bu hadisələr Azərbaycan dövlətinin və xalqının gücünü nümayiş etdirdi və sübut etdi ki, ölkə öz suverenliyini qorumağa hər zaman qadirdir. Çünki Azərbaycan xalqı öz torpağını sevir, onu qorumağı bacaran güclü orduya və xalqın dəstəklədiyi liderə malikdir”.
Aprel döyüşlərində bəzi çatışmazlıqların olduğu hiss olundu ki, bunun nəticəsində 89 nəfər şəhid olub. Lakin 2016-cı ildə baş verin döyüşlər sayəsində ordudakı çatışmazlıqlar ortaya çıxdı və hər biri bərpa olundu. Elə buna görə də Ordumuz 2020-ci ildə həyata keçirdiyi əks-hücum əməliyyatlarında düşmənin qüvvələrini yerlə yeksan etdi. Hərbi ekspert Üzeyir Cəfərovun da fikrincə, Aprel döyüşləri Azərbaycan ordusunun tarixi və 44 günlük Vətən müharibəsinin müjdəsi idi:

“Bu döyüşlərdə Azərbaycan əsgəri və zabitləri böyük qəhrəmanlıq nümunəsi göstərdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hansı çatışmazlıqların orada olması komandanlıq tərəfindən daha yaxşı bilinir. Mən də hesab edirəm ki, Azərbaycan ordusunun 2016-cı il Aprel döyüşlərində keçirdiyi əməliyyat zamanı hər şey ideal getməyib. Bəzi çatışmazlıqlar olub və nəticədə verməli olmadığımız itkilərə məruz qalmışıq. Bu, hərbi əməliyyatlarda normal haldır. Hətta Amerikanın İsrailin İrana qarşı keçirdiyi döyüş əməliyyatlarında belə gözlənilməz vəziyyətlər yaranıb. Məsələn, Amerikanın komandanlığı gözləmədiyi müqavimətlə üzləşmişdi. 2016-cı ildə Azərbaycan ordusu da xeyli dəyərli pilotlarını itirdi. Helikopterlər düşmən tərəfindən vuruldu və Murad Mirzəyev, Vüqar Yusifov, Mühüd Oruçov, Raqub Oruçov və digər yüksək rütbəli, xüsusi təyinatlı zabitlərimiz şəhid oldu. Bu itkilərin bəzilərinə qarşı tədbir görülə bilərdi və lazımlı idi, amma verildi. Bu şəxslər bizim üçün qızıldan da qiymətlidir və onları qorumaq mümkün olsaydı, bəziləri indi general ola bilərdi. 2016-cı ildəki bəzi qərarlar və addımlar 2020-ci ildə təkrarlanmadı, lakin 2020-ci ilin də öz üstünlükləri və çatışmazlıqları oldu. Nəticədə 44 günlük savaşda orduda bəzi kadr dəyişiklikləri baş verdi; uzun illər baş qədərcək rəisi vəzifəsindən uzaqlaşdırıldı. Müharibədə planlaşdırma olsa da, gedişat fərqli şəkil ala bilər. Bu həm hərbdə, həm idmanda, həm iqtisadiyyatda, həm də siyasətdə belədir. Aprel döyüşləri zəfər tariximiz olmaqla yanaşı, bəzi nöqsanları da ortaya qoydu. Hesab edirəm ki, komandanlıq bu nöqsanları yaxşı incələyib və məlumatlıdır”.
Deputat Pərvanə Vəliyeva isə deyib ki, Azərbaycan Ordusunun şanlı tarixində mühüm yer tutan Aprel döyüşlərindən artıq 10 il ötür. 2016-cı ilin 2–5 aprel tarixlərində baş verən döyüşlər zamanı düşmənin törətdiyi təxribatların qarşısı qətiyyətlə alındı:
“Uzun illər işğal altında saxlanılan bir sıra strateji ərazilər – Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, eləcə də Tərtər rayonunun Qazaxlar və Madaqiz istiqamətində mühüm mövqelər azad edildi. Ümumilikdə isə 2000 hektardan artıq ərazi işğaldan təmizləndi. Dörd gün davam edən bu döyüşlər Azərbaycan xalqına böyük qələbə sevinci yaşatdı və tariximizə qəhrəmanlıq səhifəsi kimi həkk olundu. Qazanılan zəfər bir daha göstərdi ki, Azərbaycan əsgəri yüksək döyüş hazırlığına, möhkəm mənəvi-psixoloji iradəyə və sarsılmaz qələbə əzminə malikdir. Bu uğur həm dövlətimizin gücünü, həm ordumuzun qüdrətini, həm də xalqımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın heç vaxt işğalla barışmayacağını və ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiqlədi. Aprel döyüşləri 2-ci Qarabağ müharibəsində əldə olunan zəfərin başlanğıcı idi. Aprel döyüşləri uzun illər “keçilməz” hesab edilən müdafiə xətti barədə yaradılmış mifləri də tamamilə alt-üst etdi. Bu qələbə ölkə rəhbərliyinin uzaqgörən siyasətinin, Silahlı Qüvvələrə göstərilən davamlı diqqət və qayğının, həmçinin əsgər və zabitlərimizin peşəkarlığının və yüksək vətənpərvərlik ruhunun nəticəsi idi. Xalq–ordu birliyi isə bu uğurun əsas dayaqlarından biri oldu. Aprel zəfəri sonrakı böyük qələbələrin başlanğıcı kimi tarixə düşdü. Lələtəpə yüksəkliyinin azad edilməsi Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpasına şərait yaratdı və bununla da məcburi köçkünlərin doğma torpaqlara qayıdışının təməli qoyuldu. Bu proses sonradan daha geniş miqyas alaraq böyük qayıdışın başlanğıcına çevrildi. Aprel döyüşlərindən sonra xalqın mübarizə əzmi daha da gücləndi. Bu ruh 44 günlük Vətən müharibəsində özünü tam şəkildə göstərdi və “Dəmir yumruq” kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ardınca 2018-ci ildə Naxçıvan istiqamətində uğurlu əməliyyatlar, 2020-ci ildə Tovuz hadisələri zamanı göstərilən qətiyyət və nəhayət, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad edildi. Bu gün hər birimiz böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı öz tarixinin ən şanlı zəfərlərindən birinə imza atdı və ədaləti bərpa etdi”.
Deputat Elçin Mirzəbəyli Avtosfer.az-a müsahibəsində bildirib ki, Aprel döyüşləri Azərbaycan dövlətinin, xalqının və Ordusunun Ermənistan üzərində hərbi, siyasi, psixoloji, mənəvi qələbəsidir:

“İlk növbədə, onu qeyd etmək lazımdır ki, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan ordusunun növbəti təxribatına cavab verən Azərbaycan Silahlı Qüvvələrinin məhdud sayda şəxsi heyəti ermənilərin keçilməz hesab etdiyi istehkamı qısa müddət ərzində darmadağın etməklə Ermənistan cəmiyyətində uzun müddət idi ki, hakim olan məğlubedilməzlik mifini alt-üst etdi. Bəlli oldu ki, Ermənistan cəmiyyətini miflərdən başqa birləşdirən heç bir dəyər yoxdur. Azərbaycan vətəndaşları hərbi xidmətə getmək, döyüşə atılmaq üçün qoşunların təmas xəttinə axışdığı zaman ermənilər nəinki səngəri, hətta döyüş bölgəsindən xeyli uzaqda olan evlərini belə tərk edərək qaçdılar. Aprel döyüşlərində Azərbaycan əsgər və zabitlərinin yüksək döyüş ruhu və peşəkarlığı ilə yanaşı, Silahlı Qüvvələrimizin arsenalında olan hərbi texnika və silah-sursatın da Ermənistan ordusunun şəxsi heyətindən və hərbi-texniki potensialından dəfələrlə üstün olduğu bir daha öz təsdiqini tapdı. Aprel döyüşləri Ermənistan silahlı qüvvələrindən kütləvi istefalara səbəb oldu, cəmiyyətlə yanaşı, Ermənistanın siyasi hakimiyyəti də silkələndi. Nəticədə ölkə rəhbərliyi hakimiyyətdən qovuldu. Müəyyən bir zaman kəsiyindən sonra Ermənistan ordusunda korrupsiyanın, nizamsızlığın misli görünməyən bir səviyyədə olduğu ictimaiyyətə açıqlandı və bu da Ermənistan ordusunun real və acınacaqlı durumunu ortaya qoydu. Aprel döyüşləri Ermənistanda hakimiyyətin siyasi səhnədən gedişini stimullaşdırmaqla yanaşı, bu ölkədə tayfa-klan münasibətlərinin mövcud olduğunu sübuta yetirdi və ayrı-ayrı qüvvələrin əslində bir-birinə qarşı nifrət bəslədiyini nümayiş etdirdi. Məlum oldu ki, Ermənistanda milli birlik deyilən bir anlayış yoxdur. İllərdən bəri görünən birlik isə əslində həmin dövrdə hakimiyyətdə olan klanın yaratdığı və real əsası olmayan bir görüntüdür. Aprel döyüşləri Azərbaycanın hərtərəfli üstünlüyünü nümayiş etdirməklə yanaşı, ölkənin gələcək zəfər yolunun əsasını qoydu. Bu dördgünlük müharibə Azərbaycanın status-kvonun dəyişdirilməsi üçün ciddi iradə nümayiş etdirəcəyini və öz ədalətli mövqeyindən geri çəkilməyəcəyini bir daha təsdiqlədi. Aprel döyüşləri Azərbaycanın hərbi qüdrətinin və döyüş hazırlığının yüksək səviyyədə olduğunu sübut etdi. Azərbaycan Ordusu mühüm strateji əraziləri, xüsusilə Lələtəpə və Talış yüksəkliklərini azad etdi. Bu, gələcək hərbi əməliyyatlar üçün əlverişli mövqelərin ələ keçirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan bu döyüşlərdə müasir silah və texnologiyalarından istifadə edərək, düşmənin müdafiə xətlərini qısa müddətdə yarmağı bacardı.Bu döyüşlər Azərbaycan hərbçilərinin yüksək peşəkarlığını və motivasiyasını nümayiş etdirdi ki, bu da 2020-ci ildəki Vətən müharibəsində həlledici amillərdən biri oldu. Döyüşlərdən sonra Ermənistan cəmiyyətində ciddi narazılıq yarandı, hökumətə olan inam azaldı və daxili siyasi böhran daha da gücləndi. Ermənistan əhalisi və ordusu Azərbaycanın gücünü və müasir döyüş taktikasını görərək psixoloji cəhətdən sarsıldı. Aprel döyüşləri Azərbaycan xalqında qələbəyə olan inamı artırdı və milli birlik hissini gücləndirdi. Azərbaycan cəmiyyəti bu döyüşlərdən sonra ordusunun gücünü və potensialını daha aydın şəkildə gördü. Aprel döyüşləri Azərbaycanın gələcəkdə tam qələbəyə nail ola biləcəyini sübut etdi və 2020-ci ildə 44 günlük Vətən müharibəsinin qazanılması üçün mühüm psixoloji təməl yaratdı”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nurcan Babək
Rahatlıq və təhlükəsizlik prioritetdir - Paytaxt yolları yenilənir - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
DTX-də peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Yağışda batan avtomobillərin zərərini KİM ÖDƏYƏCƏK? - AÇIQLAMA
Putinlə paşinyanın Paşinyan gərgin görüşü – Kreml Ermənistanı hədələyib? - Politoloqdan AÇIQLAMA















