Maşın bazarında SON DURUM: “Avtomobil az, alıcı yox” – Ucuzlaşır?

Avtobazar 24 Mart 2020 20:45 Oxunub 3176
Maşın bazarında SON DURUM: “Avtomobil az, alıcı yox”                      – Ucuzlaşır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Qiymət artımı tələbat olanda daha çox müşahidə olunur. Gərək alıcı kütləsi olsun ki, qiymət də qalxsın”

“Bazarda isə maşını alan və satan demək olar ki, alverçilərin özləri idi”

Son zamanlar bütün dünyanın gündəmini zəbt edən koronavirus müxtəlif sektorlara təsirsiz ötüşmür. Pandemiya maşın bazarında da özünü göstərib.

Bazarda alıcıları görmək qeyri-mümkündür. Belə olan halda bazardakı son durum, avtomobillərin qiyməti, hansısa markalarının bahalaşması və ya ucuzlaşmasına dair suallar yaranır.

Maşın bazarındakı son durumla bağlı "Sherg.az"a danışan "Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırda avtomobil bazarı durğunluq müaşhidə olunan sektordur.

Ekspertin sözlərinə görə, demək olar ki,həftə sonu avtomobil bazarına əvvəlki günlərə nisbətən 50 faiz az maşın çıxarılıb:

"Bunun özü  bazarda durğunluq olduğunu göstərir. Alıcı kütləsi də azdır. Çünki  zərurət olmadan heç kəs evdən çıxmaq istəmir. Bazarda maşını alan və satan demək olar ki, alverçilərin özləri idi. Satıcıların bazara çıxmalarında səbəb odur ki, onlar yeni avtomobil satan varsa, onu ucuz qiymətə almaq istəyirlər. Vəziyyət düzəldəndən sonra da baha qiymətə satmağı düşünürlər. Ümumilikdə isə hazırda dünya iqtisadiyyatında müəyyən dəyişikliklər baş verir. Avtomobil sənayesi də iqtisadiyyatın tərkib hissəsidir. Müəyyən istehsalat prosesi, detalların başqa ölkələrə göndərilməsi və.s hallar səngiyir. Çünki ölkələr arasında sərhədlər bağlanır, gediş-gəliş yoxdur. Yüklərin karqo ilə daşınması belə məhdudlaşdırılıb. Bəzi ölkələrdə vətəndaşların gediş-gəlişi bağlansa da, yüklərin daşınmasına qadağa qoyulmayıb. Bir çox ölkələrdə isə ümumiyyətlə, hərtərəfli məhdudiyyət tətbiq edilib. Ona görə də bütün bunlar maşın bazarına  təsir edib". 

E.Muradlı bildirib ki, hələlik qiymət artımından söhbət gedə bilməz:

"Çünki qiymət artımı tələbat olanda daha çox müşahidə olunur. Gərək alıcı kütləsi olsun ki, qiymət də qalxsın. Hazırda insanlar daha çox internet üzərindən alqı-satqı etməyə üstünlük verirlər. Saytlarda daha çox elanlar yerləşir. Bir müddət sonra pandemiyanın maşın bazarına nəticəsi barədə fikir söyləmək olar. Hələlik hansısa dəyişiklik yoxdur. Çünki bizdə məhdudiyyətlər təxminən 2-3 həftədir ki tətbiq olunur. Ona görə də hələ ki elə bir sıxıntı yoxdur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh