Banner

Yollarda ölüm SAYI AZALIB - DYP-dən müsbət DİNAMİKA VƏ XƏBƏRDARLIQ

Yol polisi 8 Yanvar 2025 18:18 Oxunub 204
Yollarda ölüm SAYI AZALIB - DYP-dən müsbət DİNAMİKA VƏ XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"2024-cü il ərzində baş vermiş yol nəqliyyat hadisələrində vəfat edənlərin sayı 2023-cü illə müqayisədə 100 nəfər azalıb".

Avtosfer.az xəbər verir ki, bunu Oxu.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev deyib.

O bildirib ki, yol hərəkəti təhlükəsizliyinə dair aparılmış təbliğat işləri hərəkət iştirakçıları tərəfindən həm yüksək qiymətləndirilib, həm də bir çox çağırışlara əməl edilib:

"Bu, bizim üçün qürurverici haldır. Görünür, hər bir yol hərəkəti iştirakçısının həyat və sağlamlığının bizim üçün ən vacib məsələ olduğunu ictimaiyyətə düzgün formada çatdıra bilmişik. Sözügedən halla bağlı statistikada müsbət dinamika yaradan digər amil isə ölkənin avtomobil parkının mərhələli şəkildə yenilənməsidir. Əvvəllər istehsal ili köhnə, təhlükəsizlik tələblərinə cavab verməyən avtomobilləri yollarda daha çox görürdük. İndi avtomobil parkının yenilənməsinə dair dövlətimiz tərəfindən atılmış bir çox addımlar öz müsbət nəticəsini göstərir. Bir başqa hal isə artıq hər bir sürücünün yolda etdiyi ən xırda bir səhvin hansı nəticələrə gətirib çıxara biləcəyini qabaqcadan görməsi və sükan arxasında diqqətini, məsuliyyətini daha da artırmasıdır. Səbəblər çox olsa da, bunlar əsas amillərdəndir".

Rövşən Tağıyev deyib ki, yol-nəqliyyat hadisələrində ağırlıq dərəcəsi çox olan və ölümlə nəticələnən qayda pozuntuları sırasında daha çox sürət həddinin aşılması və ötmə qaydalarının pozulmasıdır:

"Ancaq əlbəttə ki, ötən illərdə olduğu kimi 2024-cü il ərzində də piyadavurma halları ölümlə nəticələnən qəzaların 50 faizə yaxınını təşkil edir. Aparılmış təbliğat işləri nəticəsində bir çox sürücülərin yollarda qarşılaşa biləcəkləri təhlükələr barədə düşüncələrini dəyişdirməyə və məsuliyyətlərini artırmağa nail ola bilmişiksə də, piyadalarla bağlı, təəssüf ki, bunu deyə bilmirəm. Çünki hələ də işiqforun qırmızı işığında keçən, sağa-sola baxmadan magistral yolu qaçaraq keçməyə çalışan və nəticədə ağır qəzaya səbəb olan piyadalar ölkəmizdə çoxluq təşkil edirlər".

"Ötən il üçün ölümlü qəzaların və ölümlərin sayının azalması müsbət dinamika hesab edilə bilər, ancaq DYP olaraq bu bizim arzuladığımız və barışacağımız rəqəmlər deyil. Çünki biz yollarda 1 ölüm hadisəsini belə, çox hesab edirik və yollarda ölüm hadisələrinin olmaması üçün gecə-gündüz çalışırıq. Ancaq burada ən əsas iş sürücü və piyadaların üzərinə düşür. Hərəkət iştirakçıları olaraq bizlər qaydalara riayət etsək, o zaman nə həyat və sağlamlığımıza zərər gələr, nə də kiminsə həyat və sağlamlığına zərər yetirərik", - deyə o sonda qeyd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh