Avtomobil bazarında son vəziyyət: Ölüm saçan avtomobillərdən canımızı necə qurtaraq?

Avtobazar 22 Noyabr 2019 12:45 Oxunub 1537
Avtomobil bazarında son vəziyyət:   Ölüm saçan avtomobillərdən canımızı necə qurtaraq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: “Azərbaycana avtomobil idxalı son aylarda artıb”

Son aylar Azərbaycanın avtomobil bazarında yenilik və canlanma müşahidə edilsə də, gömrük rüsumlarının yüksək olması fonunda qiymətlərin bahalığı alıcı qıtlığı , eləcə də durğunluq yaradır.  Belə olan halda isə ölkənin avtomobil bazarının inkişafı ləngiyir. Ümumilikdə isə mövcud problem ölkə iqtisadiyyatına təsirsiz ötüşmür. Artıq yeni ilin astanasında olduğumuzu nəzərə alsaq , 2020 –ci ildə ölkəin avtomobil bazarında hansı dəyişikliklərin baş verəcəyi hər birimizə maraqlıdır. Odur ki, mövzunun aktuallığını nəzərə alıb, yeni il ərəfəsində Azərbaycanın avtomobil bazarında real vəziyyəti öyrənməyə çalışdıq.  

Mövzu ilə əlaqədar Avtosfer.az saytının baş redaktoru, yol nəqliyyatı eksperti  Elməddin Muradlı konkret.az-a açıqlamasında bildirib ki, avtomobil bazarında qiymətlər ilin sonuna yaxın hər zaman bahalaşır: “Bahalaşma ilin əvvəlində də gözlənilir. Çünki Azərbaycanda dövlət proqramı qəbul olunub və köhnə, istismar müddətini başa vuran avtomobillərin çıxdaş edilməsi gündəmdədir. Bəzi vətəndaşlar bundan istifadə edərək gözləmə mövqeyi seçirlər və dövlətin köhnə avtomobillərə görə ödəniş edəcəyini düşünürlər. Hansı ki, bu cür avtomobillərin “metallom” qiyməti heç 100 manatı keçmir. Bəziləri isə öz məsuliyyətini dərk edərək , nisbətən yeni və qaydalara uyğun olan ikinci-üçüncü əl avtomobillər almağa üstünlük verirlər. Bütün bunlar avtomobil bazarında bir yenilik və canlanma olduğunu deməyə əsas verir. Bu canlanma xüsusən hibrid avtomobillərin çoxalması fonunda özünü göstərir”.  

Elməddin Muradlının sözlərinə görə, avtomobil bazarının müəyyən problemləri də mövcuddur:“Belə ki, dəllallar avtomobil almaq istəyən şəxslərin sayının artmasından istifadə edərək qiymətləri qaldırırlar. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Təəssüflər olsun ki, hər kəs bazara öz şəxsi əmlakını çıxarır deyə, burada dövlət nəzarətini həyata keçirmək, yaxud inzibati üsullara əl atmaq mümkün olmur. Buna görə də, bazar dəllalların ümidinə qalıb. Ancaq ümumilikdə hesab edirəm ki, Azərbaycana avtomobil idxalı son aylarda artıb. Bu artım köhnə avtomobillərə qadağa qoyulacağı məsələsi gündəmə gələndən sonra müşahidə edilir”.

Ekspert əlavə edib ki, biz ekoloji cəhətdən təmiz olan avtomobillərin idxalına üstünlük verməliyik:”Bunun üçün gömrük rüsumları azaldılmalıdır. Gələn ildən elektromobillər üçün gömrük rüsumları sıfıra endiriləcək. Lakin hibrid avtomobillər üçün hələlik heç bir güzəşt tətbiq olunmayıb. Bu avtomobil bazarının inkişafına mənfi təsir göstərən amildir”.

Elməddin Muradlı bildirib ki, qonşu Gürcüstanda, İranda hibrid avtomobillərə 50-60 faiz güzəşt tətbiq olunur: “Yəni biz benzinlə işləyən hansısa bir avtomobil modelini ölkəyə gətirsək 10 min azn rüsum ödəməli oluruqsa, hibrid matorda bu məbləğ 4-5 min manat civarınadək aşağı düşür. Ona görə də,  adıçəkilən ölkələrdə insanlar ətraf mühiti çirkləndirməmək üçün hibrid avtomobillərə maraq göstərirlər. Müqayisə üçün deyim ki, Tayota “Rav4”  hibrid avtomobili Gürcüstanda 23 min dollara satılırsa, Azərbaycanda bu rəqəm 35 min dollara qalxır. Hesab edirəm ki, bu qədər fərqin olması, ölkənin avtomobil bazarının inkişafına mənfi təsir göstərir. Ona gösrə də, Azərbaycanda avtomobillər üçün tətbiq olunan gömrük rüsumları 2017-ci il səviyyəsinə qaytarılmalıdır. Bununla biz köhnə və ölüm saçan avtomobillərdən canımızı qurtararıq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh