Azərbaycanda avtomobil istehsalı ancaq çirkli pulların yuyulmasına xidmət edəcək - ŞOK

Avtobazar 28 Dekabr 2020 12:35 Oxunub 1688
Azərbaycanda avtomobil istehsalı ancaq çirkli pulların yuyulmasına xidmət edəcək - ŞOK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Əgər onun təkərini, kapotunu qıraqdan gətirib sadəcə burada yığacaqlarsa, bu, istehsal demək deyil"

"Azərmaş" ASC gələn il "Khazar" brendi altında pikap tipli avtomobillərin iki modelinin istehsalına başlayacaq. Bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. Onun sözlərinə görə, bu avtomobillərin istehsalına gələn ilin yarısınadək başlanılacağı nəzərdə tutulur: "Ümumiyyətlə, müəssisənin istehsal prosesinə dair cari ilə bir çox planlar var idi. Lakin pandemiya səbəbindən onlar gələn ilə təxirə salındı. Planlara "Khazar" brendi altında premium sinfinə aid modellərin istehsal həcminin artırılması daxil idi ki, biz buna gələn il nail olmaq niyyətindəyik". ASC-nin rəhbəri əlavə edib ki, ümumilikdə, "Khazar" avtomobilləri üzrə builki istehsal həcmi təqribən ötən ilin göstəricisinə çatıb: "Cari ildə 1 800-dən çox avtomobil istehsal olunub, ötən il isə bu rəqəm 2 000-ə yaxın idi".

Nəqliyyat eksperti İlqar Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, əgər Azərbaycanda yeni istehsal olunacaq pikap tipli avtomobillər ənənəvi yanacaqla hərəkət edəcəksə, onun heç bir iqtisadi səmərəsi olmayacaq:

"Bu avtomobillər benzin və yaxud da ki, dizel yanacağıyla işləyəcəksə, o zaman həmin nəqliyyat vasitələri elə bir ciddi iqtisadi təsirlər yaratmayacaq. Deyək ki, bir tərəfdən istehsal olunacaq, digər tərəfdən ona bənzər daha keyfiyyətli nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi zamanı çox ciddi dövlət gömrük rüsumları tətbiq ediləcək. Yəni avtomobil istehsalı bir tərəfdən bizim üçün yeni imkanlar yaradır, amma digər tərəfdən bizim imkanlarımızı məhdudlaşdırır. Təsəvvür edin ki, Azərbaycanda 3-4 dənə detalı alır və Şamaxıda, ya deyək ki, Nefçalada istehsal edir. Amma onlar detalı bütün xaricdən alırlar. Sadəcə olaraq burada zavod yığımı ilə məşğul olurlar. İki-üç dənə detalı birləşdirib maşın istehsal edirlər. Təbii ki, onlara tələb çox da böyük deyil. Onu götürüb neynirlər? Korrupsiya edirlər. İcra Hakimiyyəti strukturlarına, ora-bura xidməti maşınlara böyük vəsaitlərlə sənədləşdirib satırlar”.

Nəqliyyat eksperti əlavə edib ki, bunun sayəsində xaricdən gətirilən avtomobillərə çox böyük gömrük rüsumları tətbiq edilir: 

"Nəticədə nə olur? Sahibkar xaricdən normal nəqliyyat vasitəsi gətirə bilmir. Texniki göstəricilərə cavab verən keyfiyyətli maşınları ölkəyə idxal edə bilmir. Fərz edək ki, Azərbaycan çox müasir standartlara cavab verən və texniki cəhətdən etibarlı avtomobil nəqliyyat vasitəsi istehsal edərsə, qiyməti də kifayət qədər xarici bazarda olan avtomobillərin qiyməti ilə bizə ucuz qiymətə təklif edərsə, onda təbii ki, bunun iqtisadi cəhətdən hərəkətli göstəricilərinin səmərəliliyi ola bilər. Bilirsiniz ki, dünya artıq tamam fərqli sistemə - elektrik və hibrid sistemli avtomobillərə keçir, onlara adaptasiya olunur. Elə ölkələr var ki, 2022-ci ildən konkret olaraq nə dizellə, nə də benzinlə işləyən avtomobilləri istehsal etməyəcək. Burada biz sanki bir labirintə düşürük. AzSamandı Şamaxı buraxdı. Onun istehsalı başlayan kimi xaricdən gələn avtomobillərə biz də böyük gömrük rüsumu tətbiq olunmağa başlandı. Məsələn, belə izah edim. Apteklərimiz əvvəllər tibbi maskaları 3 qəpiyə satırdısa, biraz tələb təklifi üstələyəndən sonra neylədilər? Azərbaycanda gətirdilər fabrik quraşdırdılar və tibbi maskaların istehsalına başlandı. İndi apteklərdə onun qiyməti 20 qəpikdən aşağı deyil. Əgər onun istehsalı daxili bazara diktə eləyəcəksə, daxili bazarda bir monopoliya sistemi qurulmağa xidmət edəcəksə, bu avtomobilin heç istehsalına ehtiyac da yoxdur. Əgər onun təkərinin, kapotunun qıraqdan gətirib sadəcə burada yığacaqlarsa, bu istehsal demək deyil. Yəni suallar çoxdur burada.

Məsələn, bir neçə il bundan öncə sementi Ukraynadan çox ucuz qiymətə gətirirdik. Qaradağ Sement Zavodu işə düşən kimi burada daxili bazarda istehsalı monopollaşdı və idxal axının qabağını aldılar. Yəni nəticədə bahalaşma oldu. Yaxud da İmişlidə şəkər zavodunu qurdular, bazara çıxan kimi şəkər tozunun qiymətində kifayət qədər artım müşahidə olundu. Yəni iqtisadi səmərəlilik əslində nədir? Əgər tutaq ki, Türkiyədən gələn pikaplarla müqayisədə mən onu 50 faiz ucuz ala biləcəmsə, hə o zaman onun iqtisadi cəhətdən səmərəsi var. Əgər onu ucuz alacamsa, təbii ki, burada keyfiyyət də önəmlidir. Bir dəfə AzSamandla gedəndə maşının arxa şüşəsi biraz çökəyə düşən ki, yerindən çıxıb asfaltın üstünə düşmüşdü. Bu AzSamand mənim nəyimə xeyirdir ki? Bilirsiniz bunlar hamısı bir-birindən zəncirlə bağlı məsələlərdir. İqtisadiyyatda istehsal çox önəmlidir. İstehsal prosesini tənzimləmək, yeni modellərin tətbiqi, yeni istehsal xidmətlərinin qurulması əhəmiyyətlidir. Məsələn, dərman bazarlarında və s. Adi kolqotkanı istehsal edə bilməyən Azərbaycan bu günləri gəlib zavodda maşın buraxır. Nədir ki, İrandan üç detal alıb birləşdirib, deyəcək ki, zavodum var. Bu düzgün deyil. Sirabı istehsal eləməkdən əvvəl butulkanı istehsal etmək lazımdır, butulka və qapağı istehsal edə bilməyən bir ölkə durub Sirabı Naxçıvandan gətirib camaata bir manata satır. Bir manata su olar? Belə problemlərimiz var. Yəni o bizə heç bir iqtisadi səmərə verməyəcək. Sadəcə olaraq, çirkli pulların yuyulmasına xidmət edəcək. Dövlət büdcəsindən ayrılmış vəsaiti 5 dəfə şişirdib həmin nəqliyyat vasitələrinin alınmasına yönəldəcəklər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh