“Mübariz keşikdə”nin yaşıdı...
Səsi eşidilməyənlərin, sorağı gəlməyənlərin axtarışındayam. Bu vaxta kimi tapdıqlarım, yaxud artıq “haqq-hesabı” bu dünyayla bitənlərin, ömürləri nağıllaşanların barələrindəki yazılarla təsəlli tapıram. Telefonumun adını “Səslər dünyası” qoyduğum qovluğunda səsi qalıb özü olmayanlar, bəlkə də çoxumuzun tanıdığı, sözün əsl mənasında, polisin təəssübkeşlərinin, peşəmizin cəfakeşlərinin adları əlifba sırası ilə yazılıb. Həm də qalın kitablara deyil, qalan kitablara yazılanda insan ömrü əbədiyyət qazanır.
Bəzən də keçmişə, ötənlərə boylanmaq “əzab”ına qatlanmaqdan başqa çarəmiz qalmır. Aldığımız hər nəfəs bizi ölümdən bir an, bir addım, bəlkə də bir ömür ayırır...
NBPİ Su Nəqliyyatında Polis İdarəsi rəisinin köməkçisi, polis polkovnik-leytenantı Firdovsi Həsənovun: “Bu gün elə “Mübariz keşikdə” ilə həmyaş olan polis veteranı Nadir Həsənovu axtarmasanız da o, sizi həmişə axtarır, hər cümə axşamı qəzetimizin yeni nömrəsi ilə tanış olur” fikri, düzü, məni yaman tutdu. “Bəs, qəzeti hardan alır” sualıma cavabı isə şirin Tovuz ləhcəsi ilə belə oldu: “Öyün tikilsin, polis ailəsi ola, “Mübariz keşikdə” olmaya?”.
Aradım da, tapdım da. Dedilər ki, televizoru izləyir. “Cənab polkovnik, polis mayoru Təmirov”,- deyəndə gülümsədi və zarafatından da qalmadı: “Təmirov, yoxsa veteran tapmayıb məndən yazmağa gəlmisən. Mənə hələ cavanam”,- dedi. İkimiz də güldük. Nə adını eşitmişdim, nə də ki, üzünü görmüşdüm. O, təqaüdə çıxanda mənim yeddi yaşım vardı...
Əvvəlcədən hazırladığım suallarla onu yormaq istəmədim. Ölkəmizdə, dünyada baş verən hadisələrdən danışıb söhbətin axarını onun ömür yoluna yönəldəndə: “Sözlü adama oxşayırsan, yol gəlibsən, əvvəlcə, bir stəkan çay iç, sonrası Allah kərimdi”.
- Eşitdim ki, gileylənmisiniz, bizləri axtarmırlar demisiniz.
Zəndlə üzümə baxıb: “Ay bala, ömrün bu vədəsindən boylananda sənin yaşında olduğum vaxtlar kinolenti kimi gözlərimin önündən keçir”,-fikri ilə söhbətimizə körpü salan polis veteranı illərin o üzünə boylandı...
85 il əvvəl fevral ayında Goranboyun Qızılhacılı kəndində Bədəl kişinin ailəsində doğulub. Altı uşaq olublar. Uşaqlığı odlu-alovlu müharibə illərinə düşüb. “Kirpiyi ilə od götürən, kişi işinə, qadın işinə qaçan anaların, bacıların, qara kağızı gələn ataların, oğulların ailələrindəki ağrılara, ağılara, eləcə də mətənətə, dözümə şahidlik edib. Orta məktəbi bitirib hərbi xidmətə yollanıb. Ordudan təxris olub qayıtdıqdan sonra sənədlərini daxili işlər orqanlarına verib. Sonra N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinə qəbul olunub. Leytenant rütbəsində təyinatını Ağdaşa veriblər. Yeddi ildən sonra xidmət yerini Ucara dəyişiblər. Ucarda müstəntiq işləyib. 1972-ci ildə Şamaxıya keçiriblər. İşləyə-işləyə Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsində qiyabi təhsil alıb. Şəmkirdə rəis müavini, rəis olub. Şəmkir RPŞ-nin inzibati binası da onun vaxtında cəmi 6 aya tikilib.
Şəmkir kimi böyük və kriminal şəhərdə cinayətkarlıqla qətiyyətli mübarizə aparmaq üçün təcrübəsi, peşəkarlığıyla yanaşı, rayon sakinləri ilə inama, etibara söykənən xoş münasibəti bir çox cinayətlərin açılmasında da mühüm rol oynayıb. Şəmkirdə o zaman kriminal durumun ağırlığını daha qabarıq şəkildə diqqətə çatdırmaq üçün daxili işlər naziri olmuş Cəfər Vəliyevin: “Yevlaxda bir nəfər şübhəlini gətirmək üçün bir polis bəs edir, Şəmkirdə isə bir nəfəri gətirmək üçün on polis bəs etmir” fikrini söhbət əsnasında sitat gətirir dəyərli veteranımız.
Qazandığı uğurlarla, rəhbərlik tərəfindən təqdir olunan xidməti ilə heç zaman qürurlanmayıb, təkəbbürlənməyib. Gənclərə həmişə kömək edib, doğru yol göstərib.
Məlum hadisələrdən sonra ölkə daxilində, eləcə də daxili işlər orqanlarında baş verən neqativ hallara dözməyib və 1988-ci ildə istefa raportunu yazıb.
“Övladlardan necə, yolunuzu davam etdirən varmı” sualımdan sonra təkcə araya yox, bütün evə sükut çökdü. Susdu və gözünü bir nöqtəyə zilləyib handan-hana dilləndi: “Sağ olsun, DİN rəhbərliyi övladlarıma etibar edirlər. Amma... oğlum Natiqə ömür vəfa etmədi...Vaxtsız aramızdan gedən Qazax RPŞ-nin rəisi, polis polkovniki Natiq Həsənovu deyirdi...
Sözün bitdiyi məqam olsa da sükutu özü pozur: “Yazıya pozu yoxdur. Həmin gündən sol tərəfim sözümə baxmır. Yenə də sağ olsunlar, hospitalımızda şərait yaradırlar, diqqət və qayğı göstərirlər. Hə, o biri oğlum İftixar Kəpəz Rayon Polis İdarəsi rəisinin köməkçisidir. Kürəkənlərim də polisdirlər...
İllər öncə “Mübariz keşikdə” də köhnə kişilərdən birinə ünvanlanmış: “Bəs, siz nə düşünürsünüz, yoldaş katib?” sərlövhəli məqalədən olan sualı, əziz oxucularımız, indi sizə ünvanlamaq istəyirəm: “Bəs, siz nə düşünürsüz, 85-in dizini qatlayan bu nər kişiyə:
“Kim ki, yüz il yaşamasa,
Günah onun özündədir”,- deyək, deməyək?..
Hafiz Təmirov,
polis mayoru