Banner

Şəki polisi kollecdə narkomaniya əleyhinə təbliğat aparır - FOTO

Yol polisi 23 Noyabr 2022 17:52 Oxunub 2128
Şəki polisi kollecdə narkomaniya əleyhinə təbliğat aparır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu", "Məişət və gender zorakılığı", "Uşaqlara qarşı zorakılıq" mövzularında təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir.

Növbəti tədbir noyabrın 23-də Şəki Dövlət Regional Kolleci Publik Hüquqi Şəxsində keçirilib. Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun baş inspektoru, polis mayoru Anar Xalıqov, Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Kənan Qurbanov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Şəki Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiyanın məsul katibi, böyük məsləhətçi Anar Məmmədov, Şəki Şəhər Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə baş məsləhətçisi Səbahət Bağırova, kollecin tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov, müəllimlər, eləcə də tələbələr iştirak ediblər.

Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevin çıxışı tələbələr arasında böyük marağa səbəb olub.

Tural Niftalıyev çıxış edərkən bildirib ki, sürücülük çox məsuliyyətli və təhlükəli fəaliyyət növüdür. Belə ki, sürücülük təcrübəsinə yiyələnmədən, sürücülük hüququ olmadan nəqliyyat vasitələrinin idarə edilməsi yol verilməzdir. Sürücülük hüququ olmadan nəqliyyat vasitələrinin idarə edilməsinə eləcədə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan inzibati tənbeh tədbirləri barədə ətraflı məlumat verilib. Sonra, yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu barədə tələbələrə məlumat verən polis baş leytenantı Tural Niftalıyev, öncə bir sıra statistik məlumatları onların nəzərinə çatdırıb. Belə ki, 2022-ci ilin 9 ayında (yanvar-sentyabr) respublika üzrə qeydə alınmış ümumi yol qəzalarının 40,4%-nin (1259 hadisədən 509-u) piyadaların vurulması ilə bağlı olması, nəticədə 251 nəfərin həlak olub, 296 nəfərin isə xəsarət alması, təkcə cari ilin oktyabr ayında respublika üzrə piyadaların iştirakı ilə baş vermiş 83 yol-nəqliyyat hadisəsində 47 nəfərin həlak olub, 45 nəfərin isə xəsarət alması bildirilib.

Tural Niftalıyev onu da xüsusi vurğulayıb ki, təhsil müəssisələrində Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan profilaktiki tədbirlər müsbət nəticə verib. Belə ki, 2022-ci ilin 9 ayında (yanvar-sentyabr) xidməti ərazidə baş vermiş 7 yol-nəqliyyat hadisəsindən 3-ü (42.8%) piyadanın vurulması ilə nəticələnsə də, hər 3 hadisənin piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən baş vermədiyi müəyyən edilib. Lakin, bu nəticənin Şəki Dövlət Yol Polisini arxayınlaşdırmadığı, əldə olunmuş müsbət nəticələrin qorunub saxlanılması üçün təhsil müəssisələrində bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdiriləcəyi qeyd olunub.

Polis baş leytenantı Tural Niftalıyev çıxışı zamanı tələbələrə yol hərəkəti qaydaları barədə bir neçə yoxlayıcı suallar verib. Tələbələr sualların cavablandırılmasında çox böyük fəallıq göstəriblər.

Tədbirin yekununda, Şəki Dövlət Regional Kolleci Publik Hüquqi Şəxsin tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, maarifləndirici tədbirin keçirilməsinə görə, qonaqlara öz minnətdarlığını bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh