Banner

Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB

Sosial 22 Sentyabr 2026 16:11
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
WhatsApp kanalımıza abunə olun

Məlum olduğu kimi, “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti inşaat işləri başa çatana qədər dayandırılıb. Bu səbəbdən sərnişinlərin, xüsusilə tələbələrin gündəlik gediş-gəlişində müəyyən çətinliklərin yarandığı bildirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə ekspres avtobus marşrutları təşkil olunsa da, paytaxtın bir çox ərazilərində nəqliyyat sıxlığı müşahidə olunur. Yeni tədris ili isə artıq ikinci həftəsinə qədəm qoyub. Tələbələrin universitetlərə vaxtında çatması baxımından yaranan nəqliyyat problemləri isə davamiyyət məsələsini də gündəmə gətirir.

Bəs Bakıdakı ali təhsil müəssisələrində tıxac və nəqliyyat sıxlığı səbəbindən dərsə gecikən tələbələrə güzəşt edilirmi? Yəni onlara qaib yazılmayacaq ki?

Avtosfer.az xəbər verir ki, redaktor.az məsələ ilə bağlı bir sıra universitetlərə sorğu ünvanlayıb.

Azərbaycan Tibb Universitetindən sorğuya cavab olaraq bildirildi ki, universitetdə hələlik belə problem və belə müraciət olmayıb:

“Qeyd etdiyiniz kimi, dərs ili yeni başlayıb. Gələcəkdə belə hallar yaranarsa, onda danışarıq. Hələ ki davamiyyətdə problem yaşanmır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, təhsil və media mütəxəssisi, tədqiqatçı, təhsil idarəetməsi üzrə doktorant Taleh Mirzəyev sorğumuza cavab olaraq bildirildi ki, ADPU-nun Bakı şəhərinin müxtəlif ərazilərində beş tədris kampusu var və sırf “28 May”–“Nizami” xəttinin təsir dairəsinə birbaşa düşən bir əsas tədris kampusudur.

“Digər kampuslar isə təbii ki, bu nəqliyyat sistemindəki dəyişikliklə bağlı dolayı təsir alırlar. Onlar şəhərin fərqli ərazilərindədirlər. Ümumilikdə, dərs başlamamışdan əvvəl də bununla bağlı tələbələrlə preventiv işlər, söhbətlər aparılıb və dərs başladıqdan sonra, hazırda ilk həftə yekunlaşıb, hələ ki tələbələrimizdən bununla bağlı ciddi bir müraciət, ümumi bir narazılıq hiss olunmayıb. Ona görə də standart olaraq dərslərə nəqliyyatda dəyişikliklərlə bağlı gecikmələrlə əlaqədar hər hansı güzəştlər nəzərdə tutulmur. Sadəcə olaraq, ilkin məlumatlandırma tələbələrlə aparılıb və nəticə etibarilə, 1 aydan çoxdur bu xətlər ayrılıb. Demək olar, bütün vətəndaşlarımız kimi, tələbələrimiz, əməkdaşlarımız da artıq işlərini ona uyğunlaşdırıblar. Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində saat 8:30-da həm birinci dərslər başlayır, həm də inzibati heyətin iş saatı başlayır və əməkdaşlar və tələbələr arasında elə çox ciddi bir narahatlıq hiss olunmur”, - deyə universitetin cavabında qeyd olunur.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) cavabında bildirildi ki, gecikmə ilə bağlı hər hansı güzəşt tətbiq olunmur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin isə cavabında qeyd olundu ki, Formula 1 yarışının keçirilməsi, şəhərdə aparılan təmir işləri, eləcə də metroda həyata keçirilən təmir işləri səbəbindən qarşıdakı iki həftə ərzində nəqliyyat hərəkətində müəyyən çətinliklərin yaranması mümkündür.

“Bu səbəbdən və universitetdə aparılan təmir işlərinə görə tələbələrin özlərindən asılı olmayan səbəblərdən dərslərə gecikmələri nəzərə alınacaq. Universitetdə tələbələrin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə giriş-çıxış zamanı sıxlığın qarşısının alınması xüsusi diqqətdə saxlanılacaq. Universitetə gediş-gəliş zamanı mümkün sıxlıqların nəzərə alınaraq tələbələrin yola əvvəlcədən çıxmaları, universitet ərazisində isə pilləkən və keçidlərdə ehtiyatlı olmaları, bir-birlərinə yol vermələri və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur. Qarşıdakı keçid dövrünün daha rahat və təhlükəsiz şəkildə təşkil olunması üçün tələbələrin anlayış və əməkdaşlığının vacib olduğu bildirilir”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qeyd edildi ki, hələ ki bu məsələ ilə bağlı heç bir qərar yoxdur.

Azərbaycan Dillər Universitetindən bildirildi ki, universitetdə dərsə gecikən tələbələrə güzəşt tətbiq olunmur.

Azərbaycan Texniki Universitetindən isə sorğumuza cavab olaraq qeyd edildi ki, universitetdə tələbələrin dərsə kütləvi gecikmə halları müşahidə olunmur:

“Əgər mövcud vəziyyətlə əlaqədar belə hal yaşanarsa, əlbəttə ki, nəzərə alınacaq”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev isə bildirdi ki, univeristetdə 2-ci həftədir ki, dərslər başlayıb və bu dərslərdə tələbələrin iştirak səviyyəsində hər hansı bir problem yaşanmır:

"Düzdür, az sayda gecikənlər var, təbii ki, üzrlü səbəblər olarsa, o dekanlığa, müəllimlərə bildirilir. İmkan olanda, əgər o dərsi əvəzləmək mümkündürsə, tələbəyə fərdi olaraq o dərsi vermək mümkün olursa — müəllimin verdiyi qərardır bu — nəzərə alınır. Amma bütün hallarda tələbə dərsdə iştirak etməlidir. Bizim tələbələrimiz xoşbəxtlikdən məsuliyyətli tələbələrdir. Yollardakı tıxacları, metroda yaranan problemi nəzərə alaraq evdən daha tez çıxırlar və zamanında dərsə çatırlar".

Ölkənin ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Namazova isə təəssüf ki, dəfələrlə etdiyimiz zənglərə və göndərdiyimiz mesajlara cavab vermədi.

Bakı Slavyan Universitetindən də davamiyyət məsələsində güzəştin olub-olmaması ilə bağlı məlumat almaq istəsək də, sualımız cavabsız qaldı.

Oxunub : 136
ŞƏRH YAZ
Ad

E-mail

Şərh