Birgə nikah dövründə gizli satılan əmlakın pulu yarıya bölünməlidir? - Deputatlar danışdı

Öyrənək 18 Fevral 2026 20:15
Birgə nikah dövründə gizli satılan əmlakın pulu yarıya bölünməlidir? - Deputatlar danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər boşanma zamanı aliment ödəməyən, eləcə də evlilik zamanı alınan əmlakın bölünməsində problem yaradan şəxslərlə bağlı şikayətlər artmaqdadır. Sosial şəbəkələrdə də bununla bağlı paylaşımlara tez-tez rast gəlinir.

 

Bəzi şəxslər öncədən boşanacağı ilə bağlı sezgilər ortaya çıxdığı vaxt yavaş-yavaş əmlaklarını satmağa başlayır. Boşanmadan qabaqdır deyəni. Maşını satır, ardınca da evi satışa çıxarır, evi də satdı, sonra gedir qol çəkir gedirlər boşanmaya. Bu istər qadın olsun, istərsə də kişi. Doğrusu, daha çox kişilərlə bağlı belə problemlərə rast gəlinir. Amma bəzi hallarda qadın da kişidən öncə davranıb müəyyən gizli planlar qura bilir. Mülkləri düşünən şəxs fikirləşir ki, əgər əvvəlcədən əmlakları satsa, bu əmlakların bölünməsi olmayacaq.

Sual yaranır: Belə olan vəziyyətdə qarşı tərəfində icazəsinin olması mütləqdirmi? İkinci bir tərəfdən, əgər boşanmadan əvvəl bu maşın və ya ev, torpaq satılıbsa, vəkil qarşı tərəfin hüquqlarını necə qoruyur? Yəni, boşanmadan əvvəl satılan birgə yaşayış dövründə alınan əmlakların tərəflər arasında bölüşdürülməsini təmin edə bilirmi? İstənilən halda tam qanunvericiliklə əhatə eləmək mümkün deyil, təbii ki, boşluqlar var və hesab edirəm ki, olacaq. Əmlak ilə bağlı məsələdirsə, birgə nikah dövründə eldə edilən bütün əmlaklar hər ikisinə məxsusdur, boşanma halında həmin əmlaklar yarıya bölünür. Əgər kimsə tərəfindən bağışlanma yolu ilə ötürülməyibsə. Avtomobillə bağlı vəziyyət çətindir. Yaşayış evi ilə bağlı hər iki tərəf burada qeydiyyatdadırsa, 18 yaşına çatmış şəxslərin və həmin mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan onun satılması, özgəninkiləşdirilməsi mümkün deyil. Amma avtomobillə bağlı məsələdə situasiya fərqlidir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobil kimin adına edirsə, onu özgəninkiləşdirə bilər. Bu mövzuda artıq tərəflər arasında məsələdən çox şey asılıdır.

“Mən hesab edirəm ki, məhkəmədən əvvəl mediasiya qurumuna müraciət olunmalıdır, çünki onların rəyi mütləqdir, ondan sonra boşanma ilə bağlı məhkəməyə müraciət olunur, bu zaman iddia qaldıra bilərlər. Bu məsələdə vətəndaşları marifləndirmək lazımdır, təbii ki bunu hər kəs bilmir. Tərəflərdən biri birgə nikah dövründə alınmış əmlakların satışına qadağa, həbs qoyulmasına dair iddia ilə çıxış edə bilər. Digər tərəf birgə əmlakla məxsus olan birgə nikah dövründə əldə etdikləri əmlaka sənəncam vermək hüququnu özündə saxlaya bilər. Yaxud da tərəflərdən biri qəfildən məhkəməyə müraciət edir, amma ona qədər münasibətini bildirmir və ona məxsus olan birgə nikah dövründə aldıqları avtomobili satır ondan sonra məhkəməyə müraciət edir. Bunun qarşısına almaq mümkün deyil. Sadəcə olaraq hər bir situasiya üçün özünün fərqli yanaşması ola bilər. Bunu da tam olaraq qanunvericiliklə həll eləmək də mümkün deyil əslində.

Belə təşviq eləmək olar ki, tərəflər birgə əmlak əldə edirlərsə, mütləq mənada mənzil alırlarsa, o mənzilə sərəncam verilmək hüququ və mülkiyyət hüququ iki nəfərin adına rəsmiləşdirilə bilər. Bu bir yanaşmadır. Digər yanaşma, mən bununla bağlı parlamentdə də fikir bildirmişəm. Ümumiyyətlə, ölkəmizdə nikaha daxil olarkən, hüquqi nikah müqaviləsininin bağlanmasına ehtiyac var. Bundan utanmaq lazım deyil. Bu bizim mentalitetimizə uyğun deyil deyə, yanaşma sərgilənir və inanmıram ki, nikaha daxil olan ailələrdə bu məsələ nəzərə alınıbdır. Ola bilər barmaqla sayılacaq dərəcədə tərəflər nikah müqaviləsi bağlasınlar nikaha daxil olarkən, amma bu, olduqca vacib məsələdir. Bunu da marifləndirmə yolu ilə, təbliğatla gündəmə gətirmək lazımdır.

Tərəflər birgə nikaha daxil olursa, nikah müqaviləsin də bağlasalar daha doğru olar. Birgə nikah dövründə əldə etdikləri hər hansı bir əmlak ilə bağlı məsələdə və mahiyyətcə digər məsələlərlə bağlı da o nikah müqaviləsində bütün nəzərdə tutulan nüanslar öz təsdiqini tapacaqsa, təbii ki, boşanma məsələsində də tərəflər üçün daha ağrısız ola bilər. Amma indi təəssüflər olsun ki, ölkədə boşananların sayında kifayət qədər yüksəkdir, 50%-in üzərindədir və bu, olduqca ciddi bir siqnaldır. Əslində, ailə institutunun dağılması prosesi baş verir desək, bəlkə də daha doğru olar. Təbii ki, əvvəllər həm nikaha daxil olanların sayı azdır, eyni zamanda boşanan ailələrin sayı kifayət qədər çoxdur.

Ona görə bu cür suallar ortaya çıxacaq, təbii ki. Bu gün nikaha daxil olmamışdan əvvəl həkim arayışları, əvvəl yox idi belə şey, hətta onu uyğun qəbul etmirdi cəmiyyət, indi isə rahatlıqla qəbul ediblər ki, tərəflər həkim müayinəsindən keçib arayış almalıdırlar ki, gələcəkdə tərəflərdən biri ilə bağlı hansısa problem yaşanmış olmasın, övladların dünyaya gəlməsində əvvəlcədən qabaqlayıcı tədbirlər ehtiyac varsa görülsün. Bu kontekstdən yanaşsaq, imperativ qaydada nikah müqavilələrinin bağlanmasını tətbiq edilsə, bununla bağlı qanunvericinə yəni dəyişiklər edilsə, işin faydası olar və bu cür problemlərin qarşısını əvvəlcədən önləmiş olarıq.

Deputat Fazil Mustafanın fikrincə, bununla bağlı məhkəmədə araşdırma aparıb, ədalətli qərar çıxarılır.

“Burada hakimin mövqeyi çox önə çəkilməlidir. Əgər bu məqsədlə məhz boşanmadan öncə bu satılıbsa, hansısa bir adım atılıbsa, onda buna ciddi şəkildə münasibət bildirə bilər və tərəflərin vicdanına, tərəfin xeyrinə məsələnin həllini gerçəkləşdirə bilərlər.

Çünki burada bütün hallarda evlilik müddətində olan birgə əmlakın ədalətli bölgüsündən söhbət getməlidir. Əgər hər hansı bir şəkildə bu - başqa tərəfə ziyan vurmaq məqsədyönlü şəkildə həyata keçirilibsə, buna məhkəmənin qiymət vermə imkanları var və qanunvericilik də buna müəyən şərtlər daxilində normal yanaşır”.

 

Vəkil Kamandar Hüseynov Avtosfer.az-a məsələnin bütün hüquqi tərəflərini və praktikada yaşanmış vəziyyəti açıqlayıb. O bildirib ki, bəzən həqiqətən də tərəflər fikirləşir ki, bir-iki aydan sonra nikahları pozulacaq, birgə nikah dövründə əldə olmuş əmlakı satsın və məsuliyyətdən canı qurtarsın.

“Adətən bu, kişi tərəfdə olur  və o düşünür ki, mən özüm qazanmışam və s. Yəni, bu tərəflərin birgə nikah dövründə qazancından asılı olmayaraq, qanunda bildirilir ki, birgə nikah dövründə əldə olmuş əmlak üzərində tərəflərin ikidə-bir pay hüququ var. Yaxşı sual belə qoyduq ki, əgər bu əmlak satılarsa, özgəninkiləşdirilərsə, necə olur? Belə olan halda, məhkəmə əmlakın satılma vaxtının hansı vaxta təsadüf etməsi məsələsinə baxır. Yəni, tutaq ki, bir həftə sonra mən mediasiyaya müraciət edəcəm əmlakın bölünməsindən bağlı, indidəndən əmlakı satmışam, yaxud qardaşımın adına, ya qovumlarımın adına, ya dostumun adına özgəninkiləşdirmişəm. Belə olanda, məhkəmə təcrübəsi belə formalaşıb ki, həmin alqı-satqı müqavilələri etibarsız hesab olunur.

Tərəflərdən biri, qeyd olunan alqı-satqı müqaviləsini, bağışlama müqaviləsini və s. məhkəmə qaydasında mübahisələndirərsə, alqı-satqının əmlakın özgəninkiləşdirilməsinin əsas müddəti və eyni zamanda alqı-satqının tərəfləri nəzərə alınır. Yaxın qovumdursa, dostdursa, tanışdırsa və mediasiyadan, yaxud boşanma barədə ərizə yazmamışdan bir ay, ay yarım, maksimum iki ay qabaq satılıbsa, belə olan halda, həmin alqı-satqı müqavilələri etibarsız hesab olunur, əmlak qaydır əvvəlki vəziyyətinə, əmlak üzrəndə paylar müəyyən olunur. Hardasa bir ay, bir ay yarım, iki ay təcrübədə olub.

Yox əgər tərəflərdən biri məhkəmədə avtomobili satıb başqa bir biznesə, əmlaka, avtomobilə yatırmağı əsas gətirərsə, burada da məsələ eyni qaydada həll edilir. Əgər o avtomobili satıb, əmlaka yatıracaqsansa, o əmlaka aytırdığın pulda da yenə qarşı tərəfin payı var. aşqa avtomobil alacaqsansa, o avtomobilə veriləcək pulda da yenə payı var.

Adətən, son zamanlar formalaşmış praktika belədir ki, əmlak özgəninkiləşdirilir, belə əmlak 2-3-5 nəfərə satıla bilir. Bir ayın içində, bu mümkündür. Xüsusən də maşınlarda. Belə olan halda, məhkəmə mütləq əmlakı qiymətləndirir və dəyərini əmlakı satan tərəfdən tələb edir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

Oxunub 258
ŞƏRH YAZ
Ad

E-mail

Şərh